Məhkəmə qərarları › İş №e-2-2(113)-2163/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2163/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2163/2023 25.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 97539,07 manat əsas borc, borcun gecikdirilməsinə görə 9754 manat cərimə borcu, 400 manat mediasiya xərci, 63 manat məhkəməyə ödənmiş dövlət rüsumu olmaqla, cəmi 107756,07 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 97539,07 manat əsas borc, borcun gecikdirilməsinə görə 9754 manat cərimə borcu, 400 manat mediasiya xərci, 63 manat məhkəməyə ödənmiş dövlət rüsumu olmaqla, cəmi 107756,07 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 iyun 2020-ci il tarixdə 34/20 nömrəli Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı adı və sayı hazırki müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən, tərəflərin razılığa gəldikləri qaimə-fakturalarda göstərilən malı alıcının mülkiyyətinə ötürməyi, alıcı isə malı müvafiq qaydada qəbul etməyi və haqqını ödəməyi öhdəsinə götürür. Həmçinin müqavilənin 1.1-ci bəndində də qeyd olunur ki, satıcı və alıcı malın qiyməti üçün razılığa gəlmək məqsədi ilə bu müqavilənin tərkib hissəsi sayılan e-qaimə təsdiqləyirlər. Göründüyü kimi, sözügedən müqavilə üzrə tərəflər alqı-satqı münasibətində olublar və alqı-satqının predmetini təşkil edən mallar, habelə onların qiymətləri müvafiq qiymət razılaşma protokolları, təhvil-qəbul aktları, habelə 1.1-ci bəndə uyğun olaraq eqaimə ilə müəyyən edilib. Beləliklə də, həmin müqavilə üzrə cavabdeh iddiaçıdan xx.xx.2020-ci il tarixdə ümumi dəyəri 54.154,84 manat təşkil edən mal-material almış və buna dair tərəflər arasında xx.xx.2020-ci il tarixli X1, həmçinin eyni tarixdə HHƏ seriyalı, 118912 nömrəli Malların Təhvil-Qəbul Aktı imzalanmış, eyni zamanda iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə EBAL seriyalı, 400305 nömrəli elektron-qaimə göndərilmişdir. Bundan başqa sözügedən müqavilə üzrə cavabdeh iddiaçıdan xx.xx.2020ci il tarixdə ümumi dəyəri 43.384,23 manat təşkil edən mal-material almış və buna dair tərəflər arasında xx.xx.2020-ci il tarixli X1, həmçinin eyni tarixdə HHƏ seriyalı 118913 nömrəli Malların Təhvil-Qəbul Aktı imzalanmış, eyni zamanda iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə EBAL seriyalı, 500697 nömrəli elektron-qaimə göndərilmişdir. Lakin indiyədək yuxarıda sadalanan malların alışı üzrə cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Beləliklə, yuxarıda sadalanan e-qaimələr üzrə cavabdehin iddiaçıya 97.539,07 manat ödənməmiş əsas borcu yaranmışdır. Dəfələrlə cavabdehdən həmin borc pul tələb edilsə də, cavabdeh borcun ödənilməsinə cəhd belə göstərməmiş və bununla bağlı cavabdehə edilmiş bütün xəbərdarlıqlar nəticəsiz qalmışdır. 30 mart 2023-cü il tarixdə isə sonuncu dəfə cavabdehə borcun ödənilməsinə dair pretenziya məktubu göndərilərək borcunu ödəməsi tələb edilmiş, əks halda isə yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət olunacağına dair ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh nə həmin məktuba rəsmi cavab verməmiş, nə də ki, heç bir ödəniş etməmişdir. Bundan başqa iddiaçı mediasiya prosesinin tətbiqi ilə bağlı cavabdehə, ondan sonra isə Mediasiya Şurasına məktublar göndərərək mübahisəni məhkəmədənkənar həll etmək üçün qarşı tərəfi mediasiya prosesinə dəvət etmişdir. Lakin cavabdeh mediasiya prosesində də iştirakdan yayınmışdır. xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası təşkil edilmiş və mediator tərəfindən “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” MŞB\12\2023-00154 nömrəli, xx.xx.2023-cü il tarixli arayış təqdim edilmişdir. Buna görə də iddiaçı borcun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı, cavabdeh tərəfindən pulun qanunsuz olaraq özündə saxlanılması iddiaçının əmlak hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh yuxarıda sadalanan qaimələr üzrə göstərilmiş pulu qanunsuz olaraq özündə saxladığına görə gecikdirilən müddət üçün cərimə faizləri də hesablanmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyun 2020-ci il tarixli 34/20 saylı “Alqı-Satqı Müqaviləsi”nin 4.4-cü bəndinə əsasən, “Alıcı” tərəfindən bu Müqavilə üzrə edəcəyi ödənişlər gecikdirildiyi halda “Satıcı” tərəfindən ona müvafiq ödəniş üzrə gecikdirilən hər gün üçün ödənilməli məbləğin 0,1%-i, ümumilikdə isə “Alıcı” tərəfindən ödəniləcək yekun məbləğin 10%-indən çox olmayaraq cərimə tətbiq edilə bilər. İndiki halda isə toplam cərimələrin məbləği ümumi ödənilməli olan borcun 10%-dən çox etdiyi üçün cərimə kimi tutulmalı məbləğ əsas borcun – 97.539,07 manatın 10%-i, yəni 9.754 manat həddində müəyyən edilir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 01 iyun 2020-ci il tarixdə 34/20 nömrəli Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı adı və sayı hazırki müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən, tərəflərin razılığa gəldikləri qaimə-fakturalarda göstərilən malı cavabdehin mülkiyyətinə ötürməyi, cavabdeh isə malı müvafiq qaydada qəbul etməyi və haqqını ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2020-ci il tarixli EBAL seriyalı 400305 saylı və xx.xx.2020-ci il tarixli EBAL seriyalı 500697 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 54154,83 manat və 43384,23 manat olmaqla, ümumilikdə 97539,06 manat dəyərində mal satılmışdır. xx.xx.2020-ci il tarixli HHƏ seriyalı 118912 saylı və xx.xx.2020-ci il tarixli HHƏ seriyalı 118913 saylı malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 54154,83 manat və 43384,23 manat olmaqla, ümumilikdə 97539,06 manat dəyərində mal cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən həmin mallar təhvil alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 01 iyun 2020-ci il tarixdə 34/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı adı və sayı hazırki müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən, tərəflərin razılığa gəldikləri qaimə-fakturalarda göstərilən malı cavabdehin mülkiyyətinə ötürməyi, cavabdeh isə malı müvafiq qaydada qəbul etməyi və haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 54154,83 manat və 43384,23 manat olmaqla, ümumilikdə 97539,06 manat dəyərində mal satılmış, həmin mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin mallar təhvil alınmışdır. Lakin cavabdeh tərəfindən malların dəyəri iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 iyun 2020-ci il tarixdə 34/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 4.4-cü bəndinə əsasən, “Alıcı” tərəfindən bu Müqavilə üzrə edəcəyi ödənişlər gecikdirildiyi halda “Satıcı” tərəfindən ona müvafiq ödəniş üzrə gecikdirilən hər gün üçün ödənilməli məbləğin 0,1%-i, ümumilikdə isə “Alıcı” tərəfindən ödəniləcək yekun məbləğin 10%-indən çox olmayaraq cərimə tətbiq edilə bilər. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 4800 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə dövlət rüsumunun məbləği 397,29 manat təşkil edir, lakin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 400 manat mediasiya xərciylə yanaşı 63 manat dövlət rüsumu, yəni artıq ödənilmişdir ki, artıq ödənilən 63 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri ala bilər. İş üzrə dövlət rüsumu məbləğinin 397,29 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 95,38 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, 400 manat məbləğində mediasiya xərcindən 381,65 məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 18,35 manat məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 97539,07 manat əsas borc, 4800 manat cərimə, mediasiya xərcinə görə 381,65 manat, cəmi 102720,72 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 97539,07 manat əsas borc, 4800 manat cərimə, mediasiya xərcinə görə 381,65 manat, cəmi 102720,72 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar