Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2178/2021 11.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” QSC-yə qarşı “hesab-fakturanın ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “xxxx” MMC (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” QSC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin vaqonları vaxtında boşaldılmamasına görə iddiaçıya hesabladığı 6574.84 manat “xidmətlərə görə” yığımı əsassız hesab etməklə, bu barədə tərtib edilmiş 19.01.2021-ci il tarixli hesab-fakturanın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkar kimi un istehsal etməklə məşğul olur, xammal kimi taxıl məhsullarını əsasən xarici ölkələrdən almaqla, daşımaların əksəriyyət hissəsi dəmiryolu vasitəsi ilə həyata keçirilir. 01.01.2021-ci il tarixdə cavabdehin Zarat dəmiryolu stansiyasına iddiaçının ünvanına ərzaq buğdası yükü ilə 17 vaqon daxil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli, 488 №-li qərarı ilə Respublika ərazisində Koronovirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək Bakı şəhərinə, Sumqayıt şəhərinə və Abşeron rayonuna giriş-çıxış məhdudlaşdırılmış, Yeni il bayramı günlərində isə tamamilə qadağan olunmuşdur. Müəssisə Bakı şəhərində yerləşdiyinə və əməkdaşların giriş-çıxışı qadağan olunan Bakı və Sumqayıt şəhərlərində yaşadıqlarına görə buğda vaqonları Zarat dəmiryolu stansiyasına daxil olduğu gündən, yəni 01.01.2021-ci ildən 05.01.2021-ci ilə qədər Zarat istiqamətində olan karantin postlarından keçə bilməmişlər. Bu zaman müvafiq ezamiyyət vərəqələri və “https:icazə.qov.az” portalında qeydiyyatı da nəzərə alınmamışdır. Yalnız 05.01.2021-ci il tarixdə cəmiyyətin əməkdaşları Zarat stansiyasına gedərək ünvanlarına daxil olmuş buğda vaqonlarını rəsmiləşdirərək boşaldılmağa verə bilmişlər. Sonradan onlara məlum olmuşdur ki, cavabdeh vaqonların vaxtında boşaldılmamasına görə müəssisəyə 5571,90 manat “xidmətlərə görə” və 1002,94 manat (18% ƏDV) olmaqla (cəmi 6574,84 manat) yığım hesablamış və bu barədə 19.01.2021-ci il tarixli hesab-faktura göndərmişdir. Cavabdehə 26.01.2021-ci il tarixdə məktubla müraciət edərək iddiaçının özündən asılı olmayan səbəblərdən vaqonların vaxtında boşaldılmadığı qeyd edilməklə, X5 xidmətlərin göstərilməsinə dair müqavilənin 6.1-ci maddəsinə əsasən dövlət orqanlarının müqavilənin icrasının mümküsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktların fors-major hallarına aid edilməklə belə fors-major halın baş verməsi tərəflərin müqavilə ilə üzərlərinə götürdükləri öhdəliklərin icra edilməməsinə görə məsuliyyətdən azad olunmasına səbəb olduğu bildirilmiş və tətbiq olunmuş 6574,84 manat xidmətlərə görə hesablanmış yığımın ləğv olunması xahiş edilmişdir. Cavabdehin 18.02.2021-ci il tarixli məktubunda Cəmiyyət sədrinin əmri ilə təsdiq edilmiş “Yük daşımaları üzrə əlavə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”na istinad edilərək hesablanmış yığımların müəssisənin xeyrinə ləğv edilməsinin, qeyd-şərtsiz olaraq dəmir yolu ilə daşımaları həyata keçirən digər hüquqi və fiziki şəxslərlə münasibətdə ayrı-seçkiliyə gətirib çıxaracağı bildirilmişdir. Hesab edir ki, cavab əsassız olmaqla həmin dövr üçün “xidmətə görə” iddiaçıya yığımın hesablanması dəmir yolundan xidmətlərin göstərilməsinə dair müqaviləyə və ölkə əhalisinin un və çörəklə təminatında yaranmış vəziyyətə uyğun deyildir və ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, cavabdehlə “xxxx” MMC arasında 21.01.2021-ci il tarixdə müqavilə imzalanmış, həmin müqavilənin “D” bəndinə görə dalan dəmir yolunda yük əməliyyatlarının aparılması üçün iddiaçı “xxxx” MMC ilə işgüzar münasibətlərə daxil olmuşdur. Bundan əlavə Nazirlər kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarının 2 saylı Əlavəsi ilə təsdiq edilmiş kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinə dair “Təlimat”ın 4.1-ci bəndinə əsasən iddiaçının həmin dövrdə hüquqları məhdudlaşdırılmamışdır. Beləliklə, iddiaçının nümayəndələri karantin rejimi dövründə Zarat stansiyasına getmək imkanına malik olmuş, iddiaçının karantin rejimini bəhanə edərək stansiya xidmətlərinə görə hesablanmış yığımın ləğvini tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən vaqonların boş dayanmasına görə hesablanmış yığımların ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi B.Rzayev iddia tələbinə etiraz edib, iddia ərizəsinə dair etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli “Zarat dəmir yolu stansiyasına birləşən dalan dəmir yoluna vaqonların verilib-götürülməsi ilə bağlı istifadəçi kimi əlavə olunmağa dair” müqavilənin 1-ci bədinə əsasən istifadəyə verən (“xxxx” MMC) ona məxsus olan Azərbaycan Respublikası, Siyəzən rayonu, Zarat kəndində yerləşən X5 istifadəçinin (“xxxx” MMC) istifadə edə bilməsi üçün ona istifadə hüququ verir, istifadəçi isə bunun müqabilində istifadəyə verənə bu müqavilə ilə razılaşdırılmış haqq ödəyir. Müqavilə tərəflərin möhürləri və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilmişdir. - İddiaçı 26.01.2021-ci il tarixli 06 nömrəli “boşdayanmağa görə tətbiq olunmuş yığımın ləğv edilməsi haqqında” məktubla cavabdehə müraciət edərək 01.01.2021-ci il tarixdə Zarat stansiyasına iddiaçının ünvanına daxil olmuş 17 buğda vaqonuna görə tətbiq olunmuş 6574,84 manat xidmətlərə görə yığımın ləğv olunması barəsində sərəncam verilməsini xahiş etmişdir. Məktubda göstərilmişdir ki, iddiaçı Bakı şəhərində yerləşdirinə və əməkdaşları isə giriş-çıxışın qadağan olunduğu ərazilərdə yaşadıqlarına görə buğda vaqonları Zarat stansiyasına daxil olduqları gündən, yəni 01.01.2021-ci ildən 05.01.2021ci il tarixə qədər karantin postundan keçə bilməmişlər. Bu zaman ezamiyyət vərəqələri və icaze.gov.az portalında qeydiyyat da nəzərə alınmamışdır. Buna görə də vaqonların vaxtında boşaldılmaması iddiaçının özündən asılı olan səbəbdən baş vermədiyi üçün yaranan məsuliyyətdən azad edilməlidir. - Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubundan məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 dekabr tarixli 488 nömrəli qərarının 2 saylı əlavəsi ilə təsdiq edilmiş kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətlərinə dair “Təlimat”ın 4.1-ci bəndinə əsasən yaranmış hüquqlarından (hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, Təlimatın 2.1-ci bəndində göstərilən sahələrdə fəaliyyət göstərəcək əməkdaşlar barədə məlumatları gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə nəqliyyat vasitələri ilə birgə yol verilir) yararlanma imkanları olmuşdur. Cəmiyyət fors-major halların təsirinə məruz qaldığı zaman xüsusi karantin rejimində sahibkarlıq fəaliyyətinə icazə verilməməsi və tam məhdudiyyət qoyulması hallarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilə və belə halların baş verdiyi gündən etibarən tərəf 3 təqvim günündən gec olmayaraq yazılı surətdə Cəmiyyətə məlumat verilə bilərdi. Ünvanlarına daxil olan vaqonlara görə dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımalaarı) göstərilən xidmətlərin tariflərinin, yığımların müəyyən edilməsi baxımından yük əməliyyatları aparan stansiyalarda yükalanın (yükgöndərənin) ünvanına daxil olan vaqonlara görə Cəmiyyət sədrinin müvafiq əmri ilə təsdiq edilmiş “Yük daşımaları üzrə əlavə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”nın tələblərinə uyğun olaraq, yığımlar tətbiq olunmuşdur. Tətbiq edilən bu yığımların müəssisənin xeyrinə ləğv edilməsi, qeyd-şərtsiz olaraq dəmir yolu ilə daşımaları həyata keçirən digər hüquqi və fiziki şəxslərlə münasibətdə ayrıseçkiliyə gətirib çıxaracaqdır. - Cavabdehlə “xxxx” MMC arasında bağlanmış “Dalan dəmir yolunda xidmətlərin göstərilməsinə dair” 21.01.2021-ci il tarixli 36594 nömrəli müqavilədən aydın olur ki, icraçı (“xxxx” QSC) Zarat stansiyasında məntəqə Dalan yolu sahibinə məxsus olan dalan dəmir yoluna sifarişçinin (“xxxx” MMC) istifadəsində olan lokomotivin stansiyasının ümumi istifadə yollarına (stansiyanın X4 əsasən qatarların qəbul edilməsi və göndərilməsi üçün nəzərdə tutulmuş bütün yollara) çıxmaqla vaqonların verilib-götürülməsinin, zərurət yarandığı təqdirdə isə sifarişçinin yazılı müraciəti əsasında icraçı öz lokomotivi ilə dalan dəmir yolunun yükləmə-boşaltma sahələrinə vaqonların verilib-götürülməsini və dalan dəmir yolunda digər əlavə manevr işlərinin (eyni vaxtda verilən vaqonların yükləməboşaltma sahələrinə paylanması, yükləmə-boşaltma yerində vaqonların yerinin dəyişdirilməsi, bir yükləmə-boşaltma yerindən digərinə və ya başqa yola verilib götürülməsi, lokomotiv qoşulu vəziyyətdə yük əməliyyatının aparılması, vaqonların tərəziyə verilib-götürülməsi və s.) həyata keçirilməsi xidmətini yerinə yetirməyi, sifarişçi isə bu Müqavilə ilə müəyyən edilmiş qaydada göstərilmiş xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş xidmətin yerinə yetirilməsinə görə ödəniləcək xidmət haqqı qanunvericilikdə nəzərdə tutulduğu hallarda ƏDV tətbiq edilməklə dalan dəmir yolunda yük əməliyyatı aparan istifadəçilərə göstərilən xidmət haqqı, “xxxx” QSC-nin 24 aprel 2017-ci il tarixli 44/s nömrəli əmri ilə təsdiq edilmiş Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”nda (6.4-cü bəndi nəzərə alınmaqla) dalan dəmir yolunda yük əməliyyatı aparan digər hüquqi və fiziki şəxslərlə münasibətdə nəzərdə tutulmuş əsaslara görə istifadəçilərin ünvanına taxıl (ərzaq buğdası) yüklü vaqonlar gəldiyi halda isə “Yük daşımalar üzrə əlavə xidmətlərə dair yığımların hesablanması və tətbiqi qaydalarında” dalan yolu sahibinə uyğun nəzərdə tutulmuş əsaslara görə aparılır. Müqavilənin 6.4-cü maddəsinə əsasən fors-major hallarının baş verməsi barədə yazılı xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Müqavilə üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Müqavilənin 6.5-ci maddəsinə əsasən fors-major halların baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Müqavilənin 8.1-ci maddəsinə əsasən həmin müqavilə ... 01.01.2021-ci il tarixdən qüvvəyə minir və 31.12.2024-cü ilədək qüvvədədir. Həmin müqavilə “xxxx” MMC, iddiaçı və cavabdehin möhürləri, səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. 19.01.2021-ci il tarixli 02 nömrəli hesabdan aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya xidmətlərə görə 6574,84 manat yığım hesablanmışdır. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.1-ci bəndində göstərilmişdir ki, Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. Nizamnamənin 3-cü bəndinə əsasən ... dalan yollarında xidmət qaydalarının müəyyənləşdirilməsi və hərəkətin təhlükəsizliyi tələblərinə riayət edilməsi; ... dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi ... Cəmiyyəttin fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir. “xxxx” QSC tərəfindən qəbul edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi” Qaydalarının 1.1-ci bəndinə əsasən X6, X3, X2 haqqında Sazişi rəhbər tutaraq dəmir yolu xidmətlərindən istifadə edən bütün yük göndərənlərdən, yükalanlardan və dalan yolu sahiblərindən stansiyalar tərəfindən onlara göstərilmiş xidmətlərə görə yığımlar tutulur. Qaydaların 6.8-ci bəndinə əsasən dalan yolunda boşaldılması (yüklənməsi) üçün daxil olmuş vaqonlar (konteynerlər) (məxsusluğundan asılı olmayaraq) yükalanın (yükgöndərənin) təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirilərsə, vaqonların (konteynerlərin) ümumi istifadə yollarında dayanmasına görə yığım stansiyanın texnoloji iş prosesi nəzərə alınmaqla müvafiq olaraq cədvəl № 8 və cədvəl № 9-dakı qiymətlərlə 1.5 əmsalı tətbiq edilməklə hesablanmalı və əgər stansiyanın işində çətinliklər yaranarsa, Cəmiyyət rəhbərliyi tərəfindən yığımın məbləği yükalananı (yükgöndərəni) yazılı formada məlumatlandırdıqdan 24 saat sonra 5 dəfəyə qədər artırıla bilər. İddiaçının nümayəndəsi izahatında müəssisənin Bakı şəhərində yerləşdiyi və əməkdaşların isə ölkədə tətbiq edilmiş karantinə görə giriş-çıxışı qadağan olunan Bakı və Sumqayıt şəhərlərində yaşadıqlarına görə buğda vaqonlarının Zarat dəmiryolu stansiyasına daxil olduğu tarixdə, yəni 01.01.2021-ci ildə boşalda bilmədikləri, iddiaçının öz işçilərini bu məqsədlə “https:icazə.gov.az” portalında qeydiyyata aldırmaq üçün vaxtında müraciət etdiyini, lakin yalnız 05.01.2021-ci il tarixdə həmin portalda icazələrin qeydiyyata alındığı, vaqonların vaxtında iddiaçıdan asılı olmayan səbəbdən boşaldıla bilməyəcəyi barədə əvvəlcədən cavabdehə məlumat verildiyini göstərsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bundan əlavə, qüvvədə olan mülki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən xidmətlərə görə yığımın hesablanması barədə 19.01.2021-ci il tarixli hesab-fakturanın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” QSC-yə qarşı “xidmətlərə görə yığımın əsassız hesab edilməklə, 19.01.2021-ci il tarixli hesab-fakturanın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2178/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2178/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver