Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2151/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 12264.00 manat, 200 manat mediatorun xidmət haqqı, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1/% faiz hesablamaqla 2000 manat, 31 manat dövlət rüsumu 22 manat poçt döndərişi rüsumu, cəmi 14717 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 12264.00 manat, 200 manat mediatorun xidmət haqqı, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1/% faiz hesablamaqla 2000 manat, 31 manat dövlət rüsumu 22 manat poçt döndərişi rüsumu, cəmi 14717 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan, “CHANGAN ALSİVİN 7” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı, Ban LS5A2AGE6HD911182 minik avtomobilinə kasko sığorta müqaviləsi bağlanmış, cavabdehdən kasko (tam) sığorta AS- F313/17 saylı şəhadətnaməsi alınmışdır. İddiaçının mülkiyyətində olan, “CHANGAN ALSİVİN 7” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı, avtonəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən sürücü X4 xx.xx.2021-ci il tarixdə saat təxminən 10:00 radələrində Cəlilabad rayonu, Abşabad kəndi istiqmətində hərəkət etdiyi zaman idarə etməni itirmiş, yaxınlıqdakı kolluq-ağaclığa çırpılmışdır. Sürücü “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə cəzası verilmişdir. Yol nəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan avtonəqliyyat vasitəsinə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Hadisə yerinə Yol Polis İdarəsinin əməkdaşları gəlmiş, hadisə ilə bağlı araşdırma aparmışdırlar. Sürücü ayıq vəziyyətdə olmuş, avtomobili idarəetməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarəetmək üçün etibarnaməsi olmuşdur. Hadisə nəticəsində sığortalı avtomobilə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Avtoqəza nəticəsində kasko sığortalı avtomobilə 12264 manat ziyan dəymişdir. Kasko sığorta şəhadətnaməsi almış ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qısa müddətdə iddiaçının bank hesabına ödənilməsi xahiş edilsə də, hal-hazırki vaxta qədər sığorta ödənişi edilməmişdir. Bundan başqa işin məhkəmədən kənar həlli üçün cavabdehə mediator təklifi də göndərilmişdir. Lakin, cavabdeh işin məhkəmədən kənar həllinə də razılıq verməmiş, mediatorla görüşdən imtina etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 əvvəl keçirilmiş məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, hadisə 2021-ci ilin noyabr ayında saat 03:30 radələrində baş vermişdir. X1 polisə verdiyi izahatında hadisənin necə olmasını ətraflı bildirmişdir. Sürücü izahatında qeyd etmişdir ki, heç kimə məlumat vermədən çıxıb getmiş və sonradan qayıdıb 102 xidmətinə bu barədə məlumat vermişdir. Sığorta qanunvericiliyinə görə tərəf dərhal sığorta şirkətinə məlumat verməli idi. Maşının orada yağışın altında qalması səbəbindən əlavə zərər görmüşdür. Tərəf dərhal məlumat versəydi, sığorta şirkətinin əməkdaşı dərhal gəlib hadisəni rəsmiləşdirə bilərdi. Buna görə də sığorta ödənişinin verilməsindən imtina verilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: AS313/17 saylı Nəqliyyat vasitələrinin sığortası Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçıya məxsus “CHANGAN ALSİVİN 7” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdeh tərəfindən şərtsiz azadolma 400 manat olmaqla 18000 manat məbləğində kasko sığorta növü ilə sığortalanmışdır. İddiaçının servis mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, ““CHANGAN ALSİVİN 7” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 12264 manat məbləğində ziyan dəymişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 1013/21 saylı məktubundan görünür ki, Changan Alsvin 7 markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil AS-F 313/21 saylı nəqliyyat vasitələrinin sığortası şəhadətnaməsi ilə "A-Qroup Sığorta Şirkəti” ASC-də sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə saat 10:00-da həmin avtomobilin eyni tarixdə gecə saat 03:30 radələrində Cəlilabad rayonu, Abşabad kəndində idarə etməni itirərək yol kənarındakı kolluq/ağaclıq sahəyə dəydiyi və nəticədə zədələnməsı barədə şirkətə məlumat daxıl olmuşdur. Hadisə araşdırılarkən məlum olmuşdur ki, qanunvericiliyin tələblərini pozaraq hadisənin baş verməsi barədə dərhal müvafiq dövlət orqanlarını və sığortaçını məlumatlandırmalı olduğu halda bunu etməmiş, avtomobili hadisədən dərhal sonrakı vəziyyətdə saxlamalı olduğu halda, hadisənin baş verdiyi ərazidən yayınmış və hadisədən 6-7 saat keçdikdən sonra sığortaçıya bu barədə məlumat vermişdir. Həmçinin hadisədən sonra avtomobilə dəyən zərərin qarşısını almaq və dəymiş zərərin həcmini azaltmaq imkanı olsa da bunu etməmiş, hadisədən sonra yağan yağış sınıq pəncərədən içəri daxil olaraq avtomobilə əlavə zərər vurmuşdur. Qeyd edilənlərdən göründüyü kimi, hadisə barədə səlahiyyətli dövlət orqanına məlumat vermək imkanı olduğu halda məlumat vermədiyinə, həmçinin hadisə yerindən yayınaraq sığortaçını gec məlumatlandırdığına və zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün təbdir görmədiyinə görə “A-Qroup Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2022-ci il tarixli 9/4217 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə İddiaçı MMC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Changan Alsvin 7” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11191,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqqatlarının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya məxsus “CHANGAN ALSİVİN 7” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdeh tərəfindən şərtsiz azadolma 400 manat olmaqla 18000 manat məbləğində kasko sığorta növü ilə sığortalanmışdır. Cavabdeh tərəfindən sığortalanmış etibarnamə əsasında X3 idarə etdiyi iddiaçıya məxsus “CHANGAN ALSİVİN 7” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə saat 03:30 radələrində Cəlilabad rayonu, Abşabad kəndi istiqmətində hərəkət etdiyi zaman idarə etməni itirmiş, yaxınlıqdakı kolluq-ağaclığa çırpılmış və nəticədə avtomobilə ziyan dəymişdir. Göründüyü kimi iddiaçıya məxsus “CHANGAN ALSİVİN 7” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdə sığortalanmış olması və xx.xx.2021-ci il tarixdə qəzaya uğraması işin mübahisələndirilməyən hallarıdır. Mübahisəli olan, hadisə barədə məlumat verilmə vaxtı baxımından sığortaçının hadisənin mahiyyətini müəyyənləşdirmək imkanından məhrum olub-olmadığı ilə bağlıdır və cavabdeh şirkət əsasən iddiaçının hadisə barədə dərhal məlumat verməməsinə əsaslanmaqla ona sığorta ödənişi verməkdən imtina etmişdir. Bu baxımdan məhkəmə, sığorta hadisəsi, bu hadisə barədə məlumat vermək vəzifəsi və bununla əlaqədar sığorta ödənişlərini müəyyən etmək üçün əlaqədar qanunvericilik və digər normativ-hüquqi aktlar əsasında təhlil aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Həmin Məcəllənin 923-cü maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Göründüyü kimi, sığorta hadisəsi barədə məlumat vermək vəzifəsinin tezliyi (müddəti) Mülki Məcəllədə “dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində” kimi müəyyənləşdirilmişdir. Cavabdeh şirkətin sığorta ödənişinin verilməsindən imtinanın əsas dəlili də məhz ondan ibarətdir ki, iddiaçı hadisə baş verdikdən “dərhal sonra” deyil, 6-7 saat sonra məlumat verməklə şirkəti hadisənin səbəblərini və dəymiş ziyanın həcmini müəyyənləşdirmək imkanından məhrum etmişdir. Məhkəmə sığorta ödənişinin verilməsindən imtinanın bu dəlilini əsassız hesab edir. Belə ki, nəzərə alınmalıdır ki, “dərhal” ifadəsi qısa vaxt dövrünü bildirən mücərrəd ifadə olmaqla, hər bir hadisənin baş vermə yeri və vaxtı baxımından qiymətləndirilməlidir və barəsində məlumat verilməli olan hadisənin mahiyyətindən (yerindən, baş vermə vaxtından, şəraitindən və s.) asılı olaraq “dərhal”lıq 1 saat, 1 gün, hətta bir gündən çox da ola bilər. Qaldı ki, sığorta ödənişinin verilməsindən imtina etmək üçün cavabdehin istinad etdiyi arqumentin konkret mübahisə üzrə ümumiyyətlə imtinaya əsas verməli olubolmadığı məsələsi də mülki qanunvericiliyin əlaqədar maddələrinin məzmunu və məqsədləri baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsinə əsasən, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub - olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Göründüyü kimi, cavabdehin istinad etdiyi “dərhal məlumat verilməməsi” arqumenti yalnız o halda sığorta ödənişinin verilməsindən imtinaya əsas verir ki, məlumatın “dərhal” kimi qiymətləndirilə bilən müddət ərzində verilməməsi sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması ilə nəticələnmiş olsun. Halbuki, yuxarıda gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab edir ki, sığortaçıya məlumat “dərhal” ifadəsini də ehtiva edən mümkün olan ən qısa zamanda verilmişdir və sığortaçını hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum edəcək qədər uzun müddət olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, yolnəqliyyat hadisəsini müvafiq icra hakimiyyəti orqanı olan X9 İdarəsinin əməkdaşları rəsmiləşdirmiş, müvafiq protokol tərtib edilərək hadisənin səbəbləri, hadisə yerinin sxemi, baxış protokolu, sürücünün izahatı, onun sərxoşluq vəziyyəti və digər xüsusatlar qanuna uyğun olaraq sənədləşdirilmişdir. Qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisəsinin səlahiyyətli orqanlar tərəfindən araşdırılması nəticəsində müəyyən edilmiş halların şübhə altına alınması əsaslı dəlil hesab edilə bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 85-ci maddəsinin 6-cı bəndinin “qeyd” hissəsinə əsasən, yol hərəkəti qaydalarının pozuntusu haqqında inzibati protokol həmin pozuntu və qaydanı pozan şəxs barəsində məlumatları əks etdirən əsas sənəddir. Belə olan halda isə, sığorta şirkətinin hadisənin səbəblərini araşdırması köməkçi xarakter daşımaqla şirkət, əsasən dəyən zərərin həcmini müəyyənləşdirməlidir ki, hazırkı mübahisədə cavabdeh müəssisə üzərinə düşən bu öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa, cavabdeh sığorta ödənişinin verilməsindən imtinasının dəlillərindən biri kimi Mülki Məcəllənin 935.1.4-cü maddəsinə istinad etməklə göstərmişdir ki, sürücü hadisədən sonra avtomobilə dəyən zərərin qarşısını almaq və dəymiş zərərin həcmini azaltmaq imkanı olsa da bunu etməmiş, hadisədən sonra yağan yağış sınıq pəncərədən içəri daxil olaraq avtomobilə əlavə zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; Qeyd olunan normanın tələbinə əsasən sığortalı normada göstərilən hərəkəti qəsdən etməlidir. Hazırki halda isə sığortalının həmin hərəkəti qəsdən etməsini sübutetmə vəzifəsi imtinanın dəlili kimi həmin hala istinad edən cavabdeh tərəfindən sübuta yetirilməlidir. Lakin cavabdeh göstərilən hərəkətin sürücü tərəfindən qəsdən edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, hətta həmin hərəkət sürücü tərəfindən qəsdən edilsəydi də, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən tam imtina edilə bilməz. Belə ki, həmin normanın tələbinə əsasən cavabdeh qəsdən edilmiş hərəkət nəticəsində dəymiş zərər həcmində imtina edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtinasının dəlilləri əsassız olduğundan iddia sığorta ödənişinin verilməsi tələbinə münasibətdə təmin edilməlidir. Sığorta ödənişinin məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh sığorta ödənişinin məbləğinin 12264 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2022-ci il tarixli 9/4217 saylı rəyi ilə, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11191,0 manat müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia sığorta hadisəsi nəticəsində dəymiş zərər hissəsində əsaslı olduğundan ekspert rəyi ilə müəyyən edilmiş 11191 manat məbləğdən şərtsiz azad olma məbləği (400 manat) çıxmaqla dəymiş zərər, 10791 manat məbləğində sığorta ödənişi iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.1-903.6-cı maddələrinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissəhissə ödənilməsi razılaşdırıla bilər. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Həmin Məcəllənin 934.1 və 934.2-ci maddələrinə əsasən, həmin Məcəllənin 933.1ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Qanunvericilik sığortaçıdan sığorta ödənişini sənədlər ona təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməyi tələb edir. İşdən görünür ki, cavabdeh iddiaçıya sığorta ödənişinin ödənilməsindən xx.xx.2021-ci il tarixli 1013/21 saylı məktubla imtina etmişdir. Həmin imtinadan iddiaçının iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il tarixədək olan dövr üzrə 142 günə görə dəbbə pulu məbləği 10791 manat x 142 gün x 0,1% = 1532,32 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən 1532,32 manat məbləğdə dəbbə pulu tutularaq iddiaçıya ödənilməklə iddia həmin hissədə qismən təmin edilməlidir. İddiaçı poçt göndərişi rüsumuna görə 22 manat tələb etsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödənilmiş 200 manat məbləğində mediasiya xərcini və 31 manat dövlət rüsumunu cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 132,86 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 86,26 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğin 12,74 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 10791 manat, 1532,32 manat dəbbə pulu, 200 manat mediatorun xidmət haqqı, 12,74 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 86,26 manat məbləği cavabdehdən, qalan 13,74 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 10791 manat, 1532,32 manat dəbbə pulu, 200 manat mediatorun xidmət haqqı, 12,74 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 86,26 manat məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, qalan 13,74 manat məbləği isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2151/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2151/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver