Məhkəmə qərarları › İş №e-2-2(113)-2151/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2151/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2151/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli, S29/22 saylı təchizat müqaviləsi üzrə 452 manat borc, 943 manat dəbbə pulu və 33 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 1428 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixdə İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında S29/22 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında malların təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla, 452 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni “AzX1” MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə tərəflər arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Alıcı təchizat müqaviləsi üzrə ödəniş öhdəliklərini yerinə yetirməyərək, həm müqavilənin, həmdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını pozmuşdur. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, satıcı təhvil verilmiş bütün mallara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, alıcı razılaşır ki, satıcı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 452 manat cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Tərəflər arasında bağlanan təchizat müqaviləsinin 6.1-ci maddəsinə əsasən hazırkı müqavilənin icrasından yaranan tərəflər arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 597.1, 598.3, 600.1, 427.3, 445.2.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, cavabdehin 452 manat borcu vardır. 3 qaimə üzrə mallar təhvil verilmiş, 784 manatlıq ümumi dövriyyə olub və qaytarılan mallar və 150 manat ödəniş olmuşdur. 182 manatlıq qaimə ləğvə göndərilib və onun bu mübahisəyə aidiyyəti yoxdur.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2022ci il tarixli, S29/22 saylı təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən təchizatçı alıcıya spirtli məhsulları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların təchizatı müqavilənin bütün müddəti ərzində müqaviləyə əlavələr və onun ayrılmaz hissəsi olan spesifikasiyalar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarında təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində təchizatçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və ya qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı realizasiya tarixindən etibarən hər 30 təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixindən 20-dən gec olmayaraq, satılan/satılmamış malların qalıqları barədə məlumatı təchizatçıya təqdim etməyi öhdəsinə götürür, alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan mallar olduğu halda belə təchizatçı qarşısında mallar üçün tam ödəniş öhdəliyi yaradır. Bununla belə təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı təchizatçı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu ödəyir. Cərimənin ödənilməsi alıcını müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir.

8. “X2 Comapny” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında deyilir ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış NoS29/22 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun “Kanal Market” iaşə obyekti üzrə ödənilməmiş borcu mövcuddur. xx.xx.2024-cü il tarixinə kimi Cavabdeh yazılan qaimələr üzrə ümumi öhdəliyi, ödəmələr və qalıq borc üzrə məbləği barəsində məlumat aşağıdakı kimidir: Yazılan qaimələrin məbləği: 784,89 manat, ödənilən məbləğ (qaytarılan malların dəyəri daxil olmaqla) 332,16 manat, dəbbə pulu: 943,94 manat, qalıq borc: 1396,67 manat. Beləliklə, xx.xx.2024 tarixinə fiziki şəxs Cavabdeh “Kanal Market” iaşə obyekti üzrə İddiaçı MMC-yə 1396,67 manat qalıq borcu mövcuddur.

9. İddiaçı MMC tərəfindən tərtib edilmiş “müştəri sifarişi” adlı xx.xx.2022-ci il tarixli, 27 nömrəli sənədin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh sənəddə adıçəkilən və ümumi dəyəri 431,61 manat olan mallar təhvil verilmişdir. Sənəd tərəflərin imzası ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC tərəfindən tərtib edilmiş “müştəri sifarişi” adlı xx.xx.2022-ci il tarixli, 192 nömrəli sənədin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh sənəddə adıçəkilən və ümumi dəyəri 171,12 manat olan mallar təhvil verilmişdir.

11. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 300048 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 431,61 manat təşkil edir.

12. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 303942 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 171,12 manat təşkil edir.

13. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 718406 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 182,16 manat təşkil edir (həmin qaimə üzrə mallar qaytarılmışdır).

14. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 359282 saylı kassa mədaxil orderindən müəyyən olunur ki, Cavabdeh tərəfindən EBCM seriyalı, 300048 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə üzrə 50 manat ödəniş edilmişdir.

15. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 359477 saylı kassa mədaxil orderindən müəyyən olunur ki, Cavabdeh tərəfindən EBCM seriyalı, 303942 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə üzrə 50 manat ödəniş edilmişdir.

16. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 392999 saylı kassa mədaxil orderindən müəyyən olunur ki, Cavabdeh tərəfindən EBCM seriyalı, 300048 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə üzrə 50 manat ödəniş edilmişdir.

17. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, S29/22 saylı təchizat müqaviləsi əsasında yaranmış 452,73 manat əsas, 943,94 manat cərimə borcu olmaqla, ümumilikdə 1396,67 manat borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

20. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Həmin hal işdə olan sübutlarla öz təsdiqini tapır.

21. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2022-cü il tarixli, S29/22 saylı təchizat müqaviləsi əsasında 452 manat məbləğində qalıq borcun tutulması təşkil edir.

22. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam şəkildə ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının qalıq məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin olunmalı, satılmış malların dəyərinin 452 (dörd yüz əlli iki) manat təşkil edən ödənilməmiş hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, işdə olan sübutlardan (sifariş sənədləri, elektron qaimələr) müəyyən olunur ki, cavabdehə ümumilikdə 784,89 manat məbləğində mal verilmiş, onun 182, 16 manat hissəsi qaytarılmışdır. 2 qaimə (xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 300048 nömrəli və xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 303942 nömrəli elektron qaimələr) üzrə ümumi məbləğ 602,73 manat (müvafiq olaraq 431,61+171,12=602,73) təşkil edir. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 300048 nömrəli qaimə üzrə 100 manat, EBCM seriyalı, 303942 nömrəli qaimə üzrə 50 manat, ümumilikdə 150 manat ödəniş edilmişdir (kassa mədaxil orderləri təqdim olunmuşdur), beləliklə, ödənilməmiş qalan məbləğ 452,73 manat (602,73-150=452,73) olmuşdur.

23. İddia tələbinin digər hissəsini hesablanmış xx.xx.2022-cü il tarixli, S29/22 saylı təchizat müqaviləsi üzrə hesablanmış 943 manat dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

24. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür.

25. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

26. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq xx.xx.2022-cü il tarixli, S29/22 saylı təchizat müqaviləsi üzrə 25 (iyirmi beş) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun tutulmasına dair iddia qalan hissədə təmin edilməməlidir.

27. Eləcə də, iddiaçı 33 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,30 manat (on bir manat otuz qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 452 (dörd yüz əlli iki) manat əsas borc, 25 (iyirmi beş) manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 11,30 manat (on bir manat otuz qəpik) olmaqla, ümumilikdə 488,30 manat (dörd yüz səksən səkkiz manat otuz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar