Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-214/2022 07.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 dekabr 2013-cü il tarixli, 577/61/2013 saylı X2 Müqaviləsi üzrə yaranmış 71.912,47 manat əsas borcun, 72.648,26 manat hesablanmış faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 144.590,73 manat pul vəsaitinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, 1 ədəd KOMATSU PC34ONLC- 7EO markalı tırtıllı ekskovatorun Cavabdeh1 işlək vəziyyətdə alınaraq Beynəlxalq Lizinq QSC-ə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı “X3” QSC ) ilə Lizinq alan Cavabdeh1 arasında bağlanılmış 09 dekabr 2013-cü il tarixli, 577/61/2013 saylı X2 Müqaviləsinə əsasən, 1 ədəd KOMATSU PC34ONLC-7EO markalı tırtıllı ekskovator Cavabdeh1 lizinqə təhvil verilmiş və Cavabdeh1 lizinq müqaviləsi üzrə lizinq haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Lizinq verən İddiaçı QSC müqavilə üzrə ödəliklərini tam icra etsə də Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini tam icra etmir və bundan qərəzli olaraq boyun qaçırır. (sonuncu ödəniş 2.500 manat olmaqla cavabdeh tərəfindən 26.12.2019-cu il tarixdə edilib). Həmçinin, 577 saylı, 09 dekabr 2013-cü il tarixli Zaminlik Müqaviləsi üzrə digər Cavabdeh2 lizinq müqaviləsi üzrə borcların ödənilməsi üçün Cavabdeh1 zamini qismində birgə məsuliyyət daşıdığına dair öhdəlik götürmüşdür. Lizinq müqaviləsi üzrə yaranmış lizinq borcunun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə şifahi müraciətlər edilmiş, müvafiq Pretenziya göndərilmişdir. Lakin cavabdehlər borcun müəyyən hissəsini ödəsələr də qalıq borcu hələ də ödəmirlər və dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyektini geri qaytarmırlar. Cavabdehlərin 22 iyun 2021-ci il tarixədək 09.12.2013-cü il tarixli, 577/61/2013 saylı X2 Müqaviləsi üzrə yaranmış əsas borcu 71.912,47 manat, faiz borcu 72.648,26 manat, ümumilikdə borcu 144.560,73 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı “X3” QSC ) ilə Cavabdeh1 arasında 09 dekabr 2013-cü il tarixdə Lizinq müqaviləsi bağlanmış və 1 ədəd KOMATSU PC34ONLC-7EO markalı tırtıllı ekskovator 16.12.2013-cü il tarixdə təhvil-təslim aktına əsasən Cavabdeh1 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Maliyyə arayışından görünür ki, Cavabdeh1 Lizinq müqaviləsi 3 il (36 ay) müddətinə bağlanmış və sonuncu ödəniş günü 16.12.2016-cı il tarixi müəyyən edilmişdir. Bundan başqa eyni arayışdan görünür ki, Cavabdeh1 25.05.2016-cı il tarixdə 1500 manat məbləğində ödəniş etdikdən sonra növbəti ödənişi 10.12.2019-cu il tarixdə 2500 manat məbləğində ödəniş təşkil edir. Məhkəmə iclasından iştirak edən Cavabdeh1 işin qeyd olunan halını mübahisələndirərək, 10.12.2019-cu il tarixdə edilən ödənişin onun tərəfindən deyil, iddiaçının özü tərəfindən edildiyini bildirərək qeyd olunan halı iddia müddətinin keçməməsi üçün iddiaçı tərəfindən edilməsi ilə izah edərək, iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Qeyd olunan halla bağlı məhkəmə aşağıdakalıları qeyd etməyi zəruri hesab edir. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi;öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, işin müəyyən olunmuş və mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti 16.12.2016-cı il tarixdə bitmişdir. Sonuncu ödəniş isə 10.12.2019-cu il tarixdə 2500 manat məbləğində edilmişdir. Göründüyü kimi, qeyd edilən intervalda iddia müddəti ötməmişdir. Ancaq cavabdeh 10.12.2019-cu il tarixdə edilmiş ödənişin onun tərəfindən deyil, iddiaçı tərəfindən iddia müddətinin keçməməsi üçün edildiyini bildirir. Məhkəmə Cavabdeh1 qeyd edilən dəliini əsassız hesab edir. Belə ki, o qeyd edilən halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa da qeyd edilməlidir ki, müəyyən dövri ödənişlərin (kredit, lizinq və s.) məhz borclu şəxsin özü tərəfindən ödənilməli olmasına dair nə qanunvericlikdə imperativ norma, nə də müqavilədə tərəflərin belə bir öhdəliyi müəyyən edilməmişdir. Qeyd edilən ödənişlərin istənilən şəxs tərəfindən edilməsi imkanı mövcuddur. Həmçinin cavabdehin qeyd edilən dəlilinin doğru olması belə fərz edilsə məhz nəyə görə lizinq təşkilatı tərəfindən belə yüksək məbləğin (2500 manat) ödənilməsi halını cavabdeh izah bilməmişdir. Belə olan halda cavabdehin qeyd edilən dəlili əsassız olmaqla, cavabdehin borcu müəyyən edilməlidir. İş materiallarında olan 22.12.2021-ci il tarixli Ekspert Rəyindən görünür ki, 09 dekabr 2013-cü il tarixli Lizinq müqaviləsi üzrə cavabdehin müqavilənin müddətinin bitdiyi tarixə 73.430,41 manat əsas borc, 9063,97 manat isə mükafat borcu vardır. Qeyd edilənlərə və iddiaçının iddia tələbində 71.912,47 manat əsas borcun tələb edilməsinə istinad edərək məhkəmə hesab edir ki, iddia borcun yəni, 71.912,47 manat əsas borcun və 9063,97 manat mükafat borcunun Cavabdeh1 tutulması hissəsində, eyni zamanda lizinq müqaviləsi üzrə verilmiş 1 ədəd KOMATSU PC34ONLC-7EO markalı tırtıllı ekskovatorun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın borc məbləğinin Cavabdeh2 tələb edilməsi ilə bağl aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilməlidir ki, iddia ərizəsinin məzmununda zaminlik müqaviləsinə istinad edilsə də, 577 saylı, 09 dekabr 2013-cü il tarixli Zaminlik Müqaviləsi iş materiallarına əlavə edilməmişdir. Hətta adı çəkilən müqavilə işdə olsa belə, müqavilənin müddətinin 16.12.2016-cı il tarixdə bitməsini nəzərə alaraq ona qarşı ola biləcək iddialar 16.12.2017-ci il tarixinədək irəli sürlüməli idi. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Belə olan halda Cavabdeh2 münasibətdə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaitinin 130 manat məbləğində hissəsi Cavabdeh1, 20 manat məbləğində hissəsi İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 71.912,47 manat əsas borc üzrə, 9.063,97 manat mükafat borcu olmaqla cəmi 80.976 (səksən min doqquz yüz yetmiş altı) 44 (qırx dörd) qəpik məbləğində pul Cavabdeh1 tutularaq "Beynəlxalq Lizinq” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. 1 Ədəd Komatsu PC340NLC-7EO markalı tırtıllı ekskovator işlək vəziyyətdə Cavabdeh1 alınaraq "Beynəlxalq Lizinq” Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh1 tutularaq "Beynəlxalq Lizinq” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaitinin 130 manat məbləğində hissəsi Cavabdeh1, 20 manat məbləğində hissəsi İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-214/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-214/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver