Məhkəmə qərarları › İş №e-2-2(113)-2181/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2181/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2181/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, iddia müddətinin tətbiqi, iddia müddətinin əlavə tələblərə tətbiqi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Aqrar Kredit və İnkişaf Agentliyi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 210-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 1186,45 manat əsas borcun, 1825,48 manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqaviləsi üzrə 3104 manat əsas borcun, 4079,74 manat cərimə borcunun və 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 368-LD/18 nömrəli və xx.xx.2017-ci il tarixli 210-LD/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) lizinq obyektlərini lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 368-LD/18 nömrəli müqavilə üzrə 3104 manat gecikdirilmiş borcu və 4079,74 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 210-LD/17 nömrəli müqavilə üzrə isə 1186,45 manat gecikdirilmiş borcu və 1825,48 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 465.2, 747.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi üzrə cavabdehdən tutulan məbləğ hər iki müqavilə üzrə hazırda tələb edilən borcdan çıxılıb.

7. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, iddia vermək üçün 3 illik iddia müddətinin keçidiyini bildirmiş və Mülki Məcəllənin 373.2-ci maddəsinə əsaslanmaqla iddianın rədd edilməsini xahiş etmişdir.

8. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqavilələri üzrə əsas borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – "xxxx" ASC (lizinq verən qismində) ilə Cavabdeh (lizinq alan qismində) arasında bağlanmış 20 iyun 2017-ci il tarixli 210-LD/17 nömrəli lizinq müqaviləsi ilə lizinq verən ümumi məbləği 50% güzəşt tətbiq edildikdən sonra 1 ədədinin qiyməti 2590,27 manat olan 5 ədəd damazlıq heyvanı (“Simmental”) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə damazlıq heyvanın ümumi məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin ümumi məbləğinin 12951,35 manat olması, həmin məbləğin 6472,9 manatının ilkin ödəniş olaraq, qalan məbləğin 2017-ci ilin İV rübündən 2020-ci ilin İİ rübünədək ödəniş qrafikinə uyğun ödənilməsi razılaşdırılmışdır. Lizinq obyekti xx.xx.2017-ci il tarixli akt əsasında cavabdeh tərəfindən təhvil alınmış, cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla ümumilikdə 8824,9 manat ödəniş edilmişdir; – "xxxx" ASC (lizinq verən qismində) ilə Cavabdeh (lizinq alan qismində) arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqaviləsi ilə lizinq verən ümumi məbləği 50% güzəşt tətbiq edildikdən sonra 1 ədədinin dəyəri 2440 manat olan 4 ədəd damazlıq heyvanı (“Simmental”) dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan (cavabdeh) isə damazlıq heyvanın ümumi məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin ümumi məbləğinin 9760 manat olması, həmin məbləğin 4880 manatının ilkin ödəniş olaraq, qalan məbləğin 2019-cu ilin İ rübündən 2021-ci ilin İV rübünədək ödəniş qrafikinə uyğun ödənilməsi razılaşdırılmışdır. Lizinq obyekti xx.xx.2018-ci il tarixli akt əsasında sağlam və boğaz halda cavabdeh tərəfindən təhvil alınmış, cavabdeh tərəfindən ilkin ödəniş daxil olmaqla ümumilikdə 4880 manat ödəniş edilmişdir; – Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli e- 2-2(113)-240/2021 nömrəli qiyabi qətnaməsi əsasında 20 iyun 2017-ci il tarixli 210-LD/17 nömrəli və 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqavilələri üzrə 4716 manat əsas borc cavabdehdən tutulmuş, həmin məbləğdən hazırkı iddia ərizəsi verilərkən 2940 manat 20 iyun 2017-ci il tarixli 210-LD/17 nömrəli lizinq müqaviləsi, 1776 manat 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqaviləsi üzrə borca silinərək nəzərə alınmışdır; – "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.

13. İddiaçı 20 iyun 2017-ci il tarixli 210-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 1186,45 manat, 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqaviləsi üzrə 3104 manat pulun cavabdehdən tutulmasını tələb edir.

14. Cavabdeh hər iki müqavilə üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir.

15. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.

16. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirmədən öncə məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).

17. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

18. Hazırkı işin müəyyən olunmuş halı ondan ibarətdir ki, cavabehin 20 iyun 2017-ci il tarixli 210-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 1186,45 manat, 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqaviləsi 3104 manat borcu mövcuddur. Başqa sözlə, iddiaçı həmin məbləğləri tələb etmək üçün subyektiv hüquqa malikdir, cavabdeh tərəfindən isə adıçəkilən hüquq pozulmuşdur.

19. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

20. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

21. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

22. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).

23. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

24. Məhkəmə lizinq müqaviləsinin icra müddətini – lizinq ödənişlərinin sonuncusunun ödənilmə tarixini nəzərə alaraq qeyd edir ki, 20 iyun 2017-ci il tarixli 210- LD/17 nömrəli lizinq müqaviləsi üzrə lizinq ödənişinin ödənilməsini tələb etmək hüququ üçün iddia müddəti xx.xx.2020-ci il, 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqaviləsi üzrə lizinq ödənişinin ödənilməsini tələb etmək hüququ üçün iddia müddəti xx.xx.2021-ci il tarixdə başlamışdır. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, müqavilə tələbləri üzrə üç illik iddia müddətini ötürmüşdür.

25. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

26. Beləliklə, müəyyən olunur ki, iddiaçı tərəfindən 20 iyun 2017-ci il tarixli 210- LD/17 nömrəli və 05 noyabr 2018-ci il tarixli 368-LD/18 nömrəli lizinq müqavilələri əsas borc məbləğlərinin tələb edilməsi üzrə iddia müddəti ötürülmüş, iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması halı olmamışdır.

27. Bundan başqa, Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

28. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbi üzrə iddia müddəti keçdiyindən, həmin tələb rədd olunmalıdır.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

29. İddiaçı həmçinin hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

30. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Beləliklə, məhkəmə iddia tələbinin rədd edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım xərci iddiaçıya aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar