Məhkəmə qərarları › İş №e-2-2(113)-2189/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2189/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2189/2025 07.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən borclu olduğu 6.226,24 manat məbləğində əsas borc məbləğinin, 500 manat dəbbə pulunun, 83 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “05 fevral 2021-ci il tarixində cavabdeh şirkətlə bizim aramızda mal alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə biz satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış edir. Aramızda bağlanmış müqaviləyə əsasən razılaşdırılmış qiymət əsasında, satıcı olaraq tərəfimizdən Cavabdeh MMC-yə salfet məmulatları satılmışdır. Mal Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Tərəfimizdən cavabdehə elektron qaimə-faktura təqdim edilmiş, həmin elektron qaiməfaktura alıcı olan cavabdeh tərəfindən təsdiq edilmişdir. Beləliklə, tərəfimizdən aramızda bağlanmış müqavilənin satıcının hüquq və vəzifələrini özündə ehtiva edən tələbləri yerinə yetirilmiş, müqavilə ilə razılaşdırılmış mal tam şəkildə alıcıya təhvil verilmişdir. Alıcı aldığı malın dəyərinin bir hissəsini ödəsə də 6226.24 azn məbləğində pulu ödəməmişdir. Alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir.”

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) "xxxx" MMC (alıcı) arasında xx.xx.2021-ci il tarixli xx-xx/2021 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqaviləyə əsasən satıcı ərzaq və qeyri-ərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 2-ci bəndinə əsasən alqı-satqı obyekti olan malın adı, miqdarı və dəyəri qaimə-fakturaya əsasən müəyyən olunur.

13. xx.xx.2021-ci il tarixli xx-xx/2021 saylı müqaviləyə 2 saylı əlavə ilə tərəflər müqavilə çərçivəsində satılan məhsulların qiyməti barədə razılığa gəlmişlər.

14. Müqavilə və müqaviləyə Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

16. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.

17. İş materiallarından görünür ki, iddaçı tərəfindən cavabdehə EBDL seriyalı, xx.xx.2023-cü il tarixli 303977 nömrəli dəyəri 9.226,25 manat olan elektron qaimə göndərilmişdir.

18. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC müqavilənin tərkib hissəsini təşkil edən xx.xx.2023-cü il tarixli EBDL seriyalı 303977 nömrəli elektron qaimə-fakturada qeyd olunan məhsulların həqiqətən satıcı tərəfindən alıcıya təhvil verildiyini, qarşı tərəfin təhvil aldığını, xx.xx.2024-cü il tarixə borc məbləğinin 6.226,24 manat olduğunu öz imza və möhürləri ilə təsdiq etmişlər.

19. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq mallar verilmiş və cavabdehin də, ona verilmiş olan malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.

20. İddiaçı tərəf də, hazırda, cavabdehin 6.226,24 manat borcunun qaldığını bildirir.

21. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən pulun ödənilməsinə dair sənədi işə əlavə etməmişdir.

22. Belə olan halda, Məhkəmə hesab edir ki, əsas borc üzrə 6.226,24 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə 500 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

24. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən əgər alıcı ona satıcı tərəfindən təqdim olunmuş bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,3% miqdarında penya ödəməlidir.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 300 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

27. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Belə ki, iddia ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 83 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

29. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci tarixli müqaviləyə əsasən əsas borc üzrə 6.226 (altı min iki yüz iyirmi altı) manat 24 (iyirmi dörd) qəpik, cərimə borcu üzrə 300 (üç yüz) manat, ümumilikdə 6.526 (altı min beş yüz iyirmi altı) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 83 (səksən üç) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar