Məhkəmə qərarları › İş №e-2-2(113)-2155/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2155/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2155/2023 10.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 34.188,68 manat məbləğində borc, 3.418,8 manat məbləğində dəbbə pulu, 1.000 manat məbləğində hüquqi yardım xərci və 200 manat məbləğində mediasiya xidməti haqqının Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC müxtəlif malları cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Satılmış mallara görə müvafiq elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin cavabdehə satılmış mallara görə təqdim edilmiş bəzi elektron qaimələrin təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq satılmış malların pulu hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Məsələ ilə tərəflər arasında keçirilmiş mediasiya prossesi də nəticəsiz qalmışdır. İddiaçı MMC onların hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında işirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddiaçıya məxsus malların malların bir hissəsini geri qaytardıqlarını, digər hissəsinin anbarda olduğunu, qarşı tərəf ilə danışıqlar aparıb malları təhvil verə biləcəklərini, şirkətlərinin hazırda fəaliyyətinin dayandırdığını, geri qaytarılmış mallar çıxılmaqla iddiaçıya borcun 23.000 manat təşkil etməsini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 30 sentyabr 2021-ci il tarixli 21/24 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Satıcı” qiymətlərin razılaşdırılması protokolunda göstərilən mallar (bundan sonra “Mallar” adlanacaq) satış məqsədilə “Alıcı”ya təqdim edir, “Alıcı” isə Malları qəbul edib satışını həyata keçirir, satılmış “Mallar”a görə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən malların adı, çeşidi, miqdarı və qiyməti, tövsiyə olunan və minimal satış qiymətləri tərəflər arasında təsdiq olunmuş qiymətlərin razılaşdırılması protokolunda göstərilir. 2.3-cü bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 6.2.2-ci bəndinə əsasən bu müqavilə üzrə malların keyfiyyətini yoxladıqdan sonra onların dəyərini müqavilə və protokolda göstərilən müddətdə və məbləğdə elektron qaiməyə uyğun olaraq satıcıya ödəmək alıcının vəzifəsidir. 6.4.2-ci bəndinə görə alıcıya bu Müqaviləyə uyğun növlər, modellər, ölçülər, rənglər və digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) mallar təhvil vermək satıcının vəzifəsidir. 8.4-cü bəndinə əsasən tərəflərin hər hansı biri tərəfindən müqavilə üzrə öhdəliklərin müəyyən olunmuş müddətlərdə və razılaşdırılmış şərtlərə uyğun olaraq yerinə yetirilməməsinə görə zərərçəkmiş tərəf, müvafiq pozuntunu törətmiş digər tərəfdən hər gecikmə günü va ya pozuntunun davam etdiyi hər gün üçün müqavilənin ayrı-ayrı əlavələri ilə nəzərdə tutulan ümumi məbləğin 0,1%-i həcmində dəbbə pulu ödənilməsini, müvafiq əlavə(lər) üzrə ümumi məbləğin 10%-dən çox olmamaq şərti ilə tələb edə bilər. 12.1-ci bəndinə əsasən bu müqavilə tərəflərlə bağlandığı andan hüquqi qüvvəyə minir və bu müqavilə üzrə öhdəliklər tam icra olunanadək qüvvədə qalır. Bu Müqavilənin müddəti öz üzərinə götürdükləri öhdəlikləri tam yerinə yetirdikdə müqaviləyə xitam verilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 34.188,68 manat dəyərində göndərilmiş mallara görə, o cümlədən 17.485,95 manat dəyərində göndərilmiş mallara görə EBBP seriyalı, 533163 nömrəli, xx.xx.2022-ci il tarixli, 13.521,73 manat dəyərində göndərilmiş mallara görə EBBR seriyalı, 428363 nömrəli, xx.xx.2022-ci il tarixli, 3.181 manat dəyərində göndərilmiş mallara görə EBBU seriyalı, 107957 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdehnə təqdim edilmişdir. Malların təhvil-qəbul aktları və qaimə-fakturalarla təsdiq edilir ki, İddiaçı MMC tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində müxtəlif adda, ölçüdə, miqdarda və qiymətlərdə olan cəmi 137.794 manat məbləğində mallar (elektrik avadanlıqları) Cavabdehnə təhvil verilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh tərəfindən (EBBK seriyalı 415538 nömrəli e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 748,31 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh tərəfindən (EBBL seriyalı 741123 nömrəli e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 65.405,95 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh tərəfindən (EBBN seriyalı 574853 nömrəli e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 4.154,75 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh tərəfindən (EBCA seriyalı 912508 nömrəli e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 2076,27 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh tərəfindən (EBCC seriyalı 373303 nömrəli e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 665,70 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh tərəfindən (EBCC seriyalı 489710 nömrəli e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 830,51 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC xx.xx.2023-cü il tarixli pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, borc öhdəliyinin xx.xx.2023-cü il tarixinə qədər icra edilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 30 sentyabr 2021-ci il tarixli 21/24 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən müxtəlif adda, ölçüdə, miqdarda və qiymətlərdə olan mallar (elektrik avadanlıqları) cavabdehə təqdim edərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların bir qisminə - ümumilikdə ƏDV daxil 34.188,68 manat dəyərində göndərilmiş mallara görə, o cümlədən 17.485,95 manat dəyərində göndərilmiş mallara görə EBBP seriyalı, 533163 nömrəli, xx.xx.2022-ci il tarixli, 13.521,73 manat dəyərində göndərilmiş mallara görə EBBR seriyalı, 428363 nömrəli, xx.xx.2022-ci il tarixli, 3.181 manat dəyərində göndərilmiş mallara görə EBBU seriyalı, 107957 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ödəniş etməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdeh MMC-nin həmin müqavilə üzrə İddiaçı MMC-yə ƏDV daxil 34.188,68 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, malların təqdim edilməsi faktı cavabdehə göndərilmiş elektron qaimə, malların təhvil-qəbul aktları və qaimə-fakturalarla təsdiq edilir. Digər tərəfdən cavabdehin nümayəndəsi Nümayəndə da məhkəmə iclasında verdiyi izahatında mübahisəli elektron qaimələrdə göstərilmiş ƏDV daxil 34.188,68 manat məbləğində malların iddiaçı tərəfindən onlara təqdim edilməsi faktını inkar etməmişdir. Təqdim edilmiş malların bir hissəsini geri qaytarması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh göstərilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə cavabdehin mübahisəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərinin bir hissəsini – ƏDV daxil 34.188,68 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, iddiaçının isə göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh MMC-dən ƏDV daxil 34.188,68 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 3.418,8 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 1700 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 192,56 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 190 (yüz doxsan) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 34.188,68 manat məbləğində əsas borc, 1700 manat məbləğində dəbbə pulu, cəmi 35.888,68 manat məbləğində pul vəsaiti, eləcə də vəkil xərclərinin əvəzi olaraq 500 manat və mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.. . Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar