Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2209/2022 18.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "Azəri M-İ Drilling Fluids” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil Hacıağa oğlunun iştirakı ilə, İddiaçı "Azəri M-İ Drilling Fluids” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 Company Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı cavabdehdən iddiaçıya vurduğu zərərin, 170,163.63 ABŞ dolları məbləğində pulun, ödənilmiş 400.00 manat məbləğində mediasiya xərclərinin və 189.00 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçıya vurduğu zərərin, 170,163.63 ABŞ dolları məbləğində pulun, ödənilmiş 400.00 manat məbləğində mediasiya xərclərinin və 189.00 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanmış 24 may 2019-cu il tarixli AOOC-021/2019 saylı alqı-satqı müqaviləsi əsasında cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda ümumi dəyəri 170,163.63 ABŞ dolları dəyərində kimyəvi reagentlər almış və xidmətlər əldə etmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə 37,633.95 ABŞ dolları dəyərində barit, həmin tarixlərdə 65,673.78 ABŞ dolları və 2,911.77 ABŞ dolları məbləğində ayrı-ayrı kimyəvi reagentlər çatdırılmış və təhvil verilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixlərədək isə iddiaçı tərəfindən cavabdehə 64,044.13 ABŞ dolları məbləğində tamamlama məhlulları üzrə mühəndislik və laboratoriya icarəsi xidmətləri göstərilmişdir. AOOC-021/2019 saylı alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən malların dəyəri cavabdeh tərəfindən ona hesabfaktura təqdim edildikdən sonra 30 gün ərzində köçürmə yolu ilə iddiaçının bank hesabına ödənilməli idi. Lakin cavabdeh müqavilədə qeyd edilən 170,163.63 ABŞ dollar məbləği bu günədək iddiaçıya ödəməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh bu günədək müxtəlif bəhanələrlə müqavilə üzrə ödəməli olduğu borcu ödəmir və hal-hazırda cavabdehin iddiaçıya 170,163.63 ABŞ dollar məbləğində borcu qalmaqdadır. İddiaçının nümayəndəsi və vəkili Vəkil Hacıağa oğlu məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 may 2019-cu il tarixli AOOC-021/2019 saylı Xidmət müqaviləsindən görünür ki, iddiaçı müqaviləyə əlavə edilmiş Qoşma 1-də göstərilən qiymətlər əsasında peşəkar xidmətini cavabdehə göstərməyi, cavabdeh isə həmin xidmətləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 9 ədəd Hesabdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 106119,5 ABŞ dolları (180403,12 manat) və 64044,13 ABŞ dolları (108875 manat) olmaqla ümumilikdə 170163,63 ABŞ dolları (289278,12 manat) dəyərində mal təqdim edilmiş və xidmətlər göstərilmişdir. xx.xx.2019-cu il tarixli EAAY seriyalı 122273 saylı, 122282 saylı və 122287 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 180403,12 manat dəyərində mal satılmışdır. 20 ədəd qaimədən görünür ki, iddiaçı tərəfindən mallar cavabdehə təhvil verilmiş və mallar cavabdeh tərəfindən təhvil alınmışdır. 17 ədəd Xidməti biletdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya mühəndislik və laboratoriya icarəsi xidmətləri göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 24 may 2019-cu il tarixli AOOC-021/2019 saylı Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı müqaviləyə əlavə edilmiş Qoşma 1-də göstərilən qiymətlər əsasında peşəkar xidmətini cavabdehə göstərməyi, cavabdeh isə həmin xidmətləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətləri olmuşdur. iddiaçı tərəfindən cavabdehə 106119,5 ABŞ dolları (180403,12 manat) və 64044,13 ABŞ dolları (108875 manat) olmaqla ümumilikdə 170163,63 ABŞ dolları (289278,12 manat) dəyərində mal təqdim edilmiş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, cavabdeh iddiaçıya 170163,63 ABŞ dolları məbləğində borcu qaytarmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər arasında həm alqı-satqı, həm də podrat münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, cavabdehə malları təhvil vermiş və xidmətləri göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan ümumilikdə 170163,63 ABŞ dolları məbləğində borcu iş materialları ilə təsdiq olunduğundan həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “X1 Company Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialından 170,163.63 ABŞ dolları məbləğində pul, ödənilmiş 400.00 manat məbləğində mediasiya xərcləri və 189.00 manat məbləğində dövlət rüsumu tutularaq "Azəri M-İ Drilling Fluids” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2209/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2209/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver