Məhkəmə qərarları › İş №e-2-2(113)-2179/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2179/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2179/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı müqavilə üzrə təqdim olunmuş mallara görə 700 000.01 manat, “Müxtəlif qalınlıqlı 273 mm ölçülü tikişsiz polad boruların tədarükü haqqında” 04 avqust 2023-cü il tarixli, NQT- 2023129 saylı müqavilə üzrə təqdim olunmuş mallara görə 1 500 000 manat və “530 mm ölçülü düztikişli polad boruların tədarükü haqqında” 07 sentyabr 2023-cü il tarixli, NQT- 2023161 saylı müqavilə üzrə 826 830.22 manat olmaqla, cəmi - 3 026 830.23 manat borcun; iddiaçının bank qarşısında götürdüyü öhdəliklərin icrasında yaranan gecikmələrə görə bank tərəfindən iddiaçıya hesablanmış 104 471.96 manat məbləğində əlavə faiz ödənişlərinin; yaranan gecikmələr səbəbindən "xxxx" QSC tərəfindən iddiaçıya hesablanmış 58 725 manat məbləğində cərimənin; cavabdehin sifarişi əsasında iddiaçının ölkəyə gətirdiyi malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı ödədiyi 20 000 manatın; hüquqi yardım üçün ödənilən 500 manatın; dövlət rüsumu kimi ödənilən 2396 manatın cavabdehdən tutulub, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı – tərəflər arasında bağlanmış 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı, 04 avqust 2023- cü il tarixli, NQT-2023129 saylı və 07 sentyabr 2023-cü il tarixli, NQT-2023161 saylı“Malların alqı-satqı müqavilələri” nə əsasən İddiaçı təşkilat Cavabdeh təşkilata mallar təqdim etmişdir. “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı Müqaviləüzrə "xxxx" MMC Cavabdehnə 16 avqust 2023-cü il tarixdə 613 205, 90 (altı yüz on üç min iki yüz beş manat, 90 qəpik) manat dəyərində, 26 sentyabr 2023-cü il tarixdə 561 527, 26 (beşyüz altmışbir min beşyüz iyirmi yeddi manat, 26 qəpik) manat dəyərində, 27 sentyabr 2023-cü il tarixdə 582 933, 10 (beşyüz səksən iki min doqquz yüz otuz üç manat, 10 qəpik) manat dəyərində, 23 oktyabr 2023- cü il tarixdə isə 80 153, 40 (səksən min bir yüz əlli üç manat, 40 qəpik) manat dəyərində olmaqla, cəmi - 1 837 819, 66 (bir milyon səkkiz yüz otuz yeddi min səkkiz yüz on doqquz manat, 66 qəpik) manat məbləğində mal təqdim etmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən tədarük edilmiş malların dəyəri Tərəflər arasında təsdiq edilmiş təhvil-qəbul aktına uyğun olaraq Satıcının təqdim etdiyi hesabfakturayaəsasən 30 təqvim günü ərzində ödənilməlidir. Satıcı - "xxxx" MMCtəhvil verdiyi malların dəyərinin ödənilməsi ilə bağlı Alıcı - Cavabdehnə hesabfakturalar göndərmiş, lakin Alıcı aldığı malların dəyərinin yalnız 1 137 819,65 (bir milyon bir yüz otuz yeddi min səkkiz yüz on doqquz manat, 65 qəpik) manatını ödəmiş, qalan 700 000.01 (yeddiyüz min manat, 01 qəpik) manat məbləğində borcu isə ödəməmişdir. “Müxtəlif qalınlıqlı 273 mmölçülü tikişsiz polad boruların tədarükü haqqında” 04 avqust 2023-cü il tarixli, NQT- 2023129 saylı Müqaviləəsasında isə "xxxx" MMCCavabdehnə 04 oktyabr 2023-cü il tarixdə 182 622,04 (bir yüz səksən iki min alt yüz iyirmi iki manat, 04 qəpik) manat dəyərində, 28 oktyabr 2023-cü il tarixdə 1 307 847,18 (bir milyon üç yüz yeddi min səkkiz yüz qırx yeddi manat, 18 qəpik) manat dəyərində, 07 noyabr 2023-cü il tarixdə isə 97 012,02 (doxsan yeddi min on iki manat, 02 qəpik) manat dəyərində olmaqla, cəmi – 1 587 481,24 (bir milyon beşyüz səksən yeddi min dörd yüz səksən bir manat, 24 qəpik) manat dəyərində mal satmışdır. Həmin müqavilənin 2.3-cü və 2.5-ci bəndlərinə əsasən tədarük edilmiş malların dəyəri Tərəflər arasında təsdiq edilmiş təhvilqəbul aktına uyğun olaraq Satıcının təqdim etdiyi hesab-fakturayaəsasən 30 təqvim günü ərzində ödənilməlidir. Satıcı - "xxxx" MMCtəhvil verdiyi malların dəyərinin ödənilməsi ilə bağlı Alıcı - Cavabdehnə hesabfakturalar göndərmiş, lakin Alıcı aldığı malların dəyərinin yalnız 87 481.24 (səksən yeddi min dörd yüz səksən bir manat, 24 qəpik) manatını ödəmiş, qalan 1 500 000 (bir milyon beşyüz min) manat məbləğində borcu isə ödəməmişdir. “530 mm ölçülü düztikişli polad boruların tədarükü haqqında” 07 sentyabr 2023-cü il tarixli, NQT-2023161 saylı Müqaviləəsasında isə "xxxx" MMCCavabdehnə 25 dekabr 2023-cü il tarixdə 336 608.54 (üç yüz otuz altı min altı yüz səkkiz manat, 54 qəpik) manat dəyərində, 19 yanvar 2024-cü il tarixdə 525 221.68 (beş yüz iyirmi beş min iki yüz iyirmi bir manat, 68 qəpik) manat dəyərində olmaqla, cəmi- 861 830.22 (səkkiz yüz altmışbir min səkkiz yüz otuz manat, 22 qəpik) manat dəyərində mal satmışdır. Həmin müqavilənin 2.4-cü və 2.5-ci bəndlərinə əsasən tədarük edilmiş malların dəyəri Tərəflər arasında təsdiq edilmiş təhvilqəbul aktına uyğun olaraq Satıcının təqdim etdiyi hesab-fakturayaəsasən 30 təqvim günü ərzində ödənilməlidir. Satıcı - "xxxx" MMCtəhvil verdiyi malların dəyərinin ödənilməsi ilə bağlı Alıcı - Cavabdehnə hesabfakturalar göndərmiş, lakin Alıcı aldığı malların dəyərinin yalnız 35 000 (otuz beş min) manatını ödəmiş, qalan 826 830.22 (səkkiz yüz iyirmi altı min səkkiz yüz otuz manat, 22 qəpik) manat məbləğində borcu isə ödəməmişdir. "xxxx" MMChəmin müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı həm Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR), həm də Cavabdehnə pretenziya məktubları göndərmiş və yaranmış borcun ödənilməsinin təmin edilməsinixahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən göndərilmiş 14 dekabr 2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki – Müəssisənizlə bağlanılmış müqavilələr üzrə yaranmış kreditor borcun ödənilməsi istiqamətində Trest tərəfindən müvafiq tədbirlər görüləcəkdir. Cavabdehnə göndərilən 03 dekabr 2023-cü il tarixli pretenziya məktubunaCavabdeh tərəfindən göndərilmiş 20 dekabr 2023-cü il tarixli cavab məktubunda isə - sifarişçi təşkilatlardan vəsait daxil olduqda, həmin müqavilələr üzrə yaranmış borc məbləğinin ödəniləcəyibildirilmişdir. Lakin indiyədək həmin borc üzrə heç bir ödəniş edilməmişdir. Qeyd olunan müqavilələr üzrə təqdim olunmuş mallara görə Cavabdeh "xxxx" MM-Cyə ödəməli olduğu borcun ümumi məbləği hazırda 3 026 830.23 (üç milyon iyirmi altı min səkkiz yüz otuz manat, 23 qəpik) manat təşkil edir. Bundan başqa, "xxxx" MMCCavabdeh qarşısında götürdüyü yeni öhdəliklər üzrə idxal etməli olduğu malların ödənişlərini bank vəsaiti hesabına (faktorinq xəİi) qarşılamağa çalışsa da, ödənişlərdə yaranan gecikmələr "xxxx" MMC-nin bank öhdəliklərinin də icrasını gecikdirmiş və nəticədə bank ödənişləri üzrə "xxxx" MM-Cyə 104 471.96 (bir yüz dörd min dörd yüz yetmişbir manat, 96 qəpik) manat məbləğində əlavə faiz ödənişləri hesablanmışdır. Qeyd olunanlarla yanaşı, yaranan gecikmələr səbəbindən "xxxx" QSC"xxxx" MM-Cyə 58 725 (əlli səkkiz min yeddi yüz iyirmi beş) manat məbləğində cərimə hesablamış, ödənilməyən borclar səbəbindən isə malların daşınması üzrə sanksiyatətbiq etmişdir. Həmçinin, yaranan gecikmələr səbəbindən "xxxx" MMCgömrük sərhəddindən keçirilən malları üzrə rüsum ödənişlərini vaxtında icra edə bilmədiyi üçün mallar müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş və müvəqqəti saxlanc gömrük proseduruna görə hər gün üçün əlavə komissiya ödənilməklə, "xxxx" MMCyəəlavə olaraq 20 000 (iyirimi min) manat məbləğində zərər vurulmuşdur. Qeyd olunan müqavilələr, bank öhdəlikləri, cərimələr və əlavə ödənişlər üzrəCavabdeh "xxxx" MMC-yə ödəməli olduğu borcun ümumi məbləği hazırda 3 210 027.19 (üç milyon iki yüz on min iyirmi yeddi manat, 19 qəpik) manat təşkil edir

3. İddiaçı daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verib cavabdehdən “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023cü il tarixli, NQT2023094 saylı müqavilə üzrə 27280 manat, cavabdehin təqsiri üzündən iddiaçının 04 avqust 2023-cü il tarixli, NQT-2023129 saylı müqavilə üzrə üzləşdiyi 114026,71 manat və 07 sentyabr 2023-cü il tarixli, NQT-2023161 saylı müqavilə üzrə üzləşdiyi 64844,93 manat zərər, ümumilikdə 206151,64 manat pulun, hüquqi yardım üçün ödənilən 500 manatın; dövlət rüsumu kimi ödənilən 2396 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.İsayev iddia tələbini qismən, “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023-cü il tarixli, NQT2023094 saylı müqavilə üzrə tələb edilən illik 5 faiz hissədə qəbul etdiklərini, lakin iddiaçının hesablamanı düzgün aparmadığını, tələb edilməli olan faiz borcunun məbləğinin 27280 manat deyil, 18424,32 manat olduğunu, həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirib iddianın qalan hissədə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilələr üzrə malların dəyəri tərəflərindən tam şəkildə ödənilmiş, iddia ərizəsində göstərilmiş vəsaitlərin vaxtında ödənilməməsi ilə bağlı iddiaçının düşdüyü müxtəlif zərərlərə görə onların hər hansı təqsiri, habelə zərər ilə ödənişlərin vaxtında edilməməsi arasında səbəbli əlaqə də yoxdur. Bu səbəbdən iddia qalan hissədə əsassızdır.

6. Cavabdehin nümayəndəsi F.Məmmədov digər nümayəndə ilə eyni məzmunlu izahat vermişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Tərəflər arasında 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı, 04 avqust 2023-cü il tarixli, NQT-2023129 saylı və 07 sentyabr 2023-cü il tarixli, NQT-2023161 saylı “Malların alqı-satqı müqavilələri” bağlanmışdır.

9. “Rifli polad vərəqələrin tədarükü haqqında” 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı müqavilənin 2.3-cü bəndinə əsasən tədarük edilmiş malların dəyəri Tərəflər arasında təsdiq edilmiş təhvil-qəbul aktına uyğun olaraq Satıcının təqdim etdiyi hesab-fakturaya əsasən 30 təqvim günü ərzində ödənilməlidir.

10. “Müxtəlif qalınlıqlı 273 mm ölçülü tikişsiz polad boruların tədarükü haqqında” 04 avqust 2023-cü il tarixli, NQT-2023129 saylı Müqavilənin 2.3-cü və 2.5-ci bəndlərinə əsasən tədarük edilmiş malların dəyəri Tərəflər arasında təsdiq edilmiş təhvil qəbul aktına uyğun olaraq Satıcının təqdim etdiyi hesab-fakturaya əsasən 30 təqvim günü ərzində ödənilməlidir.

11. “530 mm ölçülü düztikişli polad boruların tədarükü haqqında” 07 sentyabr 2023cü il tarixli, NQT-2023161 saylı müqavilənin 2.4-cü və 2.5-ci bəndlərinə əsasən tədarük edilmiş malların dəyəri Tərəflər arasında təsdiq edilmiş təhvil qəbul aktına uyğun olaraq Satıcının təqdim etdiyi hesab-fakturaya əsasən 30 təqvim günü ərzində ödənilməlidir.

12. Cavabdeh tərəfindən təqdim olunmuş arayışa əsasən, 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı müqavilə üzrə gecikmə məbləği (illik 5%) 18424,32 manat təşkil edir.

13. İddiaçı tərəfindən cavabdehə 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı müqavilə üzrə EBDM 065338 saylı (613205,90 manat), EBDO 821957 saylı (561527,26 manat), EBDP 239244 saylı (582933,10 manat), EBDR 013446 saylı (80153,40 manat) elektron qaimələr təqdim edilmişdir.

14. İddiaçıya məxsus bank hesabından çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə EBDM 065338 saylı qaimə üzrə xx.xx.2023-cü il tarixdə 30000 manat, xx.xx.2023-cü ildə 150000 manat, xx.xx.2023-cü ildə 260360,29 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 22845,61 manat, EBDO 821957 saylı qaimə üzrə xx.xx.2023-cü ildə 327154,39 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 100000 manat, xx.xx.2024-cü ildə 47459,36 manat, xx.xx.2024-cü il tarixdə 36913,51 manat, EBDP 239244 saylı qaimə üzrə xx.xx.2024-cü ildə 582933,10 manat, EBDR 013446 saylı üzrə qaimə xx.xx.2024-cü ildə 80153,40 manat vəsait ödənilmişdir.

15. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

16. Belə ki, iddia tələbləri iki hissədən ibarətdir: 1. 22 iyun 2023-cü il tarixli, NQT- 2023094 saylı müqavilə üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış borcun ödənilməsi; 2. 04 avqust 2023-cü il tarixli, NQT-2023129 saylı və 07 sentyabr 2023-cü il tarixli, NQT-2023161 saylı müqavilələr üzrə öhdəliklərin vaxtında icra edilməməsinə görə iddiaçının məruz qaldığı zərərin ödənilməsi.

17. Məhkəmə iddia ərizəsini birinci hissədə qismən əsaslı hesab edir.

18. Belə ki, iddiaçı 22 iyun 2023-cü il tarixli, NQT-2023094 saylı müqavilə üzrə borcun ödənilməsinin gecikdirildiyini, borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 27280 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini irəli sürmüşdür.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

21. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

22. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

23. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

24. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

25. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

28. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

29. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

30. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi əsaslıdır.

31. Bununla yanaşı, iddiaçı borcun məbləğinin 27280 manat olmasını iddia etsə də, iddia ərizəsindən görünür ki, iddiaçı həmin borcun hesablanmasının elektron qaimələr təqdim edildiyi gündən 30 gün sonra olmaqla qaimənin tam ödənildiyi günə qədər olan müddət üçün hesablamışdır.

32. Halbuki materiallardan görünür ki, elektron qaimələr üzrə cavabdeh birdəfəlik ödəniş etməmiş, ayrı-ayrı tarixlərdə qismən ödəmələr olmuşdur.

33. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq faiz borcunun məbləği həmin ödənişlər nəzərə alınmaqla ümumilikdə 18424,32 manat müəyyən edilməlidir.

34. Belə ki, iddiaçıya məxsus bank hesabından çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə EBDM 065338 saylı qaimə üzrə xx.xx.2023-cü il tarixdə 30000 manat, xx.xx.2023-cü ildə 150000 manat, xx.xx.2023-cü ildə 260360,29 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 22845,61 manat, EBDO 821957 saylı qaimə üzrə xx.xx.2023-cü ildə 327154,39 manat, xx.xx.2023-cü ildə 50000 manat, xx.xx.2023-cü ildə 100000 manat, xx.xx.2024-cü ildə 47459,36 manat, xx.xx.2024-cü il tarixdə 36913,51 manat, EBDP 239244 saylı qaimə üzrə xx.xx.2024-cü ildə 582933,10 manat, EBDR 013446 saylı üzrə qaimə xx.xx.2024-cü ildə 80153,40 manat vəsait ödənilmişdir.

35. Məhkəmə iddia ərizəsini ikinci hissədə əsassız hesab edir.

36. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı birinci müqavilələr üzrə ödəmələrin gecikməsinin səbəbindən maliyyə çətinlikləri ilə üzləşdiyini, bağladığı kredit müqaviləsi üzrə əlavə faizlər ödəməyə məcbur olduğunu, "xxxx" QSC-nin daşıma xidmətlərindən istifadə ilə bağlı xidmət haqlarını vaxtında ödəyə bilmədiyini, nəticədə onun barəsində cərimə və sanksiyalar tətbiq edildiyini, ölkəyə idxal etdiyi malları gömrük prosedurundan keçirən zaman da maliyyə çətinlikləri ilə üzləşdiyini, gömrük rəsmiləşdirilməsi gecikmiş mallara görə əlavə gömrük rüsumlarının hesablandığını, bu səbəbdən ona 04 avqust 2023-cü il tarixli, NQT-2023129 saylı müqavilə üzrə 114026,71 manat, 07 sentyabr 2023cü il tarixli, NQT-2023161 saylı müqavilə üzrə 64844,93 manat zərər dəydiyini bildirir.

37. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

38. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

39. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

42. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

43. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

44. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur.

45. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinin tələblərinə əsasən zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyi iddiaçının üzərinə düşür.

46. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin ona birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

47. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddəsində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

48. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

49. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabehə aid edilməlidir.

50. Belə ki, xx.xx.2024-cü il tarixli, OD1 saylı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 12 saylı Vəkil Bürosunun hesabına 500 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

51. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

52. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 18424,32 manat faiz borcu və 500 manat hüquqi yardıma görə xərc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 145,28 manat dövlət rüsumu cavabdehə, 350,87 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

55. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun artıq hissəsi (1899,95 manat) iddiaçıya qaytarılmalıdır.

56. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə vermiş, hazırkı tələblərə görə ödənilməli olan dövlət rüsumunun məbləği 496,15 manat təşkil edir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehndən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 18424,32 manat faiz borcu, 500 manat hüquqi yardıma görə xərc, 145,28 manat dövlət rüsumu, ümumilikdə 19069,60 (on doqquz min altmış doqquz manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 350,87 (üç yüz əlli manat səksən yeddi qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Artıq ödənilmiş 1899,85 (bir min səkkiz yüz doxsan doqquz manat səksən beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə dövlət büdcəsindən geri qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar