Məhkəmə qərarları › İş №e-2-2(113)-2183/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2183/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2183/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanması nəzərdə tutulmuş xx.xx.2022-ci il tarixdə 22/44 nömrəli alqı-satqı müqaviləsinin layihəsindən görünür ki: Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən “satıcı” “alıcı”nı bu Müqavilənin Əlavələrində (X1) qeyd olunmuş məhsulla Tərəflər arasında müəyyən edilmiş müddətdə (bundan sonra “Mal”) təmin edir, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə Malın dəyərini “Satıcı”ya ödəyir. - 5.1-ci bəndinə əsasən “alıcı” sifariş olunan malın dəyərini “satıcı”ya aşağıdakı formada ödəyir: - 5.1.1-ci bədinə əsasən malların ümumi dəyəri malla təhvil verilməzdən öncə ödənilməlidir. - 5.2-ci bəndinə əsasən “satıcı” ödənişin təsdiqi olaraq “Alıcı”ya hesab-faktura təqdim edir. Müqavilə layihəsi tərəflərdən yalnız İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli 22/44 nömrəli müqavilə üzrə ümumilikdə 51.602,7 manat dəyərində malların verilməsinə görə, o cümlədən 10.762,70 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCC seriyalı 712966 nömrəli, 10.182,20 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCE seriyalı 305245 nömrəli, 30.657,8 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCG seriyalı 617595 nömrəli elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir.

3. Hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh MMC ümumilikdə 46.462,70 manat (o cümlədən EBCC seriyalı 712966 nömrəli e-qaimə üzrə 10.762,70 manat, Million Systemdən 10.200 manat, EBCG seriyalı 617595 nömrəli e-qaimə üzrə 25.500 manat) pul vəsaitini İddiaçı MMC-nin hesabına köçürmüşdür.

4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/44 nömrəli alğı-satqı müqaviləsinə əsasən 5140 manat ƏDV daxil əsas borcun, 72 manat dövlət rüsumunun, cəmi 5212 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC -dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2016-cı ildə təsis edilmişdir. İddiaçı MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 22/44 nömrəli Alğı-satqı ilə bağlı razılaşma olmuşdur. Qeyd olunan müqavilə təsdiq olunması üçün tərəflərindən cavabdehə göndərilməsinə baxmayaraq müxtəlif bəhanələrlə onu təsdiq etməkdən yayınmışlar. Ancaq cavabdeh tərəf aşağıdakı hərəkətlərlə qeyd olunan müqavilə aksept etmişdir. Bu hərəkət cavabdehin müqavilə üzrə öhdəliyini dolayısı yolla qəbul etməsi deməkdir. Qeyd olunan müqavilə üzrə cavabdehə ümumilikdə 51.602,7 dəyərində mal verilmişdir. 1. Qeyd olunan müqavilə üzrə 3 elektron qaimə-faktura göndərilmiş (EBCC-712966, EBCE- 305245, EBCG-61759) və cavabdeh həmin qaimə-fakturalar üzrə ödəniş etmişdir. İlkin ödəniş xx.xx.2022-ci il tarixdə EBCC-712966 saylı elektron qaimə-faktura üzrə 10.762,70 manat olmuşdur. Növbəti ödənişlər EBCE-305245 saylı qaimə üzrə 10.200 manat, EBCG- 617595 saylı qaimə üzrə ümumilikdə 25500 manat olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixədək ümumilikdə 46.462,70 manat ödəniş etmişdir. Hal-hazırda cavabdeh Cəmiyyətin 5140 manat ödənilməmiş borcu qalmışdır. Belə ki, cavabdeh Cəmiyyətin etdiyi ödənişlər həm malın qəbulunu, həm də xx.xx.2022-ci il tarixli, 22/44 saylı müqaviləni aksept etməsini birbaşa təsdiq edir. Çünki cavabdehə göndərilən elektron qaimələrin əsası xx.xx.2022-ci il tarixli, 22/44 saylı müqavilə olmuşdur. Bundan başqa cavabdeh tərəfə elektron qaydada pretenziya məktubu göndərilmiş, ancaq borc ödənilməsi ilə bağlı heç bir hərəkət olmamış və heç bir etirazını bildirməmişdir. Onu da qeyd edirlər ki, alğı-satqı müqaviləsinə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 407, 443.1, 445.1 və 448.2-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

9. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, qeyd olunan vaxtda Vergi cinayətlərinin ibitidai araşdırılması baş idarəsində cinayət işi ilə bağlı çağrıldığından hazırki iclasda iştirak edə bilməyəcəyini, odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirib, iddialarının təmin edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV.TƏTBİQ EDİLƏN HÜQUQ

14. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

V. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC MMC tərəfindən Cavabdeh MMC-yə cəmi malların verilməsi ilə bağlı cəmi 51.602,7 manat dəyərində 3 ədəd elektron qaimə faktura - 10.762,70 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCC seriyalı 712966 nömrəli, 10.182,20 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCE seriyalı 305245 nömrəli, 30.657,8 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBCG seriyalı 617595 nömrəli elektron göndərilmişdir. Həmin elektron qaimə-fakturalar üzrə Cavabdeh MMC tərəfindən cəmi 46.462,70 manat məbləğində pul vəsaitini İddiaçı MMCyə ödənilmişdir.

18. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə cəmi malların təqdim edilməsinə görə 51.602,7 manat dəyərində elektron qaimə-fakturaların göndərilməsi, cavabdeh tərəfindən həmin qaimə-fakturaların qanunvericiliklə müəyyən edilmiş qaydada düzəliş üçün qaytarılmaması, eləcə də qaimələr üzrə qismən ödənilməsi tərəflər arasında arasında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmasına və həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə elektron qaiməfakturalarda göstərilən dəyərdə malların təqdim edilməsinə dəlalət edir.

19. Belə olan halda məhkəmə alqı-satqı münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən Mülki Məcəllənin 567-ci maddəsinə əsasən təqdim edilmiş malların dəyərininin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 5140 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 72 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

21. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 71,40 manat təşkil edir.

22. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 72 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 22/44 nömrəli alqı-satqı müqaviləsi üzrə 5140 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar