Məhkəmə qərarları › İş №e-2-2(113)-2218/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2218/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2218/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə , “El Fadı GRP GmbH” şirkətinin Cavabdehnə (MMC) qarşı pul məbləğinin və ona hesablanmış gecikmə faizlərinin ödənilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: “El Fadı GRP GmbH” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 112912,80 avro əsas borc və əsas vəsaitin ödənilməsini gecikdirdiyinə görə faiz olaraq 16936,92 avro olmaqla ümumilikdə 129849,72 avro məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “EL FADİ GRP GmbH” şirkəti Almaniya Federativ Respublikasının qanunvericiliyinə əsasən Hannover Ərazi Məhkəməsinin ticarət reyestrində HRB 208634 nömrəsi ilə qeydiyyatdan keçmiş, direktoru Zaher El-Chafei simasında təmsil olunan hüquqi şəxsdir. İddiaçının fəaliyyət predmeti tütün məmulatlarının istehsalı və təchizatıdır. İddiaçı ilə Azərbaycan Respublikasının hüquqi şəxsi Cavabdeh arasında 20 aprel 2018-ci il tarixli, 1 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq, iddiaçı cavabdehə “Flocky 1000g” və “Bang Bang 200g” markalı qəlyan tütünü məhsullarını göndərməyi, cavabdeh isə həmin tütün məhsullarını qəbul etməyi və onların razılaşdırılmış qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Malların çatdırılması ********* və ********* saylı iki hesab-faktura əsasında CİP Bakı - Azərbaycan (Carriage and X2, yəni, təyin olunmuş yerdə daşınma xərcləri və sığorta ödənmiş təhvil) şərti ilə həyata keçirilmişdir. ********* saylı hesab-fakturaya əsasən 12528 ədəd “Flocky 1000g” qəlyan tütünü, 522 qutuda, ümumi dəyəri 68904 avro, ********* saylı hesab-fakturaya əsasən 7128 ədəd “Flocky 1000g” qəlyan tütünü, 297 qutuda, dəyəri 39204 avro olmaqla və 368 “Bang Bang 200g mix sort” qəlyan tütünü, 187 qutuda, dəyəri 4804,80 avro olmaqla; ikisinin birlikdə cəmi 497 qutu, ümumi dəyəri 44008,80 avro olan mallar iddaçı tərəfindən cavabdehə göndərilmişdir. Göndərilən malların ümumi dəyəri 112912,80 avro təşkil edir. HAJPTİİ 00258 nömrəli daşıma sənədindən (Sea Waybill) məlum olur ki, mallar dəniz yolu ilə, habelə, Poti, X1 keçərək Azərbaycana çatdırılmışdır. Sənədin verilmə tarixi və yeri 02.05.2018, Langenhagen, Almaniya olaraq göstərilmişdir. Mallar, ümumi bağlama sayı 1001 ədəd, ümumi çəkisi isə 22903,5 kq olmaqla 2 konteynerdə göndərilmişdir. Beləliklə, iddiaçı müqavilə öhdəliklərini tam və qüsursuz yerinə yetirmişdir. Lakin cavabdeh müqavilə üzrə ödənişi həyata keçirməmiş və beləliklə, müqavilə öhdəliyini kobud şəkildə pozmuşdur. Beləliklə, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə ödəməsini gecikdirdiyi məbləğdən illik 5 faiz ödəməyə də borcludur. Ödənilməli məbləğ 112912,80 avro və gecikmə dövrü 3 il təşkil edir, cavabdehin iddiaçıya əlavə olaraq 16936,92 avro ödəmək öhdəliyi də yaranmış olur. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göndərilmiş mallara görə 112912,80 avro əsas borc və əsas vəsaitin ödənilməsini gecikdirdiyinə görə faiz olaraq 16936,92 avro, nümayəndəyə çəkilən xərclərə görə 5000 avro olmaqla ümumilikdə 134849,72 avro məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “El Fadı GRP GmbH” şirkətinin nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 16.04.2018-ci il tarixli, ********* saylı hesab fakturaya əsasən 68904 avro məbləğində, 26.04.2018-ci i tarxli ********* saylı hesab fakturaya əsasən 44008,80 avro məbləğində mal Cavabdeh MMC-yə verilmişdir. - 20.04.2018-ci il tarixli 1 saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə 18801,60 kq dəyərində 112912,80 avro dəyərində mal çatdırılmasını “El Fadı GRP GmbH” şirkəti tərəfindən və Cavabdeh MMC ödənişi isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür - Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən idxal əməliyyatları haqqında məlumata əsasən “X3 GMBH” şirkəti tərəfindən 130919,68 ABŞ dolları dəyərində mal idxal edilmişdir. - 30.03.2021-ci il tarixli, 45 saylı invoysa əsasən Cavabdeh MMC ilə məhkəmə mübahisəsi ilə əlaqədar məhkəmyəqədər hüquqi xidmətin göstərilməsi üçün 2000 avro və eyniadlı cəmiyyət ilə mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsində hüquqi xidmətlərin göstərilməsi üçün isə 3000 avro xidmət haqqının “xxxx” MMC ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtlərindən malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra satıcıya ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Qeyd olunanlara əsasən və alınmış malların dəyərinin tam ödənilməməsi, borcla bağlı hər hansı bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəlik icra edilməyərək pul məbləğinin ödənilməsi gecikdirildiyinə görə iddianın 3 il üçün əsas borc məbləğinə illik 5% hesablanmaqla 16936,92 avro məbləğində pul vəsaitinin tutulması üçün də əsaslar mövcuddur və iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 17 noyabr 2020-ci il tarixli, RP-20- 0021 №-li müqavilənin 2.1.1-ci bəndinə əsasən məhkəməyəqədər hüquqi xidmətlərin göstərilməsi ilə bağlı 2000 avro, 2.1.2-ci bəndinə əsasən birinci instansiya məhkəməsində hüquqi xidmətlərin göstərilməsi ilə bağlı 3000 avro məbləğində xidmət haqqının ödənilməsi nəzərdə tutulmuş və bu barədə məhkəməyə hesablar təqdim olunmuşdur. Məhkəmə həm məhkəməyəqədər, həm də birinci instansiya məhkəməsində görülən işlərin həcmini, həmçinin, müqavilənin 2.3.1-ci bəndinə əsasən bütün digər xərclərin (tərcümə, notariat rüsumları, Azərbaycanda olan məhkəmə rüsumları) iddiaçının özü tərəfindən çəkilməsinin nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, ağlabatan məbləğ 500 manat həddində müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının əvəzi qismində 500 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “El Fadı GRP” GmbH şirkətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul vəsaitinin tutulması barədə iddiası qismən təmin edilsin. 112912,80 avro əsas borc və 16936,92 avro faiz borcu olmaqla ümumilikdə 129849,72 avro məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdehndən tutularaq “El Fadı GRP” GmbH şirkətinə ödənilsin. Hüquqi xidmət haqqına görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 29 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “El Fadı GRP” GmbH şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar