Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2153/2021 17.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.702,58 manat məbləğində borcun və 1.270 manat məbləğində qanun üzrə dəbbə pulunun, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 14.002,58 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 30.08.2018-cü il tarixində № SS- AXDG/310718/3686/MA-1204 saylı alqı – satqısı haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış № SS-AXDG/310718/3 686/MA - 1204 saylı müqavilənin 1.1 – ci bəndinə əsasən, satıcı bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun malları alıcıya çatdırmağı öhdəsinə götürmüşdür. 28 aprel 2020 – ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında 30 avqust 2018 – ci il tarixli № SS-AXDG/310718/3686/MA- 1204 saylı alqı – satqı müqaviləsinə xitam verilməsi haqqında razılaşma bağlanmışdır. Razılaşmanın tərəflər arasında qəbul edilmiş şərtlərinə əsasən, müqavilənin dəyəri müqavilə şərtlərinə uyğun olaraq tam həcmdə alıcı tərəfindən satıcıya ödənilmişdir, lakin satıcı müqavilə bağlandığı tarixdən müqavilənin 1 saylı əlavəsinin 7 – ci bəndində göstərilən 200 ədəd “Lampa fikstür – RİP – 1-2A- lampa ilə 60w”, 90 ədədinin tədarükünü hələ də icra etməmişdir və icra edilməmiş hissəsin dəyəri ƏDV daxil olmaqla 12 702,58 manat təşkil edir. Tərəflər arasında bağlanmış razılaşmanın 2–ci bəndinə əsasən satıcı ona avans qismində ödənilmiş, ƏDV daxil olmaqla 12.702,58 manat məbləğində pul vəsaiti bu razılaşmanın imzalandığı tarixdən 1 ay ərzində alıcıya geri ödəməyi öhdəlik kimi qəbul etmişdir. Lakin razılaşmanın imzalanmasından 5 ay keçməsinə baxmayaraq borc hələ də ödənilməmişdir. Cəmiyyət tərəfindən № SS-AXDG/310718/3686/MA- 1204 saylı müqavilənin şərtlərinə tam əməl olunmasına baxmayaraq, Cavabdeh alıcıya 12.702,58 manat məbləğində malları tədarük etməməsi səbəbindən borcu yaranmışdır. Tərəflərindən borcun ödənilməsinin təmini ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, 22.07.2020–ci il tarixdə rəsmi qaydada pretenziya verilməsinə baxmayaraq, borc məbləği ödənilməmişdir (pretenziyanın sürəti əlavə olunur). Cavabdeh tərəfindən hal-hazıra kimi müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində cəmiyyət maliyyə çətinlikləri ilə üzləşmiş və digər qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. 09 iyun 2020 – ci il tarixdə Cavabdeh MMC SS-05/09/06 saylı məktubla AXCO – ya müraciət edərək yaranmış borc üzrə ödənişin gecikməsinin üzürlü hesab edilməsi və yaranmış borcun məhkəmədən kənar qaydada həlli üçün 01 – 05 iyul 2020–ci il tarixədək ödənişi həyata keçirilməsi üçün möhlət verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 12.702,58 manat məbləğində əsas borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, dəqiqləşdirilmiş ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı QSC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında 30 avqust 2018-ci il tarixdə SS-AXDG/310718/3686/MA-1204 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun əşyaları bu müqavilənin 3.3-cü bəndində göstərilmiş alıcının ünvanına çatdırmağı, alıcı isə müavilə əsasında malların qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı QSC (alıcı) ilə Cavabdeh (satıcı) arasında 30 avqust 2018-ci il tarixli 686/MA1204 saylı alqı-satqı müqaviləsinə xitam verilməsi barədə 28 aprel 2020-ci il tarixdə razılaşma bağlanmışdır. Həmin razılaşmanın: 1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış 30 avqust 2018-ci il tarixli 686/MA1204 saylı alqı-satqı müqaviləsinə 28 aprel 2020-ci il tarixində xitam verilir. 2-ci bəndinə görə alıcı tərəfindən satıcıya avans qismində ödənilmiş ƏDV daxil olmaqla 12.702,58 manat məbləğində vəsait bu razılaşma imzalandığı tarixdən sonra 1 ay ərzində alıcıya geri ödənilir. 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində göstərilənlər istisna olmaqla, tərəflərin bu razılaşma ilə bağlı bir birilərinə qarşı hər hansı bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - 09.06.2020-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə pretenziya məktubu ünvanlanaraq 28.04.2020-ci il tarixli xitam razılaşmasında müəyyən edilmiş 12.702,58 manat borc məbləğinin maliyyə çətinlikləri səbəbindən ödənilmədiyi bildirilmiş və ödənişin həyata keçirilməsi üçün 01 – 05 iyul 2020 –ci il tarixədək möhlət verilməsi xahiş edilmişdir. - 22.07.2020-ci il tarixdə İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun 14 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən malların dəyərini avans şəklində ödəyərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh malların tədarükünə dair öhdəliyini tam icra etməmişdir. 28 aprel 2020-ci il tarixdə eyni tərəflər arasında barədə bağlanmış razılaşmaya əsasən alqı-satqı müqaviləsinə xitam verilmiş və cavabdeh tərəfindən həmin müqavilə üzrə iddiaçıya 12.702,58 manat məbləğində borcunun olması etiraf edilmişdir. Mülki Məcəllənin: 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış 28 aprel 2020-ci il tarixli razılaşmaya əsasən Cavabdeh MMC-nin İddiaçı QSC-yə alqı-satqı müqaviləsi üzrə 12.702,58 manat məbləğində borcunun olmasını etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 12.702,58 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 12.702,58 manat (on iki min yeddi yüz iki manat əlli səkkiz qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2153/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2153/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver