Məhkəmə qərarları › İş №e-2-2(113)-2184/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2184/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2184/2020 13.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh X1rşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7581 manat əsas borc, 1333,35 manat cərimə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1937-GL/15 nömrəli və xx.xx.2016-cı il tarixli 1325-GL/16 nömrəli müqaviləyə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 7581 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 1333,35 manat borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Bununla da borclu İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, lakin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və işə təqdim edilmiş sübutlar əsasında baxılmasını xahiş etmişdir, cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-cı maddəsinə əsasən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2015-ci il tarixli, 1937-GL/15 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə (güzəşt) müqavilədən və həmin müqaviləyə 1 saylı (müqavilənin spesifikasiyası) və 2 saylı əlavədən (ödəniş qrafiki) görünür ki, Cavabdeh X4 ümumi məbləği 48920 manat olan (1 ədəd taxılsəpən gübrəsəpənlə AGHBM-N24, 1 ədəd mala rotorlu dik bıçaqlı AGRMD, 1 ədəd kotan 5 gövdəli asma AG-MP 14-5, 1 ədəd qoşqu 4 təkərli özü boşaldan AG-DAT6 və 1 ədəd kombayn taxılyığan Class Dominator 130) 5 ədəd kənd təsərrüfatı texnikalarını 10 il müddətinə yekunda yəni 2025-cu ilin İİİ rübün sonuna (xx.xx.2025) cəmi 48920 manat ödəməyi öhdəsinə götürməklə (texnikaların ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə verilmişdir. xx.xx.2016-cı il tarixli, 1325-GL/16 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə (güzəşt) müqavilədən və həmin müqaviləyə 1 saylı (müqavilənin spesifikasiyası) və 2 saylı əlavədən (ödəniş qrafiki) görünür ki, Cavabdeh X4 ümumi məbləği 5800 manat olan (1 ədəd Traktor Belarus-82.1) 1 ədəd kənd təsərrüfatı texnikasını 10 il müddətinə yekunda yəni 2026-cı ilin İİ rübün sonuna (xx.xx.2026) cəmi 5800 manat ödəməyi öhdəsinə götürməklə (texnikaların ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə verilmişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş hər iki müqavilələr üzrə cərimənin hesablanması qrafikindən görünür ki, Cavabdeh X4 2018-ci il tarixə 4-cü rübə görə gecikdirilmiş günlərin sayı 90 olmaqla 41,76 manat, 2019-cu il tarixə 4 rübə görə hər 4 rüb (İ-İV) üzrə gecikdirilmiş günlərin sayı 90 olmaqla, ümumilkdə 360 gecikdirilmiş günlərə görə cəmi 1291,59 manat, 2020-ci il tarixə 1-cü rübə görə gecikdirilmiş günlərin sayı 80 olmaqla 606,48 manat, yekun olaraq isə cəmi 1333,35 manat məbləğində cərimə borcu hesablanmışdır. Həmçinin sözügedən qrafikindən görünür ki, Cavabdeh X3 2020-ci ilin əvvəlinə hər iki müqavilə üzrə gecikdirilmiş borcun məbləği 7581 manat təşkil edir. İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh X3 xx.xx.2015-ci il tarixli, 1937-GL/15 nömrəli və xx.xx.2016-cı il tarixli, 1325-GL/16 nömrəli güzəştli lizinq müqavilələri üzrə (müqavilə məbləği 54720 manat, qrafik üzrə ödəniş 16206 manat) 7581 manat əsas borc, 1333,35 manat cərimə olmaqla, cəmi 8914,35 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1, 465.2 və 467-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə cavabdehin 7581 manat məbləğində əsas borcu yaranmış və məhkəmə iddiaçının həmin tələbini əsaslı hesab edir. Lakin bununla yanaşı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan cərimə (dəbbə) pulunun azaldaraq 19 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh X2 xx.xx.2015-ci il tarixli, 1937-GL/15 nömrəli və xx.xx.2016-cı il tarixli, 1325-GL/16 nömrəli güzəştli lizinq müqavilələri üzrə 7581 manat məbləğində əsas borc, 19 manat məbləğində cərimə olmaqla, cəmi 7600 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 85,25%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 85,25%-i, yəni 25,57 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 7581 manat əsas, 19 manat cərimə borcu olmaqla cəmi 7600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,57 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar