Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2158/2021 12.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “xxxx” MMC (bundan sonra –iddiaçı) Cavabdeh1nə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 26,516.34 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 23 may 2018ci il tarixli, 180523/08-100 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ümumi dəyəri 262,104.06 manat məbləğində malların satışı həyata keçirilmişdir. Cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə cəmi 235,587.72 manat məbləğində ödəniş edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış məbləğ üzrə qalan 26,516.34 manat məbləğində pul vəsaiti ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Abbasova iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iddia tələbinə etiraz edib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış 23 may 2018-ci il tarixli müqaviləyə əsasən alınan malların dəyəri tam şəkildə ödənildikdən sonra onlara təhvil verilmiş, iddia ərizəsinə əlavə edilmiş sifariş formalarında da bu öz əksini tapmışdır, belə ki, sifariş formalarının əksəriyyətində ilkin ödəniş 100 faiz, digərlərində isə müəyyən hissəsi dərhal, qalan hissəsi isə mal istehsal edildikdən bir neçə gün sonra təhvil verilməsi göstərilmişdir. Həqiqətən də cavabdeh tərəfindən alıcıdan ümumi dəyəri 235,587.72 manat məbləğində olan mallar təhvil alınmış, onların da dəyəri tam şəkildə ödənilmişdir. Bundan əlavə, müqavilənin tələblərinə əsasən malların alıcıya təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməlidir, lakin tələb olunan 26,516.34 manat məbləğində malların təhvil verildiyini təsdiq edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 23 may 2018-ci il tarixli 180523/08-100 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) müqaviləyə qoşmalarda göstərilmiş malları alıcıya (cavabdeh) satmağı, alıcı isə həmin malları qoşmalarada göstərilən qiymətə satıcıdan satın almağa razılığını bildirir. Müqavilənin 3-cü bəndinə əsasən satıcı malları qoşmada nəzərdə tutulmuş müddətdə alıcıya təhvil verməlidir... Mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər müqaviləyə qoşmalarda nəzərdə tutulmuş qaydada satıcının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Müqavilənin 7.2-ci bəndinə əsasən mallar üzərində mülkiyyət hüquqları həmin mallar təhvil-təslim aktı ilə alıcıya təhvil verildikdən sonra alıcıya keçir. Müqavilə tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 23 may 2018-ci il tarixli 180523/08-100 saylı müqaviləyə 24.05.2018-ci il tarixli 26/01 saylı 1 saylı qoşma sifariş formasında 107899.20 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 30 % olmaqla satılması, 21.06.2018-ci il tarixli 26/02 saylı 2 saylı qoşma sifariş formasında 785.60 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 30 % olmaqla satılması, 26.07.2018-ci il tarixli 26/03 saylı 3 saylı qoşma sifariş formasında 78470 manat məbləğində malın satıcının anbarı çatdırılma şərti ilə ilkin ödəniş 50 % olmaqla satılması, 07.09.2018-ci il tarixli 26/04 saylı 4 saylı qoşma sifariş formasında 54615.12 manat məbləğində malın satıcının anbarı çatdırılma şərti ilə ilkin ödəniş 30 %, qalıq 70 % məhsul istehsal edildikdən sonra satılması (məhsulun təhvili ödənişdən sonra 7 iş günü müddətində), 24.09.2018-ci il tarixli 26/05 saylı 5 saylı qoşma sifariş formasında 3582.35 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 100 % olmaqla satılması (ödəniş həyata keçirildikdən sonra 5 iş günü ərzində), 24.09.2018-ci il tarixli 26/06 saylı 6 saylı qoşma sifariş formasında 2136.43 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 100 % olmaqla satılması (ödəniş həyata keçirildikdən sonra 10 iş günü ərzində), 24.09.2018-ci il tarixli 26/07 saylı 7 saylı qoşma sifariş formasında 1011.73 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 100 % olmaqla satılması (ödəniş həyata keçirildikdən sonra 4 iş günü ərzində) razılaşdırılmış və tərəflərin səlahiyyətli nümayəndələrinin imza və möhürləri ilə təsdiq olunmuşdur. “xxxx” ASC-nin hesabdan çıxarışlarından görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 02.10.2018-ci il tarixdə 16.284.00 manat, 24.09.2018-ci il tarixdə 10.000,0 manat, 21 sentaybr 2018-ci il tarixdə 10.000,0 manat, 10.09.2018-ci il tarixdə 10.000,0 manat, 25 may 2018-ci il tarixdə 30.000 manat, 22.06.2018-ci il tarixdə 32.105.76 manat, 27.08.2018-ci il tarixdə 25.000,0 manat, 26.09.2018-ci il tarixdə 5.703.82 manat, 04.10.2018-ci il tarixdə 1107.00 manat, 15.10.2018-ci il tarixdə 3.332.00 manat, 24.10.2018-ci il tarixdə 733.25 manat, 26.12.2018-ci il tarixdə 1339.92 manat, 18.03.2019cu il tarixdə 20.000.00 manat. Cəmi 235587.72 manat (əsas məbləğ 195605.75 manat, ƏDV 39981,97 manat olmaqla) pul köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 14.06.2019-cu il tarixli 01/133 saylı pretenziya məktubuna əsasən iddiaçı cavabdehdən aralarında bağlanmış müqavilə üzrə ödənilməmiş 26.516,34 nabat məbləğində borcu 3 iş günü müddətində ödəməyi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdehin 11.07.2019-cu il tarixli 36 nömrəli pretenziya məktubuna cavabından görünür ki, cavabdeh tərəflər arasında 23.05.2018-ci il tarixli müqaviləyə əsasən malların təhvil verilməsinin təhvil-təslim aktı imzalanmaqla həyata keçirildiyini, təhvil və təqdim olunmamış mallara görə iddiaçı tərəfindən 26.516.34 manat məbləğində pulun tələb edilməsinin müqavilənin şərtlərinə zidd olduğunu bildirmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 23 may 2018-ci il tarixli, 180523/08-100 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə iddiaçıya ümumilikdə 235,587.72 manat məbləğində ödəniş edilmişdir. İddiaçı iddia ərizəsində göstərilən məbləğdən savayı 26,516.34 manat məbləğində malların təhvil verildiyini, lakin həmin malların dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini göstərsə də, həmin məbləğdə malların təhvil verildiyini təsdiq edən sənəd (23 may 2018-ci il tarixli, 180523/08-100 nömrəli alqı-satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən təhvil-təslim aktları) təqdim edə bilməmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutların təqdim edilməsi iddiaçıya təklif edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi həmin sənədləri Məhkəməyə təqdim edə bilməyəcəyini bildirmiş, lakin Məhkəməyə sonradan təqdim etdiyi elektron qaimələrin həmin malların alıcıya çatdırıldığını təsdiq etdiyini göstərmişdir. İddia ərizəsində göstərilən 26,516.34 manat məbləğində pulun hansı elektron qaimə(lər)ə əsasən yarandığını göstərə bilməmiş, bundan əlavə eyni tarixdə, eyni saatda, lakin bir neçə dəqiqə fərqi ilə bir neçə elektron qaimənin sistemə yerləşdirilməsinin səbəbini izah edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş EAAO 75281 nömrəli 27.12.2018-ci il tarixli, EAAM 144069 nömrəli 17.09.2018-ci il tarixli, EAAM 295997 nömrəli 24.09.2018-ci il tarixli, EAAM 297883 nömrəli 24.09.2018-ci il tarixli, EAAM 399683 nömrəli 28.09.2018-ci il tarixli, EAAM 422579 nömrəli 28.09.2018-ci il tarixli, EAAN 292648 nömrəli 01.11.2018-ci il tarixli, EAAN 146675 26.10.2018-ci il tarixli, EAAN 146528 26.10.2018-ci il tarixli, EAAN 058973 nömrəli 23.10.2018-ci il tarixli, EAAM 595020 nömrəli 04.10.2018-ci il tarixli, EAAM 677996 nömrəli 08.10.2018-ci il tarixli, EAAN 146834 26.10.2018-ci il tarixli, EAAM 531222 nömrəli 02.10.2018-ci il tarixli, EAAM 629509 nömrəli 05.10.2018-ci il tarixli, EAAM 900433 17.10.2018-ci il tarixli, EAAO 752381 27.12.2018-ci il tarixli, EAAM 392408 nömrəli 27.09.2018-ci il tarixli, EAAK 085376 nömrəli 25.06.2018-ci il tarixli, EAAK 047565 nömrəli 22.06.2018-ci il tarixli, EAAK 047825 nömrəli 22.06.2018-ci il tarixli, EAAK 046096 nömrəli 22.06.2018-ci il tarixli, EAAK 045873 nömrəli 22.06.2018-ci il tarixli, EAAK 045449 nömrəli 22.06.2018-ci il tarixli, EAAK 045495 nömrəli 22.06.2018-ci il tarixli elektron qaimələrdən əsasən, iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşiddə və miqdarda malların göndərildiyi göstərilmişdir. “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə” Qaydalarının 2-ci bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən Elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Məhkəmə təqdim edilmiş elektron qaimələrin iddiaçı tərəfindən cavabdehə ümumilikdə 262,104.06 manat məbləğində malların təsdiq edilməsi barədə iddiaçının dəlilinə cavab olaraq bildirir ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Tərəflər arasında bağlanmış 23.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən satıcı malları qoşmada nəzərdə tutulmuş müddətdə alıcıya təhvil verməlidir... Mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər müqaviləyə qoşmalarda nəzərdə tutulmuş qaydada satıcının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Müqavilənin 7.2-ci bəndinə əsasən mallar üzərində mülkiyyət hüquqları həmin mallar təhvil-təslim aktı ilə alıcıya təhvil verildikdən sonra alıcıya keçir. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, 23 may 2018-ci il tarixli, 180523/08-100 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan 26,516.34 manat məbləğdə borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (malların alıcıya təhvil verildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03.11.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.12.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Nəticə: Beləlikdə, iddia tələbi üzrə cavabdehin borcu sübuta yetmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı “xxxx” MMCyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2158/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2158/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver