Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2194/2025 10.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə (açar sözlər:) (ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2213.21 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0.06 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna ,06 manat, dövlət büdcəsinə 2213,21 manat məbləğində (o cümlədən, vergilər üzrə 1613,53 manat, faizlər üzrə 599,68 manat) olmaqla, ümumilikdə 2213,27 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********247100, xx.xx.2024-cü il tarixli **********234300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu ünvan 1 ünvanında yaşayır
3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmişdir, ərizəçi ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-in 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.
7. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş:
8. Fiziki şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü taksi fəaliyyəti olan Maraqlı şəxs vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır.
9. Maraqlı şəxs şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borc 2213.22 manat təşkil edir.
10. xx.xx.2025-ci il tarixdə təqdim edilmiş Maraqlı şəxs şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borc 0.00 manat, icbari tibbi sığorta borcu 0.06 manat təşkil edir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanan vergi borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli **********5 nömrəli bildirişdən görünür ki, vergilər üzrə 1613.53 manat, faizlər üzrə 599.68 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanan icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********1 nömrəli bildirişdən görünür ki, icbari tibbi sığorta haqqları üzrə 26.07 manat, faizlər üzrə 0.62 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs öz öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə vergi borcu, o cümlədən İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Həmin borc məbləğlərinin ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən fiziki şəxsə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi tələb edilmişdir.
14. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, məhkəmə icraatının gedişində Maraqlı şəxs hesablanmış vergi borcu üzrə ödənişi tam olaraq həyata keçirmiş, İcbari Tibbi Sığorta Fonunda 0.06 manat ödənilməmiş borcu qalmışdır. Belə ki, qeyd edilən fakt iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli şəxsi hesab vərəqəsi ilə öz təsdiqini tapır.
15. Azərbaycan Respublikasının Konstitusiyanın: 15-ci maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan dövləti iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir. 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 59-cu maddəsinə əsasən, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. 71-ci maddəsinin İİ hissəsinə əsasən, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
16. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci bəndinə əsasən, mülkiyyət və təşkilati hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.
17. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericiliyində sahibkarlığın inkişafına və fəaliyyətinin dövlət tərəfindən müdafiə olunmasına xüsusi diqqət yetirilir.
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.
20. Beləliklə məhkəmə vergi borcu ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyi, maraqlı şəxs tərəfindən vergi borcunun tam ödənildiyini və İcbari Tibbi Sığorta Fonduna olan borcun məbləğini nəzərə alaraq hesab edir ki, İcbari Tibbi Sığorta Fonduna olan 0.06 manat ödənilməmiş borca görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasiblik meyarına cavab vermir. Odur ki, ərizə əsassız olduğundan rədd edilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov