Məhkəmə qərarları › İş №e-2-2(113)-2180/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2180/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2180/2021 21.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçının nümayəndəsi Qanuni nümayəndə cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 22.03.2021-ci il tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dollarının Azərbaycan manatına məzənnəsi ilə 88,098.46 ABŞ dollarının ekvivalenti olan 149,767.39 AZN cavabdehdən iddiaçının xeyrinə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC 2013-cü ildən etibarən bir-biri ilə kommersiya münasibtlərində olmuşlar. İki şirkət arasında münasibətlər, əsas etibarilə iddiaçı tərəfindən cavabdehə müxtəlif texniki və elektron avadanlıqların, o cümlədən, kompyuter texnikası və kompyuter avadanlığının təchizatı ilə səciyyələnmişdir. 2018-ci ildən etibarən İddiaçı göstərilən malları cavabdehə 25/18 saylı 26.04.2018 tarixli müqavilə (əlavə olunur) əsasında tədarük etmişdir. Cavabdeh MMC üzrə Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrindən 16.03.2009 tarixli çıxarışdan görünür ki, Cavabdeh MMC iddiaçının sabiq direktoru X1 tərəfindən təsis edilmiş və idarə edilmişdir, 08.09.2015-ci il tarixdən etibarən təsisçi və qanuni təmsilçi qismində başqa bir şəxs, atası X2 qeydiyyatdan keçmişdir, lakin strateji qərarlar Axundov Camal tərəfindən verilməkdə davam etmiş, gündəlik idarəçilik isə Nümayəndə tərəfindən həyata keçirilmişdir. Beləliklə, cavabdehin təsərrüfat fəaliyyəti faktiki olaraq İddiaçının sabiq direktoru X1 tərəfindən istiqamətləndirilmişdir, inzibatçılıq funksiyalarını isə Nümayəndə icra etməkdədir. Yuxarıdakı münasibətlər və əlaqələr zəminində son illərdə cavabdehin iddiaçı qarşısında sonuncu tərəfindən təchiz edilmiş mallara görə külli miqdarda borcu əmələ gəlmişdir. Lakin, cavabdeh iddiaçının direktoru dəyişdikdən sonra, iddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq və tələblərə baxmayaraq borcunu ödəməmişdir. Son 3 il ərzində yaranmış və cavadehin iddiaçıya ödəməli olan borcu 149,767.39 AZN təşkil edir ki, bu məbləğin ödənilməsi barədə iddiaçıya 26.01.2021 tarixdə rəsmi pretenziya məktubu (surəti əlavə olunur) göndərilmiş lakin İddiaçı tərəfindən həmin pretenziyaya heç bir reaksiya verilməmiş, nə hər hansı bir ödəniş edilmiş, nə də cavab məktubu yazılmışdır. Cavabdehin borcu aşağıdakılarla sübut olunur. Cavabdeh 06.04.2020-ci il tarixdə İddiaçıya 2 (iki) üzləşmə aktı göndərmişdir: 1. 06.04.2020 tarixli “26 aprel 2018-ci il tarixli 25/18 nömrəli Mallar üzrə Satınalma Müqaviləsinə əsasən borcların qarşılıqlı üzləşdirilməsi AKTİ No.1” və 2. 06.04.2020 tarixli “Borcların qarşılıqlı üzləşdirilməsi AKTİ No.1” 1-ci Akta əsasən 06.04.2020 tarixinə cavabdehin iddiaçı qarşısında borcu 190 200,88 AZN təşkil etmişdir ki, bu da Azərbaycan Respublikası Mərkəzi Bankının 06.04.2020 tarixinə müəyyən etdiyi ABŞ Dollarının Azərbaycan Manatına məzənnəsi ilə 111 882,50 ABŞ Dolları təşkil etmişdir. 2-ci Akta əsasən 06.04.2020 tarixinə cavabdehin iddiaçı qarşısında borcu 6 258,72 manat təşkil etmişdir ki, bu da Azərbaycan Respublikası Mərkəzi Bankının 06.04.2020 tarixinə müəyyən etdiyi ABŞ Dollarının Azərbaycan Manatına məzənnəsi ilə 3 681,60 ABŞ Dolları təşkil etmişdir. Bu məbləğlər cavabdeh tərəfindən tərtib edilmiş Akt üzrə cavabdeh tərəfindən 06.04.2020 tarixinə təsdiq edilmiş borc məbləğləridir. Üzləşmə aktı tərtib edildikdən sonra cavabdehə əlavə olunmuş elektron qaimələrdən, habelə, dövriyyə-saldo cədvəlindən göründüyü kimi, 08.04, 09.04, 10.04, 13.04, 14.04, 16.04, 20.04, 22.04, 27.04 tarixlərdə mal təqdim edilmiş, lakin həmin malların dəyəri cavabdeh tərəfindən ödənilməmiş və beləliklə də, cavabdeh tərəfindən təsdiq edilmiş borc məbləğlərinə əlavə olaraq, İddiaçının mühasibat sənədlərinə əsasən cavabdehin iddiaçı qarşısında borcu iddiaçı tərəfindən qaldırılmış və cavabdeh tərəfindən təsdiq edilmiş (ləğv edilməmiş və mübahisələndirilməmiş) elektron qaimələr, habelə, cavabdeh tərəfindən ödənilmiş məbləğlər nəzərə alınmaqla bu iddianın verildiyi günə 149,767.39 AZN təşkil edir ki, bu da Azərbaycan Respublikası Mərkəzi Bankının 22 mart 2021-ci il tarixinə müəyyən etdiyi ABŞ Dollarının Azərbaycan Manatına məzənnəsi ilə 88,098.46 ABŞ Dolları təşkil etmişdir. Bu məbləğ (ı) Azərbaycan Beynəlxalq Bankı və “AGBank” tərəfindən təqdim edilmiş iddiaçının bank hesablarından və (ıı) İddiaçının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet portalındakı şəxsi kabinetindəki elektron qaimələr səhifəsindən çıxarışlar ilə təsdiq olunur. İddiaçının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet portalındakı şəxsi kabinetindəki elektron qaimələr səhifəsindən çıxarışlardan görünür ki, 2018-2021-ci illər ərzində iddiaçı tərəfindən qaldırılmış və cavabdeh tərəfindən təsdiq edilmiş (ləğv edilməmiş və mübahisələndirilməmiş) elektron qaimələrin ümumi məbləği 757 706,91 AZN təşkil edir. Bank hesablarından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş mallara görə edilmiş ödənişlərin cəmi məbləği 607 939.52 AZN təşkil etmişdir. Ona görə də, cavabdeh tərəfindən ödənilməli borc 149 767.39 AZN təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qismən qəbul etdiyini qeyd edərək, məhkəməyə izahatında bildirdi ki, Cavabdeh MMC-nin İddiaçı MMCyə olan borcu hal-hazırda 74751 ABŞ dolları təşkil edir. Bu məbləğ iddiaçının göndərdiyi məktubda da öz təsdiqini tapır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: “satıcı” İddiaçı MMC, “alıcı” Cavabdeh MMC olmaqla imzalanmış, 26 yanvar 2018-ci il tarixli 25/18 nömrəli müqaviləyə əsasən bu müqavilənin mövzusu müqaviləyə əlavə ediləcək razılaşmalarda əks ediləcək kompüter, kompüter periferiya avadanlıqları “satıcı” tərəfindən “alıcı”ya satılması, “alıcı” tərəfindən isə həmin malları qəbul edərək, haqqında ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. 3.1-ci bəndə əsasən bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə al-satqısı həyata keçiriləcək kompüter, kompüter periferiya avadanlıqların ödəniş sənədləri və mallarının təhvil-qəbul sənədi əsasında, 10 (on) iş günü ərzində “alıcı” tərəfindən “satıcı”ya ödənilir. “tapşıran” Cavabdeh MMC, “saxlayıcı” İddiaçı MMC olmaqla imzalanmış 02 mart 2020-ci il tarixli “malların anbarda saxlama” müqaviləsinə əsasən “saxlayıcı” (anbar sahibi) saxlama haqqı müqabilində “tapşıran”ın ona verdiyi aşağıdakı müəyyən edilmiş mallarına 1 (bir) il müddətinə ona məxsus olan saxlamaq üçün qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 1.2 bəndinə əsasən “saxlayıcı”ya çatacaq saxlama haqqı bir il üçün 200 manat təşkil edir. 07.07.2021-ci il tarixli maliyyə arayışında yekun olaraq 28.428,89 manat ƏDV borc və 149.767,39 manat əsas borc olması qeyd olunmuşdur. İş üzrə keçirilmiş 20 sentyabr 2021-ci il tarixli 9/5774 saylı məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində qeyd olunmuşdur ki, təqdim edilmiş iş materiallarında olan 25/18 saylı 26.04.2018 tarixli müqavilə üzrə “Azərbaycan Beynəlxalq Bankı” və “AG Bank” tərəfindən təqdim edilmiş iddiaçının bank hesablarından və iddiaçının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet portalındakı şəxsi kabinetindəki elektron qaimələr səhifəsindən çıxarışlar, qaimə fakturalar, maliyyə hesabatları, maliyyə arayışları və s. sənədlərə əsasən cavabdeh tərəfindən təsdiq edilmiş elektron qaimələrin ümümi məbləği 757.706,91 manat təşkil edir ki, bank hesablarından çıxarışlardan göründüyü kimi, təqdim edilmiş mallara görə edilmiş ödənişlərin cəmi məbləği 607.939,52 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya təhvil verilmiş mallar üzrə borcu yaranmışdır. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Belə olan halda yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 25/18 saylı, 26.04.2018 tarixli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin borcu 149.767,39 manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş məbləğ tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 149.767,39 (bir yüz qırx doqquz min yeddi yüz altımış yeddi, otuz doqquz qəpik) manat əsas borc “Caetano Group” MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 149.767,39 (bir yüz qırx doqquz min yeddi yüz altımış yeddi, otuz doqquz qəpik) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar