Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2169/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3415,72 manat (üç min dörd yüz on beş manat yetmiş iki qəpik) borc, 55 (əlli beş) manat dövlət rüsumunu, olmaqla cəmi 3470,72 (üç min dörd yüz yetmiş manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC və Cavabdeh MMC arasında 14 iyun 2023-cü il tarixdə AVR/ATL-230614 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində (X1) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcıya təmin etməyi, alıcı isə həmin malları təhvil alıb dəyərini müqavilədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən götürülmüş öhdəliklər tam yerinə yetirilsə də, cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC və Cavabdeh MMC arasında 3415,72 manat (üç min dörd yüz on beş manat yetmiş iki qəpik) məbləğində borcun olmasını təsdiq edən üzləşmə aktı imzalanmışdır. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Belə ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edilərək, 30 (otuz) gün ərzində 3415,72 manat (üç min dörd yüz on beş manat yetmiş iki qəpik) məbləğində olan borcun ödənilməsi xahiş edilmiş, xx.xx.2024-cü il tarixdə pretenziya məktubu cavabdehin nümayəndəsi tərəfindən qəbul edilmiş və imzalanmışdır. Həmin pretenziyanın qəbul olunması tarixindən 30 (otuz) gün keçmiş, lakin heç bir məbləğ ödənilməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə DVX onlayn kargüzarlıq vasitəsi ilə pretenziya məktubu cavabdehə göndərilmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə e-məhkəmə sistemi vasitəsilə cavabdehə pretenziya məktubu da göndərilmiş, lakin hazırkı tarixədək heç bir rəsmi cavab alınmamışdır. Qeyd olunmuş 3415,72 manat (üç min dörd yüz on beş manat yetmiş iki qəpik) borc İddiaçı QSC-nin mühasibatlıq şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında da öz əksini tapmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 445.2.1, 448-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı QSC ilə alıcı qismində Cavabdeh MMC arasında 14 iyun 2023-cü il tarixli, AVR/ATL-230614 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcıya təmin etməyi, alıcı isə həmin malları təhvil alıb dəyərini müqavilədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mallar alıcının satıcıya telefon, elektron poçt və ya kuryer vasitəsilə bildirdiyi sifarişi əsasında satıcı tərəfindən tərtib olunan və alıcıya elektron qaydada göndərilən elektron qaimə-faktura üzrə müəyyən olunan adda, çeşiddə, miqdarda və məbləğdə satıcı tərəfindən alıcıya təchiz olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələri ilə müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər, satıcı tərəfindən alıcıya göndərilən elektron qaimə-fakturanın tarixindən etibarən 10 iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən satıcının alıcı tərəfindən müqavilə ilə müəyyən edilmiş öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəyən zərərin ödənilməsini tələb etmək, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən alıcının müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək vəzifəsi vardır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2023-cü il tarixli, AVR/ATL-230614 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 1 nömrəli əlavə olan razılaşmanın məzmunundan müəyyən olunur ki, alıcı müqavilə üzrə ödənilməmiş ƏDV daxil 4500 manat məbləği razılaşmada əksini tapmış cədvələ uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürür. Son ödəniş tqrixi olaraq xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Həmin razılaşmanın 4-cü bəndinə əsasən gecikdirilmiş ödəmənin ümumi dəyəri 10%-i keçdiyi təqdirdə satıcı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq borcun və borcun qaytarılması ilə bağlı çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı QSC tərəfindən ümumi dəyəri 4499,95 manat olan və aktda adıçəkilən mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. İddiaçı QSC tərəfindən tərtib edilmiş maliyyə arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə olan borcu 3415,72 manat təşkil edir.
11. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktının məzmunundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı QSC-yə borcu 3415,72 manat təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış 3415,72 manat əsas borcun 30 (otuz) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
15. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcıya təhvil verməyi, alıcı isə həmin malları təhvil alıb dəyərini müqavilədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Həmin borcun mövcudluğu işdə olan sübutlarla (üzləşmə aktları, malların təhvil qəbul aktları və s) öz təsdiqini tapır. Belə ki, üzləşmə aktı tərtib olunmuş və tərəflər imza və möhürləri ilə xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı QSC-yə 3415,72 manat borcunun olduğunu təsdiq etmişlər.
16. İddia tələbini Cavabdeh MMC-dən həmin məbləğin iddiaçının xeyrinə tutulması təşkil edir.
17. İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 14 iyun 2023-cü il tarixli, AVR/ATL-230614 nömrəli müqavilənin 4.3-cü maddəsinə əsasən alıcı müqavilənin şərtlərinə uyğun qaydada təhvil verilmiş malın dəyərini ödəməlidir. Cavabdeh MMC tərəfindən iddiaya etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktı və üzləşmə aktı cavabdeh tərəfindən təsdiq edilmişdir.
18. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası əsaslı hesab edilməli, iddia təmin edilməli və Cavabdeh MMC-dən 3415,72 manat (üç min dörd yüz on beş manat yetmiş iki qəpik) məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulmalıdır.
19. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.
20. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,16 manat (ödənilməli olan dövlət rüsumu) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən 3415,72 manat (üç min dörd yüz on beş manat yetmiş iki qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,16 manat (əlli dörd manat on altı qəpik) olmaqla, ümumilikdə 3469,88 manat (üç min dörd yüz altmış doqquz manat səksən səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova