Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2205/2021 25.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “müqavilənin ləğvi, lizinq obyektinin geri qaytarılması və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC-nin cavabdeh X3 qarşı “müqavilənin ləğvi, lizinq obyektinin geri qaytarılması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 30 may 2019-cu il tarixli, KTA-KTT-19/0030 nömrəli, “Aqrar Kredit və X6 ilə verilən subsidiya tətbiq edilən X7 Müqaviləsi”nə əsasən 7573,15 manat əsas borcun, 49,56 manat GPS xidmətinə görə borcun, 198,96 manat gecikdirilmiş günlərə görə cərimə borcunun, 150 manat vəkilin gösrərdiyi hüquqi yardıma görə xərclərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 8001,67 manatın cavabdehdən tutularaq iddiaçıa ödənilməsi, tərəflər arasında bağlanmış həmin müqaviləyə xitam verilməsi və lizinq obyekti olan 1 ədəd “Claas Dominator 130” markalı kombaynın saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 30 may 2019-cu il tarixli, KTA-KTT-19/0030 nömrəli “Aqrar Kredit və X6 ilə verilən subsidiya tətbiq edilən X7 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “Claas Dominator 130” markalı kombayn cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan kombayn 06 iyun 2019-cu il tarixli Lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 179,000.00 manat təşkil etmişdir. Həmin məbləğin 69,094.65 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Lizinq müqaviləsinin şərtlərinə əsasən cavabdeh tərəfindən 02.04.2021-ci il tarixədək 35,800.00 manat məbləğində ilkin ödəniş, 5,370.00 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası, 2,364.00 manat məbləğində sığorta ödənişi, 315.20 manat məbləğində GPS avadanlıq ödənişi, 31,0 manat məbləğində lizinq obyektinin qeydiyyat xərcləri, 17,754.46 manat məbləğində qrafik üzrə ödəniş və 760.34 manat məbləğində gecikdirilmiş günlərə görə hesablanmış cərimə, cəmi 62,395.00 manat ödəniş həyata keçirilmişdir. Lakin cavabdeh lizinq müqaviləsi şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, lizinq müqaviləsinin predmetini təşkil edən kombayn cavabdehə təhvil verildikdən sonra, onun lizinq müqaviləsi üzrə 02.04.2021-ci il tarixə 7,573.15 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin 02.04.2021-ci il tarixinə qədər 198.96 manat cərimə borcu mövcuddur. Eyni zamanda, cavabdehə lizinqə verilmiş texnikaya quraşdırılmış GPS avadanlığına görə 02.04.2021-ci il tarixədək 49.56 manat ödənilməmiş borc mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, 15.02.2021-ci il tarixli, PLX-21/0001 nömrəli pretenziya məktubu ilə cavabdehə rəsmi müraciət olunsa da, cavabdeh borc məbləğini tam şəkildə ödəməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Q.Şahverdiyev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda lizinq obyekti cavabdehin sahibliyi və istifadəsindədir, iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən etibarən isə cavabdeh tərəfindən hər hansı ödəniş aparılmamışdır. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdeh həmişə qrafik üzrə ödənişləri vaxtında aparmış, son dövrlərdə ölkədə olan pandemiya vəziyyəti ilə əlaqədar ödənişlərdə ləngimələr olmuşdur, cavabdeh həmin ödənişləri yaxın müddətdə ödəmək niyyətindədir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə, onun nümayəndəsi və vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanan 30 may 2019-cu il tarixli KTA-KTT-19/0030 nömrəli “Aqrar Kredit və X6 ilə verilən subsidiya tətbiq edilən X7 müqaviləsi”nə (bundan sonra – müqavilə) əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikasını/aqreqatını/qoşqusunu öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.5-ci bəndinə əsasən müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği 6734 manat (sığorta haqqı (illik): 1183 manat, müqavilənin rəsmiləşdirilməsi komissiyası 5370 manat, lizinq obyektinin qeydiyyat xərcləri 31 manat, GPS xərcləri 150 manat) təşkil edir. Müqavilənnin 4.2-ci maddəsinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Müqavilənin 20.1-ci maddəsinə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdiribsə, lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. Müqavilənin 23-cü maddəsinə əsasən lizinq müqaviləsi üzrə hər hansı mübahisə və ya anlaşılmazlıq Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyinə uyğun olaraq müqavilənin icra yeri üzrə Azərbaycan Respublikasının aidiyyatı məhkəməsində həll olunur. Müqavilənin icra yeri lizinq verənin yerləşdiyi ünvan hesab olunur. Müqaviləyə 1 nömrəli əlavədə Almaniya istehsalı olan “Class Dominator 130” taxılyığan kombaynın lizinqə verilməsi, Müqaviləyə 2 nömrəli əlavədə isə lizinq obyekti üzə ödəniş cədvəli, Müqaviləyə 3 nömrəli əlavədə isə lizinq obyekti üzrə digər ödənişlər və onların cədvəli öz əksini tapmışdır. 06.06.2019-cu il tarixli KTA-KTT-19/0030-T-24 nömrəli “Lizinq obyektinin təhsviltəslim aktı”ndan görünür ki, Class Dominator 130 markalı Polşa istehsalı 45600416 şassi nömrəli kombayn cavabdehə işlək vəziyyətdə təhvil verilmişdir. 31.05.2019-cu il tarixli CPİM(Q) 00045-19 nömrəli sığorta şəhadətnaməsindən məlum olur ki, lizinq obyekti 31.05.2019-cu il tarixdən 31.05.2024-cü il tarixədək sığortalanmışdır. 30.01.2020-cu il tarixli X3 məxsus hesabdan çıxarışdan məlum olur ki, lizinq əməliyyatları üzrə vaxtı keçmiş əsas borc 24.05.2019-02.04.2021-ci il tarix aralığı üzrə 7573,15 manat təşkil edir. 15.02.2021-ci il tarixli PLX-21/0001 nömrəli pretenziya məktubu ilə iddiaçı cavabdehə müraciət edərək müqavilə üzrə yaranmış borcunun ödənilməsini təmin etməyi, əks halda qanunvericilikdə nəzərdə tutulmuş hərəkətləri başladacağı barədə xəbərdarlıq etmişdir. 02 aprel 2021-ci il tarixli PLM-21/0060 nömrəli maliyyə arayışından məlum olur ki, cavabdehin iddiaçı qarşısında müqaviləyə əsasən 02.04.2021-ci il tarixə qədər 7573,115 manat əsas borc, 198.96 manat gecikdirilmiş günlərə görə cərimə borcu və 49.56 manat kombayna quraşdırılmış GPS avadanlığa görə yaranmış borc, ümumilikdə 7821,67 manat öhdəliyi var. 06.04.2021-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığından məlum olur ki, cavabdeh tərəfindən hüquqi xidmətlərə görə Bakı şəhəri 6 saylı Vəkil Bürosuna 150 manat məbləğində pul köçürülmüşdür. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının müqavilənin ləğvi və cavabdehdən borcun ödənilməsini təmin etməsi ilə bağlı tələbi onlar arasında bağlanmış 30.05.2019-cu il tarixli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələblərini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3.-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 30.05.2019-cu il tarixdə lizinq müqaviləsi imzalanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək 06.06.2019-cu il tarixli təhsvil-təslim aktı əsasında lizinq obyektini (Class Dominator 130 markalı Polşa istehsalı 45600416 şassi nömrəli kombayn) müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Cavabdehin nəticədə həmin müqavilə üzrə iddiaçıya 7573.15 manat əsas, 49,56 manat GPS xidmətinə görə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, cavabdehdən həmin müqavilə üzrə yaranmış borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 198.96 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Materiallara əlavə edilmiş 06.04.2021-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığından məlum olur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 150 manat məbləğində pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin lizinq obyektinin saz və işlək vəziyyətdə cavabdehdən geri alınmasına dair hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 7573,15 manat (yeddi min beş yüz yetmiş üç manat on beş qəpik) əsas borc, 49.56 manat (qırx doqquz manat əlli altı qəpik) GPS xidmətinə görə borc, 100 (bir yüz) manat gecikdirilmiş günlərə görə cərimə borc, 150 (bir yüz əlli) manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 7872.71 manat (yeddi min səkkiz yüz yetmiş iki manat yetmiş bir qəpik) və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh X4 ilə İddiaçı ASC arasında bağlanmış 30 may 2019-cu il tarixli, KTA- KTT-19/0030 nömrəli, “Aqrar Kredit və X6 ilə verilən subsidiya tətbiq edilən X7 Müqaviləsi” ləğv edilsin və lizinq obyekti olan 1 ədəd “Claas Dominator 130” markalı kombayn cavabdeh X2 alınaraq İddiaçı ASC-yə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2205/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2205/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver