Məhkəmə qərarları › İş №e-2-2(113)-2195/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2195/2023

14.04.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2195/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 14963,57 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 393,77 manat, İşsizlikdən sığorta fonduna olan 15,3 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxx 1978-ci il, Doğulduğu yer – Bakı şəhəri, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 15,3 manat, Dövlət Sosial Müdafiə Fonduna 393,77 manat, dövlət büdcəsinə 14963,57 manat məbləğində (o cümlədən, vergilər üzrə 11762,83 manat, faizlər üzrə 3200,74 manat) olmaqla, ümumilikdə 15372,64 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********824700, xx.xx.2021-ci il tarixli **********908700, xx.xx.2023-cü il tarixli **********653300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etdiyini bildirərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixindən etibarən həmin müəssisə ilə heç bir əlaqəsi yoxdur, direktor vəzifəsindən azad edilərkən, müəssisənin heç bir vergi borcu olmamışdır, hazırda "X5" MMC-nin icra orqanının rəhbəri deyil. Göstərilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan: "X5" MMC-yə ünvanlanmış 18 iyun 2020-ci il tarixli ərizəyə əsasən, Maraqlı şəxs "X5" MMC-də tutduğu vəzifəsindən azad edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin adından Şahmuradov Cavid və "xxxx" (X2 və Şimali İrlandiya) adından Steve Cocking tərəfindən imzalanaraq möhürlənmiş 19 iyun 2020-ci il tarixli "X5" MMC-nin təsisçilərinin qərarına əsasən "X5" MMC-də direktor vəzifəsində çalışan Maraqlı şəxs ilə xx.xx.2017-ci ildə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə (öz xahişi ilə) əsasən xitam verilmişdir. 06 oktyabr 2020-ci il tarixli, xxxxxxx0006X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Maraqlı şəxs ilə "X5" MMC arasında 27 oktyabr 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən 06 oktyabr 2020-ci il tarixli 02 nömrəli əmrlə xitam verilmişdir. 22 dekabr 2021-ci il tarixli **********2 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin Maraqlı şəxs tərəfindən edilmiş müraciətə verilmiş cavab məktubunda elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə ********** saylı VÖEN ilə axtarış verərkən qüvvədə olan əmək müqaviləsi bildirişinin mövcud olmadığı müəyyən edilmişdir. Maraqlı şəxs ******* nömrəli əmək kitabçasında edilmiş qeydlərə əsasən Maraqlı şəxs Əmək Məcəlləsinin 68.2 "xxxx" bəndi ilə (öz xahişi ilə) xx.xx.2020-ci il tarixli qərarı ilə elə həmin tarixdə də "X5" MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2-2(113)-734-2023 saylı qətnaməsi ilə, Maraqlı şəxs xx.xx.2017-ci ildən "X5" MMC-nin direktoru vəzifəsində işləməklə qanuni təmsilçilik, yəni həmin qurumu təmsil etmək səlahiyyətinə malik şəxs olması faktı hüquqi şəxsin dövlət reyestrində qeydə alınması, daha sonra Maraqlı şəxs ərizəsi əsasında "X5" MMC-nin təsisçilərinin ("xxxx" MMC və "xxxx" Şirkəti) xx.xx.2020-ci il tarixli qərarı ilə onun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən etibarən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "xxxx" bəndinə (öz xahişi ilə) əsasən xitam verilməsi və MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X4 təyin edilməsi, eyni zamanda xx.xx.2020-ci il tarixli qərarda göstərilən dəyişikliklərin qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilməsi tapşırılması, lakin bu günə qədər Maraqlı şəxs "X5" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad edilməsi və yeni direktorun vəzifəyə təyin edilməsi barədə qeydlər Dövlət Vergi Xidmətinin Kommersiya Qurumlarının dövlət reyestr məlumatlarına daxil edilməməsi müəyyən edilmişdir. Həmin qətnamə ilə Maraqlı şəxs “X5” MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsindən azad edilməsi ilə əlaqədar olaraq “X5” MMC barədə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarda baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün vergi orqanına müraciət edilməsi vəzifəsi cavabdeh “X5” MMC-nin üzərinə qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X7 (X9) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; - 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; - 9-1.3-cü maddəsinə əsasən qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşin hallarından, həmçinin, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Maraqlı şəxs ilə "X5" MMC arasında 27 oktyabr 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən 06 oktyabr 2020-ci il tarixli 02 nömrəli əmrlə xitam verilmişdir. Yəni, maraqlı şəxs üç ilə yaxındır ki, "X5" MMC-nin icra orqanının rəhbəri deyil. Müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllə isə 83cü maddəsinin 1-ci bəndində bu münasibətləri dəqiq tənzimləmiş, əmr, sərəncam və qərarı işçinin işdən azad edilməsinin rəsmiləşdirilməsinin mühüm qaydası kimi müəyyən etmişdir. Maraqlı şəxsin tutduğu vəzifədən azad olunması əmək qanunvericiliyində nəzərdə tutulan qaydada rəsmiləşdirilmişdir. Odur ki, vergi ödəyicisi olan şəxsin vergi və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini pozaraq reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir. Əmək müqaviləsinin bağlanmasına, bildirişin qeydiyyatına, həmin əmək müqavilələri üzrə ödənilən əmək haqları üzrə ödənilən gəlir vergilərinə, həmçinin, sosial sığorta üzrə ödəmələrə nəzarət edən, baş verən qanun pozuntularına görə maliyyə sanksiyası tətbiq edən, o cümlədən muzdlu işlə bağlı cəlb edilmiş şəxslər üzrə yoxlamalar aparan ərizəçi vergi orqanı yoxlama-nəzarət işləri apararkən MMC-nin rəhbərinin maraqlı şəxs olmamasını nəzərə almamış, bununla bağlı qanunvericiliklə ona məsuliyyətə cəlb etməyə dair verilmiş səlahiyyətlərindən istifadə etməmişdir. Halbuki, MMC-nin qanuni təmsilçisinin bu qisimdə fəaliyyətinə xitam verilməsindən və onun faktiki rəhbərinin maraqlı şəxs olmamasından nəzarətedici orqan olaraq vergi orqanı, məhkəməyə hazırkı ərizə ilə müraciət etdiyi tarixdə xəbərdar olmalı və bununla bağlı qanunvericiliklə ona verilmiş sanskiya tətbiq etmək səlahiyyətlərindən istifadə etməli idi. Bu baxımdan maraqlı şəxsin MMC-nin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, MMC-nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1 -ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli Qərarına əsasən, Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxsin Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi vəzifəsi digər şəxslərin üzərinə qoyula bilməz. Lakin maraqlı şəxs MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Başqa sözlə, ərizəçinin qanuni təmsilçi kimi məsuliyyətə cəlb etmək istədiyi maraqlı şəxs rəhbəri olduğu irəli sürülən hüquqi şəxsin direktoru vəzifəsindən azad edildiyi üçün, hazırkı ərizənin təmin olunması üçün əsaslar mövcud deyildir. Buna görə məhkəmə hesab edir ki, qeyd olunan xüsusat ərizənin rədd edilməsi üçün əsasdır və ərizəçinin xahişi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar