Məhkəmə qərarları › İş №e-2-2(113)-2151/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2151/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2151/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər X5 və Zamin qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər X5 və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8512,14 (səkkiz min beş yüz on iki manat on dörd qəpik) manat məbləğində borcun, həmçinin, 30,00 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin, cəmi 8 542,14 (səkkiz min beş yüz qırx iki manat on dörd qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nə və Zamin ilə bağlanmış zaminlik müqaviləsinə əsasən, İddiaçı MMC (bundan sonra: “AŞİB”) Kürdəmir rayonu, Muğanlı kəndində yerləşən cavabdeh (bundan sonra “İstehsalçı/Əkinçi”) tərəfindən icarəyə götürülmüş 20 ha (iyirmi hektar) torpaq sahəsində şəkər çuğunduru istehsalını stimullaşdırmaq məqsədilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər madditexniki vasitələrlə təchiz etməyi, Cavabdeh yəni - İstehsalçı/Əkinçi isə şəkər çuğunduru əkəcəyiniz sahədən hər bir hektar üzrə orta hesabla 40 (qırx) tondan az olmayaraq məhsul əldə etməyi və əldə olunan məhsulu “AŞİB”-ə təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında Müqaviləyə şəkər çuğunduru istehsalının, təhvilinin və alışının xüsusi şərtlərini müəyyənləşdirən 1 saylı Əlavə imzalanmışdır. Əlavədə təhvil alınmalı kənd təsərrüfatı məhsulu olan şəkər çuğundurunun çəkisi və şəkərlilik dərəcəsi, ümumi itki faizi, daşınma və təhvil şərtləri, alış qiyməti və digər şərtlər qarşılıqlı olaraq razılaşdırılmışdır. İddiaçı ilə Cavabdeh arasında Müqaviləyə 2 saylı Əlavə (“əkin dövriyyəsində olan yazlıq şəkər çuğundurunun yetişdirilməsi və zavoda təhvil verilməsi üzrə texnoloji xəritə”) imzalanmışdır. Əlavədə əkin sahələrində həyata keçirilməli olan aqrotexniki işlərin siyahısı və qiymətləri qarşılıqlı olaraq razılaşdırılmışdır. Müqavilənin icrasını təmin etmək məqsədilə tərəfimizdən Cavabdeh 8512,14 (səkkiz min beş yüz on iki manat on dörd qəpik) manat dəyərində gübrə və toxum verilmiş, aqrotexniki xidmətlər həyata keçirilmiş, ümumilikdə, müqavilənin icrası üçün 8512,14 (səkkiz min beş yüz on iki manat on dörd qəpik) manat məbləğində maddi vəsait xərclənmişdir. İddiaçı ilə Cavabdeh və Zamin arasında imzalanmış 27.11.2018-ci il tarixli Zaminlik müqaviləsinə əsasən, Zamin, Cavabdeh ilə İddiaçı arasında bağlanmış Müqavilə əsasında Cavabdeh öhdəliklərinin tamamilə icra edilməsini öz öhdəsinə götürmüşdür. Buna müvafiq olaraq Cavabdeh və ya zamini tərəfindən tərəfindən Cəmiyyətimizə şəkər çuğunduru təhvil verilməmiş, heç bir nəğd ödəniş olmamışdır. Bununla bağlı Cavabdeh və Zamin REF- 183/2020 saylı, 04.11.2020-ci il tarixli “yaranmış borc vəsaitinin geri ödənilməsi” tələbi ilə bağlı pretenziya məktubu ünvanlayaraq borclu olduğu 8512,14 (səkkiz min beş yüz on iki manat on dörd qəpik) manat məbləğində pul vəsaitinin geri ödənilməsi tələb olunsa da, bugünə qədər cavabdeh və ya zamini tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı MMC-nin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqaviləsi”nin surətindən görünür ki, İddiaçı MMC Kürdəmir rayonu, Muğanlı kəndində yerləşən Cavabdeh tərəfindən icarəyə götürülmüş 20 ha (iyirmi hektar) torpaq sahəsində şəkər çuğunduru istehsalını stimullaşdırmaq məqsədilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, Cavabdeh isə şəkər çuğunduru əkilən sahədən hər bir hektar üzrə orta hesabla 40 (qırx) tondan az olmayaraq məhsul əldə etməyi və əldə olunan məhsulu “AŞİB”-ə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh və Zamin arasında imzalanmış 27.11.2018-ci il tarixli Zaminlik müqaviləsinin surətindən görünür ki, Zamin, Cavabdeh ilə İddiaçı arasında bağlanmış Müqavilə əsasında Cavabdeh öhdəliklərinin tamamilə icra edilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən cəmi 5864 manat məbləğində pul X2 hesabına köçürülmüşdür. İş materiallarında olan elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən X3 14000 manat məbləğində mal verilmiş və torpağa xidmət göstərilmişdir. İş materiallarında olan istehsal ehtiyyatlarının alış aktlarının surətlərindən görünür ki, X5 tərəfindən cəmi 11356,86 manat dəyərində olan şəkər çuğunduru İddiaçı MMC-yə təhvil verilmişdir. İş materiallarında olan 12 fevral 2021-ci il tarixli İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Cavabdeh 14.005 manatlıq mal satılmış və xidmət göstərilmiş, həmçinin ona 5864 manat avans verilmiş, o isə cəmi 11.356,86 manat dəyərində olan şəkər çuğundurunu təhvil vermiş və 8512,14 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin araşdırımış hallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə mallar verilmiş və xidmətlər göstərilsə də, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 8512,14 (səkkiz min beş yüz on iki manat on dörd qəpik) manat məbləğində borcun, həmçinin, 30,00 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin, cəmi 8 542,14 (səkkiz min beş yüz qırx iki manat on dörd qəpik) manat məbləğində pul cavabdehlər X5 və Zamin müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 8512,14 (səkkiz min beş yüz on iki manat on dörd qəpik) manat məbləğində pul X5 və Zamin müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti X5 və Zamin müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar