Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2186/2024 13.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əvəzsiz istifadə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əvəzsiz istifadə müqaviləsi, əşyanın qaytarılmaması, dəbbə pulunun və zərərin nisbəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əvəzsiz istifadə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə üzrə verilmiş “X6 Cool-350P” markalı soyuducunun əvəzi olaraq 1200 manat məbləğində pulun və ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli KOD-S 282/2021 saylı soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə, həmin müqaviləyə 01 saylı əlavə olan təhvil-təslim aktı imzalanmış və sonuncuya dəyəri 600 manat olan “X6 Cool-350P” soyuducusu verilmişdir. Cavabdehə soyuducunun qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdehə soyuducunun qaytarılması ilə bağlı müraciət edilməsindən uzun müddət keçməsinə baxmayaraq, soyuducu qaytarılmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.9-cu bəndinə əsasən iddiaçı istifadəyə verilən soyuducunu istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 5 gün ərzində cavabdeh tərəfindən soyuducu qaytarılmadıqda və ya müqavilənin 2.1.2-ci maddəsinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda iddiaçının soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda cavabdeh əmlakın ümumi dəyərinin 2 mislini iddiaçıya ödəyir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1 və 442-ci maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2186/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2186/2024 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndələri X3 və X2 məhkəmənin əvvəlki iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdilər.
8. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla, telefonoqramlar ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Əvəzsiz istifadə müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (İstifadəyə verən qismində) ilə cavabdeh (İstifadəçi qismində) arasında bağlanmış 17 iyun 2021-ci il tarixli KOD-S 282/2021 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, bu müqaviləyə əsasən İstifadəyəverən satışını təşkil etdiyi spirtli və spirtsiz içkilərin İstifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklammı təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (İstifadəyə verənin mülkiyyətində olan) soyuducuları (Bundan sonra Soyuducu) İstifadəçiyə əvəzsiz istifadəyə verməyi, İstifadəçi isə İstifadəyə verənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür (1.1). İstifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 5 (beş) gün ərzində İstifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu Müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda İstifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır (2.9).
13. Həmin müqaviləyə 01 nömrəli əlavədən görünür ki, 1 ədəd 600 manat dəyərində “X6 Cool-350P” markalı soyuducu cavabdeh tərəfindən imza edilməklə təhvil alınmışdır.
14. Məhkəməyə təqdim edilən pretenziya məktubundan görünür ki, cavabdehdən soyuducunun qaytarılması tələb edilmiş, dəyəri 600 manat olan “X6 Cool-350P” markalı soyuducu 5 gün ərzində qaytarılmadığı təqdirdə, soyuducunun dəyərinin 2 misli həcmində, yəni 1200 manatın, əlavə olaraq Mülki Prosessual Məcəllənin 119-cü maddəsinə əsasən məhkəmə xərcləri, yəni mediasiya xərcinin, dövlət rüsumunun, hüquqi xidmət üçün vəkilə ödənilmiş xidmət haqqının, poçt xərclərinin, əldən çıxmış faydanın və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faizin tələb olunacağı bildirilmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemindən çıxarışdan görünür ki, adıçəkilən pretenziya məktubu xx.xx.2023-cü il tarixdə, saat 12:24-də elektron proqram təminatı vasitəsilə cavabdehin kabinetinə yerləşdirilmişdir.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı (istifadəyə verən qismində) ilə cavabdeh (istifadəçi qismində) arasında xx.xx.2021-ci il tarixli KOD-S 282/2021 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə imzalanmış, həmin müqavilə üzrə iddiaçı “X6 Cool-350P” markalı, dəyəri 600 manat olan 1 ədəd soyuducunu iddiaçı tərəfindən istehsal və satışı təşkil edilən məhsulların sərinləşdirilib satılması üçün cavabdehə əvəzsiz istifadəyə verməyi, cavabdeh isə həmin əmlakı qaytarmağı öz öhdəsinə götürmüşdür. Adıçəkilən soyuducu cavabdeh tərəfindən təhvil alınmış, iddiaçı soyuducunun 5 gün müddətində qaytarılmasını tələb etmiş, həmin tələbi əks etdirən məktub xx.xx.2023-cü il tarixdə X1 Sistemi vasitəsilə cavabdehə çatdırılmış, lakin soyuducu qaytarılmamışdır.
17. İddiaçı soyuducu qaytarılmadığı üçün müqavilənin 2.9-cu bəndinə istinad edərək dəyərinin 2 misli olan 1200 manat məbləğində pulun tutulmasını tələb edir.
18. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
19. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. Mülki Məcəllənin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
21. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən, kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur.
22. Həmin Məcəllənin 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
23. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və istifadəyə verən tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir.
24. Mülki qanunvericiliyin əvəzsiz istifadə barədə müddəalarından da aydın olur ki, kirayə müddəti müəyyənləşdirilməyibsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə də müqavilənin müddətinin əmlakın geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədə olması razılaşdırılmışdır. Yəni həm qanunla, həm də tərəflər arasında bağlanmış müqavilə ilə istifadəyə verənin istifadəyə götürülmüş əşyanın qaytarılmasını tələb edərək müqavilədən birtərəfli imtina hüququ nəzərdə tutulmuşdur.
25. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 5 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyə verənə cərimə ödəməlidir. Müqavilənin 2.9-cu bəndinə əsasən, istifadəyə verən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 5 (beş) gün ərzində İstifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu Müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda İstifadəyə verənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır.
26. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, istifadəyə verilən soyuducunun İstifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi, aşkar edildikdə, həmçinin bu Müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda İstifadəçi əmlakın ümumi dəyərinin 2 mislini İstifadəyə verənə ödəyir.
27. Göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə əsasında cavabdehin əvəzsiz istifadəsinə verilmiş “X6 Cool-350P” markalı soyuducunun qaytarılmaması üçün məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 443.10-cu maddəsinə əsasən, borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilədə belə məsuliyyət olaraq soyuducunun qaytarılmaması halında iddiaçının əmlakın dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququnu şərtləşdirmişdir.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
29. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən öhdəliyin icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad edir.
30. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.
31. Həmin Məcəllənin 466-cı maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.
32. Mülki Məcəllənin qeyd edilən normalarını müqayisəli təhlil etdikdə aydın olur ki, müqavilə rejimindən asılı olaraq öhdəliyin icra edilməməsi halında tərəflər yalnız zərərin, yalnız dəbbə pulunun və ya hər ikisinin tutulması imkanını razılaşdıra bilərlər. Belə olan halda, zərər və dəbbə pulunun nisbəti də məhz tərəflərin razılığından asılı olacaqdır.
33. Qeyd edilən normaların hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, tərəflər öhdəliyin icra edilməməsi, başqa sözlə əvəzsiz istifadəyə verilmiş soyuducunun qaytarılmaması halında dəbbə pulunun ödənilməsini nəzərdə tutmuş, cərimənin dəymiş zərərdən artıq olma imkanını razılaşdırmışlar.
34. Mülki Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
36. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilə şərtlərini pozaraq əmlakı iddiaçıya qaytara bilməmişdir. Nəticədə iddiaçı faktiki olaraq əmlakından məhrum olmuşdur. Bu mənada cavabdeh həmin əmlakın köhnəlmə dərəcəsi nəzərə alınmaqla dəyəri həddində məsuliyyət daşımaqla bərabər öhdəliyin icra edilməməsi üçün müqavilədə nəzərdə tutulmuş cərimə formasında digər maddi məsuliyyət də daşıyır.
37. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, “X6 Cool-350P” markalı soyuducunun dəyərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1200 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
38. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2021-ci il tarixli KOD-S 282/2021 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə üzrə 1200 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı həmçinin ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 32 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə üzrə 1200 (bir min iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova