Məhkəmə qərarları › İş №e-2-2(113)-2140/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2140/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2140/2021 09.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Məmmədov llham Salam oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc olaraq 10.000 manat və əldən çıxmış mənfəətə görə ümumi məbləğin 7% həcmində - 700 manat məbləğində pulun, cəmi 10.700 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19.10.2018-ci il tarixdə xidməti müqavilə bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinə icazənin (lisenziyanın) alınması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən sifarişçi İddiaçı MMC göstəriləcək xidmətlərin ödəniş haqqını öncədən ödəmişdir. Lakin Cavabdeh MMC müqavilədə razılaşdırılmış xidmətləri yerinə yetirməmişdir. Bununla da Cavabdeh MMC İddiaçı MMCyə ödənilmiş 10.000 manat məbləğində pulu geri qaytarmalıdır. Müqavilənin 1.2.3-cü bəndində göstərilmışdir ki, icraçı müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi “lisenziyanı” 38 iş gününə təhvil verməlidir. İşə əlavə olunmuş 19 oktyabr 2018-ci il tarixli, 713651 nömrəli mədaxil qəbzindən 2200 manat və 24 oktyabr 2018- ci il tarixli 713652 nömrəli mədaxil qəbzindən 7800 manat icraçıya ödənildiyi görünür. Cavabdehə yazılı xəbərdarlıqla qalan borcu ödəmələri barədə müraciət etmişlər. Lakin cavabdeh borcu hələ də ödəməmişdir. Cavabdehin İddiaçı MMC-yə olan əsas borcu 10.000 manat və əldən çıxmış mənfəətə görə ümumi məbləğin 7% həcmində, 700 manat borcu yaranmışdır. Beləliklə, cavabdehin İddiaçı MMC-yə olan borcun cəmi 10.700 manat təşkil edir. Sonradan iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılanadək Cavabdeh MMC–yə məxsus bank hesablarının müəyyən edilməsi və bank hesablarının üzərinə iddia tələbi həcmində həbs (ümumilikdə 10.700 manat məbləğində) qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-nin bank hesablarında olan pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan iddia tələbi həcmində, yəni 10.700 manat həcmində həbs qoyulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (icraçı) ilə İddiaçı MMC (sifarişçi) arasında 19 oktyabr 2018-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinə icazənin (lisenziyanın) alınmasını, İddiaçı MMC isə həmin xidmətə görə ödəniş haqqını nağd qaydada öncədən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1-ci bəndinə görə müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi lisenziyanı 38 iş gününə təhvil vermək icraçının vəzifələrinə aid edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən lisenziya almaq xidmətlərinin göstərilməsinə görə xidmət haqqı 10.000 manat təşkil edir. Bu məbləği sifarişçi öncədən ödəməlidir. Müqavilə hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. - Cavabdeh MMC tərəfindən təqdim edilmiş 19.10.2018-ci il tarixli ƏİA/2 seriyalı 713651 saylı mədaxil qəbzi ilə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən xidmətin göstərilməsinə görə 2.200 manat ödənilmişdir. - Cavabdeh MMC tərəfindən təqdim edilmiş 24.10.2018-ci il tarixli ƏİA/2 seriyalı 713652 saylı mədaxil qəbzi ilə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən xidmətin göstərilməsinə görə 7.800 manat ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19 oktyabr 2018-ci il tarixli xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən cavabdeh tərəfindən göstəriləcək xidmətlərin ödəniş haqqını öncədən ödəmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 447.7-ci maddəsinə görə müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Belə olan halda məhkəmə iddiaçının mübahisəli müqaviləyə əsasən göstəriləcək xidmətlərə görə cavabdehə 10.000 manat məbləğində pul ödədiyini, lakin öhdəliyin icrası müddətindən 2 ildən artıq müddət keçməsinə baxmayaraq cavab icrasını almadığını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi ilə əlaqədar müqavilədən imtina etməklə yanaşı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş real zərərin əvəzi qismində 10.000 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. İddianın ümumi borc məbləğinin 7%-i -700 manat məbləğində faizlərinin tutulması tələbinə dair hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin qaytarmaqdan boyun qaçırdığı pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsas müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10.000 (on min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar