Məhkəmə qərarları › İş №e-2-2(113)-2191/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2191/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2191/2021 11.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi, pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “müqavilənin ləğvi, pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29.07.2019-cu il tarixli 3M-1792 reyestr nömrəli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 13109 manat əsas borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi, 06.03.2020-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, 88 kv.m ümumi sahəsi, 136,65 kv.m fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin açıq hərracda satılmaqla 13109 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin alınması barədə tələbin həmin əmlaka ypnəldilməsi, satışdan əldə olunacaq məbləğ iddiaçının tələblərindən artıq olduqda, artıq qalan məbləğin Cavabdeh2 oğlna qaytarılması, ipoteka qpyulmuş ünvan 2 ünvanında yerləşən 88kv.m ümumi sahəsi 136.65 kv.m fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi satıldıqda cavabdehlərin yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdehlər könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılması, satışdan əldə olunmuş məbləğ iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə qalan hissədə borcun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 (Françayiznq) mağazasının sahibkarı Cavabdeh1 (Azərbaycan Respublikasında ********** dövlət qeydiyyat nömrəsi, AZE №********, ASAN5 ,04.04.2018) (bundan sonra “Satıcı” adlandırılacaq) ilə İddiaçı MMC (Azərbaycan Respublikasında ********** dövlət qeydiyyat nömrəsi) (bundan sonra “Sahib” adlandırılacaq) arasında 29.07.2019-cu il tarixli 3M-1792 reyestr nömrəli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə bağlanmışdır. Müqavilənin 6.1-ci maddəsinə əsasən Sahib həmin tarixdən etibarən müqavilədə qeyd edildiyi qaydada müvafiq mağazadan əldə olunmuş ümumi aylıq dövriyyənin 14%-i dəyərində Satıcıya qazanc kimi ödəmə edəcəyini öhdəsinə götürmüş, qalan məbləğin isə Sahibin gəliri kimi hesablanacağı razılaşdırılmışdır. Lakin 31.05.2020-ci il tarixində Satıcı və Sahib arasında olan Qarşılıqlı üzləşmə aktına əsasən Satıcının Sahib qarşısında 13109 AZN borc öhdəliyi yaranmışdır və həmin tarixdən etibarən Satıcı heç bir ödəniş həyata keçirməmişdir. Bu borcun yaranmasına səbəb məhsulların sayımı zamanı aşkar edilmiş əskik sayım və cari dövriyyə üzrə qazanılmış gəlirin (pulun) tam həcmdə təhvil verilməməsi olmuşdur. Cavabdeh1 dəfələrlə cəmiyyət qarşısında olan öhdəliklərini icra etməsi tələb olunmasına baxmayaraq, cavabdeh tələblərə məhəl qoymadan, müxtəlif bəhanələr gətirərək müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi B.Xıdırov iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan spnra – MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh1 arasında 29 iyul 2019-cu il tarixli, “Biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə imzalanmış, həmin müqavilə iddiaçının İdarə heyətinin sədri və Cavabdeh1 imzaları ilə təsdiq edilmişdir. Həmin müqavilənin giriş hissəsində göstərilmişdir ki, Sahib (iddiaçı) satıcıya mağazanı əmtəə nişanı adı altında işlətməyi, idarə etməyi, mağazada malları müştərilərə satmağı və fəaliyyətindən gəlir əldə etməyə icazə verir və satıcı (Cavabdeh1) mağazanı bu müqavilənin şərtlərinə uyğun olaraq işlətməyi, idarə etməyi, malları sahibindən almağı və müştərilərə satmağı və fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər fəaliyyətdən əldə edilən gəliri müqavilənin şərtlərinə uyğun olaraq bölüşdürürlər. Müqavilənin 6.1-ci bəndinə əsasən satıcı sahibə bu müqavilə üzrə satıcı ilə əməkdaşlıq etməsi üçün Sahibin gəlirini müqaviləyə müvafiq olaraq ödəməlidir. Müqaviləyə 1 saylı əlavə şərtlərdə son açılış tarixi 31.07.2019-cu il olaraq müəyyən edilir. Marja 1 % həcmində müəyyən edilir. Ümumi aylıq dövriyyənin 14 % dəyərində Sahib tərəfindən Satıcıya qazanc kimi ödəmə edilir. Ümumi dövriyyənin qalan məbləği isə Sahibin Gəliri kimi hesablanır. Müqaviləyə 1 saylı Əlavə iddiaçının İdarə heyətinin sədri və Cavabdeh1 imzaları ilə təsdiq edilmişdir. Müqaviləyə 2 saylı əlavədə satıcının digər ödənişləri başlığı ilə inventarlaşdırma üçün ödəniş 500 manat olaraq müəyyən edilmiş, əlavə iddiaçının İdarə heyətinin sədri və Cavabdeh1 imzaları ilə təsdiq edilmişdir. 06.03.2020-ci il tarixli ipoteka müqaviləsi ilə ipoteka qoyan Cavabdeh2 tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan əmlaklar (ünvan 2 ünvanında yerləşən 136.65 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi) Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqaviləyə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın (İddiaçı MMC) xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə iddiaçının səlahiyyətli nümayəndəsi və cavabdehlər tərəfindən imzalanmış, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu İ.Məmmədov tərəfindən təsdiq edilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Cavabdeh2 verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində sonuncunun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18/38 nömrəli reyestr kitabının 7335 nömrəli vərəqində qeydə alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 136.65 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 31.05.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktında Cavabdeh1 həmin tarixə 13109 manat borcunun olması göstərilmişdir. Qarşılıqlı üzləşmə aktı iddiaçının mühasibi R.Xəlilov və Cavabdeh1 imzaları ilə təsdiq edilmişdir. İddiaçı cavabdehlərə 17.03.2021-ci il tarixdə pretenziya məktubu ünvanlayaraq aralarında bağlanmış müqaviləyə əsasən yaranmış 13109 manat məbləğində borcun ödənilməsini təmin etmələrini, əks halda tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, borcun tutulması, əlavə olaraq vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı, eyni zamanda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 borcun ödənilməsi ilə bağlı iddiaçı qarşısında öhdəliyi tərəflər arasında bağlanmış 29.07.2019-cu il tarixli “Biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilədən irəli gəlir. Cavabdeh1 bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh1 “Biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 13109 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini Cavabdeh1 tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv olunmalı, cavabdehdən 13109 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun tutulması ilə yanaşı, 06.03.2020-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, 88 kv.m ümumi sahəsi, 136,65 kv.m fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin açıq hərracda satılmaqla 13109 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin alınamsı barədə tələbin həmin əmlaka yönəldilməsi, satışdan əldə olunacaq məbləğ iddiaçının tələblərindən artıq olduqda, artıq qalan məbləğin Cavabdeh2 oğlna qaytarılması, ipoteka qpyulmuş ünvan 2 ünvanında yerləşən 88 kv.m ümumi sahəsi 136.65 kv.m fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi satıldıqda cavabdehlərin yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdehlər könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılması, satışdan əldə olunmuş məbləğ iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə qalan hissədə borcun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi tələbini də irəli sürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru tutmanın yönəldilməsi haqqında bildiriş həmin Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə davam edə bilməz. 36.5-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi həmin Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Materiallardan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş, həmin bildirişin cavabdehlərə çatdırılmasını təsdiq edən sənədlər, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmasını təsdiq edən sənədlər iddiaçı tərəfindən Məhkəməyə təqdim olunmamış, bununla da “İpoteka haqqında” Qanunun tələbləri pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Nəticə: Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29.07.2019-cu il tarixli 3M-1792 reyestr nömrəli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə ləğv edilməli, həmin müqavilə üzrə yaranmış 13109 manat məbləğində əsas borc Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh1, qalan hissəsi iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 29.07.2019-cu il tarixli 3M-1792 reyestr nömrəli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə ləğv edilsin. Həmin müqavilə üzrə yaranmış 13109 (on üç min yüz doqquz) manat məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar