Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2145/2022 06.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi ilə, İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.877,1 (on min səkkiz yüz yetmiş yeddi manat on qəpik) manat məbləğində əsas borcun, 6.092,06 (altı min doxsan iki manat altı qəpik) manat cərimə məbləğinin və ilkin mediasiya prosesi üçün ödənilmiş 200 manat pulun Cavabdeh tutularaq Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Holcim (Azərbaycan) ASC arasında alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş məhsullar cavabdehə göndərilmişdir. Lakin, cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmişdir. 10.877,1 manat indiyədək ödənilməmiş qalmışdır. 31.03.2021-ci il tarixli üzləşmə aktında cavabdeh iddiaçıya 10.877,1 manat borcunun olduğunu təsdiq etmişdir. Cavabdehlə 05.01.2021-ci il tarixində bağlanmış O000881186 saylı alqı-satqı müqaviləsinin 8.2-ci maddəsinə əsasən, Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə indiki tarixədək yaranmış cərimə məbləği 6.092,06 manat təşkil edir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuş halları ondan ibarətdir ki, Holcim (Azərbaycan) ASC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 05.01.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə Holcim (Azərbaycan) ASC məhsulları satmağı, Cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə hər iki tərəfin imzası və Holcim (Azərbaycan) ASC-nin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı maddələr nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, iş materiallarında olan 31.03.2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh həmin tarixə 10.877,11 manat Holcim (Azərbaycan) ASC-yə borcunun olduğunu etiraf etmişdir. Qeyd olunan üzləşmə aktı hər iki tərəfin imzası və Holcim (Azərbaycan) ASC-nin möhürü ilə təsdiq edilmişdir. Həmçinin də qeyd edilməlidir ki, 31.03.2021-ci il tarixdən sonra etiraf etmiş olduğu alqı-satqı münasibətlərindən yaranmış borc məbləğinin ödənilməsi barədə hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Ona görə də, iddia əsas borcun yəni, 10.877,1 manat borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 10.877,1 manat məbləğində əsas borcuna münasibətdə 800 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan 23.02.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və Holcim (Azərbaycan) ASC tərəfindən 200 manat məbləğində pul öddənilmişdir. Belə olan halda, 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 10.877,1 manat, cərimə borcu üzrə 800 manat olmaqla, cəmi 11.677 (on bir min altı yüz yetmiş yeddi) manat, 10 (on) qəpik məbləğində pul Cavabdeh tutularaq “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2145/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2145/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver