Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2207/2022 30.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı sığorta haqqının ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta müqavilələri üzrə 1972.84 AZN (bir min doqquz yüz yetmiş iki manat səksən dörd qəpik) və 22015.39 ABŞ dolları (iyirmi iki min on beş dollar otuz doqquz sent) sığorta haqqı borcunun, həmin borca görə hesablanmış 3346,69 (üç min üç yüz qırx altı manat altmış doqquz qəpik) manat cərimə məbləğinin, mediasiya prosesi ilə bağlı xərclərə görə ödənilmiş 200 AZN (iki yüz manat) və hesablanmış dövlət rüsumunun ödənilmiş 18.24 AZN (on səkkiz manat iyirmi dörd qəpik) manat hissəsi olmaqla 218.24 AZN (iki yüz on səkkiz manat iyirmi dörd qəpik) pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə xx.xx.2019-cu il tarixdə CPMİ(Q) 00278-19, MV-C(Q) 00091-19 və EL 00011-19 saylı sığorta müqavilələri bağlanılmış və Cavabdeh MMC müvafiq olaraq “podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası”, “avtomobillərin tam sığortası” və “işəgötürənin məsuliyyətinin sığortası” növləri üzrə sığorta təminatı əldə etmişdir. CPMİ(Q) 00278-19 saylı sığorta müqaviləsi üzrə sığorta haqqı 5180 AZN, MV-C(Q) 00091-19 saylı sığorta müqaviləsi üzrə sığorta haqqı 7150 ABŞ dolları, EL 00011-19 saylı sığorta müqaviləsi üzrə isə sığorta haqqı 9355 ABŞ dolları məbləğində müəyyən edilərək razılaşdırılmışdır. Hər üç müqavilədə sığorta haqqının birdəfəlik ödənilməsi şərtilə 15 gün ərzində ödəniləcəyi qeyd edilmiş, qarşı tərəf də müqavilələri imzalayaraq təsdiqləmişdir. Bundan sonra CPMİ(Q) 00278-19 saylı sığorta müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 2027.16 AZN, xx.xx.2021-ci il tarixdə isə 1180.80 AZN, MV-C(Q) 00091-19 saylı sığorta müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 588.24 ABŞ dolları, EL 00011-19 saylı sığorta müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 1020.12 ABŞ dolları sığorta haqqı ödənilmiş, sığorta haqlarının qalan hissəsi bu günədək ödənilməmişdir. Daha sonra xx.xx.2021-ci il tarixində cavabdehlə akt imzalanmış, müqavilələr üzrə qalıq borc məbləğləri (CPMİ(Q) 00278-19 saylı müqavilə üzrə 1 972,84 AZN, MV-C(Q) 00091-19 saylı müqavilə üzrə 6 561,76 USD, EL 00011-19 saylı müqavilə üzrə isə 8 334,88 (USD) və həmin borc məbləğlərinin xx.xx.2021-ci il tarixədək ödəniləcəyi imzalanaraq təsdiqlənmişdir. Bundan sonra cavabdehin müraciəti əsasında cavabdehlə daha əvvəl bağlanılmış sığorta müqavilələrinin təminat müddətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılması ilə bağlı müqavilələr (müqaviləyə əlavələr) hazırlanaraq buraxılmış, sığorta müqavilələri sistemə işlənərək qüvvəyə minmiş və sığorta təminatı verilmişdir. Təminat müddətinin artırılması ilə bağlı əlavələr elektron emaillə qarşı tərəfə göndərilmiş, lakin qarşı tərəfdən imzalanmış formada cəmiyyətə qaytarılmamışdır. Qeyd olunan sığorta müqavilələrinə əlavələr üzrə cəmi sığorta haqqı 7118.75 ABŞ dolları təşkil etmişdir. Bunlara baxmayaraq yuxarıda qeyd olunan bütün sığorta müqavilələri üzrə sığorta haqqı borcu bu günədək tam ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq bütün müqavilələr üzrə 1972.84 AZN və 22015.39 ABŞ dolları məbləğində sığorta haqqı borcunu 5 iş günü ərzində "xxxx" ASC-nə ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə 1910/21 saylı məktubla cavabdehə müraciət edilsə də, bu günədək borcunu cəmiyyətə qaytarmamışdır. Nəticə etibarilə cəmiyyət 1972.84 AZN və 22015.39 ABŞ dolları məbləğində zərərə məruz qalmış, həmçinin mülki dövriyyə şəraitində həmin vəsait vasitəsilə əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC “sığortaçı”, Cavabdeh MMC “sığortalı” olmaqla imzalanmış xx.xx.2019-cu il CPMİ(Q) 00278-19 saylı sığorta şəhadətnaməsinə əsasən 5.180 manat sığorta haqqı 15 gün ərzində birdəfəlik ödəmək şərtilə, xx.xx.2019-cu il tarixli MV-C(Q) 00091-19 sığorta şəhadətnaməsinə əsasən 7.150 ABŞ dolları sığorta haqqı 15 gün ərzində birdəfəlik ödəmək şərtilə, xx.xx.2019-cu il EL 00011-19 saylı sığorta şəhadətnaməsinə əsasən 9.355 ABŞ dolları sığorta haqqı 15 gün ərzində birdəfəlik ödəmək şərtilə tərəflər arasında razılaşdırılmışdır. "xxxx" ASC və Cavabdeh MMC arasında tərtib edilmiş 05 may 2021-ci il tarixli 05 may 2021-ci il tarixli aktda CPMİ(Q) 00278-19 saylı şəhadətnamə üzrə 1.972,84 manat, MV-C(Q) 00091-19 saylı şəhadətnamə üzrə 6.561,76 ABŞ dolları, EL 00011-19 saylı şəhadətnamə üzrə 8.334,88 ABŞ dolları Cavabdeh MMC-nin sığorta borcu olduğu və xx.xx.2021-ci il tarixə kimi ödəniləcəyi təsdiq olunmuşdur. xx.xx.2021-ci il tarixli PL 00025-21 sığorta şəhadətnaməsinə əlavə 1-də qeyd olunmuşdur ki, sığorta şəhadətnaməsi üzrə sığorta müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək uzadılır, sığorta haqqı 3.195 ABŞ dolları, xx.xx.2021-ci il tarixli CPMİ 00003-19 saylı sığorta şəhadətnaməsinə əlavə 5-də qeyd olunmuşdur ki, sığorta şəhadətnaməsi üzrə sığorta müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək uzadılır, sığorta haqqı 778 ABŞ dolları, xx.xx.2021-ci il tarixli MV-C(Q) 00010-19 sığorta şəhadətnaməsinə əlavə 5-də qeyd olunmuşdur ki, sığorta şəhadətnaməsi üzrə sığorta müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək uzadılır, sığorta haqqı 145.75 ABŞ dolları təşkil edir. Qeyd olunan əlavələr birtərəfli qaydada "xxxx" ASC tərəfindən imzalanıb, möhürlənmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 200 manat Bakı 6 saylı Mediasiya Təşkilatına məxsus bank hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında sığorta müqavilələri imzalanmış, Cavabdeh MMC həmin müqavilələr üzrə sığorta haqqlarını ödəmək öhdəliyini götürsə də qeyd olunan öhdəliyini tam olaraq yerinə yetirməmiş, imzalanmış müqavilələr üzrə sığorta haqqlarını tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.4-cü maddəyə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 903.1-cü maddəyə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2-ci maddəyə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. İşin yuxarıda qeyd olunan hallarına və sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin imzalanmış müqavilələr üzrə ödənilməmiş sığorta haqqı borcunun olması öz təsdiqini tapdığından iddiaçı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi sığorta haqqı hissəsində qismən sübuta yetirildiyindən 1972.84 manat (bir min doqquz yüz yetmiş iki manat səksən dörd qəpik) və 14.896,64 ABŞ dolları (on dörd min səkkiz yüz doxsan altı dollar, altmış dörd sent) sığorta haqqı borcu Cavabdeh MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda bir tərəfli qaydada "xxxx" ASC tərəfindən tərtib edilmiş, Cavabdeh MMC tərəfindən təsdiq edilməmiş sığorta şəhadətnamələrinə əlavə olunanan və onların tərkib hissəsi sayılan əlavələr üzrə də sığorta haqqı istəmişdir. Məhkəmə hesab edir ki, bu əlavələr bir tərəfli qaydada təsdiq edilərək cavabdeh tərəfindən şərtlərinin qəbul edilməsi və təsdiq edilməsi müəyyən olunmadığından iddiaçının tələbi əsassızdır. İddiaçı iddia tələbində borca görə hesablanmış 3.346,69 manat cərimə məbləğinin tutulmasını tələb etmişdir. Mülki Məcəllənin 462.1-ci maddsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qanunvericiliyin tələbindən göründüyü kimi dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş müqavilələrdə isə dəbbə pulu (cərimə, penya) ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 200 manat mediasiya xərci və 18,24 (on səkkiz manat iyirmi dörd qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 1972.84 manat (bir min doqquz yüz yetmiş iki manat səksən dörd qəpik) və 14.896,64 ABŞ dolları (on dörd min səkkiz yüz doxsan altı dollar, altmış dörd sent) (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) sığorta haqqı borcu, 200 (iki yüz manat) manat mediasiya xərci, 18,24 (on səkkiz manat, iyirmi dörd qəpik) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1972.84 manat (bir min doqquz yüz yetmiş iki manat səksən dörd qəpik) və 14.896,64 ABŞ dolları (on dörd min səkkiz yüz doxsan altı dollar, altmış dörd sent) (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) sığorta haqqı borcu, 200 (iki yüz manat) manat mediasiya xərci, 18,24 (on səkkiz manat, iyirmi dörd qəpik) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2207/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2207/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver