Məhkəmə qərarları › İş №e-2-2(113)-2188/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2188/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2188/2021 06.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə müqavilə öhdəliyi üzrə xidmət haqqını təşkil edən 4050 avro, cərimə məbləği 29565 avro, cəmi 33615 avro pulun Azərbaycan Respublikası Mərkəzi Bankının 08.12.2020-ci il tarixinə olan avronun məzənnəsi ilə 69226 manat olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə iclası 06.05.2021-ci il tarixə saat 09:10-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsində şərtlərinin yerinə yetirilməsi mübahisələndirilən və işə əlavə edilmiş 05.03.2018-ci il tarixli 08 saylı müqavilənin preambulasından və “müqavilənin imzaladılar” başlığlı hissəsində əqdin fiziki şəxs Cavabdeh ilə İddiaçı (VÖEN **********) arasında bağlandığı müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı, məlumat-axtarış sistemindən çıxarışdan görünür ki, “Cavabdeh” adına uyğun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) müəyyən edilməmişdir. Buradan müəyyən olunur ki, Cavabdeh fiziki şəxs olaraq müqavilənin tərəfi olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə məhkəmə hesab edir ki, yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından hazırki işə ümumi məhkəmədə baxılmalıdır “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. İş materiallarına əlavə edilmiş 05.03.2018-ci il tarixli 08 nömrəli Xidməti Müqavilədən görünür ki, tərəflər müqavilənin 7.2-ci bəndində aralarında yaranan mübahisələrin məhkəmə qaydasında həll edilməsi üçün icraçının (İddiaçı) yerləşdiyi yer üzrə müvafiq məhkəmyə müraciət edilməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci bəndinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü bəndinə əsasən saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin Sahibkarlıq uşotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Albalıq dairəsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının (müqavilə üzrə icraçının) fərdi sahibkar kimi rəsmi qeydə alındığı ünvan Bakı şəhəri Xəzər rayonunda yerləşdiyindən iş məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263, 267 və 268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair e-2-2(113)-2188/2021 saylı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar