Məhkəmə qərarları › İş №e-2-2(113)-222/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-222/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qiymətli kağızlar üzrə öhdəliklər haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-222/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 31 avqust 2016-cı il tarixli, 143 saylı İstiqraz Müqaviləsi üzrə 54.603,83 manat əsas borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 7.203,22 manat faiz məbləğinin və mediasiya Təşkilatına ödənilmiş 400 manat məbləğində xidmət haqqı, ümumilikdə isə 62.207,05 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə "xxxx" ASC arasında 31 avqust 2016-cı il tarixli, 143 saylı qiymətli kağızlarla alqı-satqı haqqında (İstiqraz buraxılışının qeydiyyat №-si: AZ**********, qiymətli kağızın nominal dəyəri: 500 manat, qiymətli kağızın miqdarı: 200 ədəd, istiqrazlar üzrə gəlirlik dərəcəsi 17%, əqdin ümumi dəyəri: 100.000 manat müqavilə bağlanmışdır. X1 əsasən 100.000 manat məbləğində müqavilə dəyəri İddiaçı tərəfindən Cavabdehin bank hesabına köçürülmüşdür. İstiqraz Müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə müddəti bitdikdən sonra Cavabdeh İddiaçıya əsas məbləğ və faiz məbləğin ödənişini müqaviləyə uyğun qaydada həyata keçirməli idi. İstiqraz Müqaviləsinin 1 saylı Əlavəsində İstiqraz sahibi olan "xxxx" ASC-nin istiqrazların ödənilməsi zamanı istiqrazların nominal dəyərini və istiqrazların nominal dəyərindən hesablanmış faizləri Emitent sayılan Cavabdeh ASC-dən almaq hüququ təsbit edilmişdir. Lakin Cavabdeh öz öhdəliklərini vaxtında yerinə yetirməmiş, nəticədə İddiaçıya qarşı borc öhdəliyi yaranmışdır. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. İlkin iddia ərizəsində tələb edilən məbləğ kimi 107.265,36 manat (78.147,43 AZN əsas məbləğ və 29.117,93 AZN faiz ödənişi) göstərilsə də, cavabdeh ilə bağlanmış 31 avqust 2016-cı il tarixli, 143 saylı İstiqraz müqaviləsi üzrə Şirkət tərəfindən yenidən hesablamalar aparılmış və borc məbləğində dəyişiklik olmuşdur. Nəticədə iddiaçıya 61.807,05 manat məbləğində (54.603,83 manat əsas məbləğ və gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 7.203,22 manat məbləğində faiz məbləği faiz ödənişi) borc öhdəliyi yaranmışdır. Cavabdeh ASC öz öhdəliyini yerinə yetirmədiyi və bunun nəticəsində gecikdirdiyi gün üçün Şirkət qarşısında məsuliyyət daşımalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 31 avqust 2016-cı il tarixdə 143 nömrəli qiymətli kağızlarla alqı-satqı haqqında müqavilə bağlanmış, tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Müqavilədən görünür ki, 200 ədəd qiymətli kağızın (istiqraz) hər birinin nominal və satış dəyəri 500 manat olmaqla, əqdin ümumi dəyəri 100.000 manat təşkil etmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən satıcı bu müqavilə imzalandıqdan sonra 3 (üç) iş günü ərzində qiymətli kağızlara mülkiyyət hüququnun keçməsinin qeydə alınması üçün zəruri olan bütün sənədləri depozitara təqdim etməli, alıcı isə bu müqaviləyə uyğun olaraq əqdin ümumi dəyərini ödəməlidir. Müqavilənin 3.1-ci maddəsinə əsasən alıcı bu müqavilənin imzalanması anından 3 iş günü ərzində müqavilə qiyməti - 100.000 manatı satıcının bank hesabına köçürməlidir. Müqavilənin 5.2-ci maddəsinə əsasən alıcı bu müqaviləni imalamaqla təsdiq edir ki, o bu müqaviləyə Əlavə 1-in şərtləri ilə tanış olmuşdur və Əlavə 1-də müəyyən edilən bütün qayda və şərtləri qəbul edir. İş materiallarına əlavə edilmiş qiymətli kağızların alqı-satqısı haqqında müqavilənin 1 nömrəli Əlavəsində istiqrazların forması, növü, sayı, nominal dəyəri, satış qiyməti, tədavül müddəti, gəlirlik dərəcəsi, əqdin ümumi dəyəri, istiqraz sahibinin hüquqları tərəflər arasında razılaşdırılmışdır. Əqdin ümumi dəyəri 100.000 (bir yüz min) manat, istiqrazların tədavül müddəti 576 gün, istiqrazlar üzrə gəlirlik dərəcəsi 17 faiz müəyyən edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixdə Cavabdeh ASC-yə məxsus qiymətli kağızların alışı məqsədi ilə Milli Depozit Mərkəzinə 100.000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə tərəflər arasında bağlanmış 143 saylı, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə bağlıdır. Ona görə də adı çəkilən müqavilə ilə yaranmış öhdəliyin tələb edilməsi ilə bağlı hüquqi əsas tapılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-20.5-ci maddəsinə əsasən Qiymətli kağızların növləri üzrə alqı-satqı əqdlərinin bağlanması qaydaları bu Məcəllə və ona müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 1070-ci maddəsinə əsasən İstiqraz emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır. Azərbaycan Respublikasının Qiymətli X5 Komitəsinin xx.xx.2016-cı il tarixli 02 nömrəli qərarı ilə “İnvestisiya qiymətli kağızları ilə alğı-satqı əqdlərinin bağlanması Qaydaları” təsdiq edilmişdir. Həmin qaydaların 2.7-ci bəndinə əsasən Qiymətli kağızların investisiya şirkəti vasitəsi ilə alğı-satqısı investisiya şirkəti ilə müştəri arasında bağlanılan müqavilə (bundan sonra – müqavilə) əsasında həyata keçirilir. 2.11-ci bəndinə əsasən birjadankənar bazarda investisiya şirkəti tərəfindən öz adından və öz hesabına qiymətli kağızların alğı-satqısı, investisiya şirkəti ilə müştəri arasında bağlanılan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Qaydaların: 4.1. Qiymətli kağızların alğı-satqısı üzrə əqd, əqdin predmeti olan qiymətli kağızlar üzrə mülkiyyət hüquqlarının ötürülməsi depozitarda həyata keçirildikdən sonra tamamlanmış hesab olunur. 4.2. Sənədsiz qiymətli kağızı əldə edən şəxsin mülkiyyət hüquqları həmin kağızların ötürülməsinin depozitarda qeydiyyatı ilə, sənədli qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları isə müvafiq əqdin bağlanması ilə yaranır. 4.3. Qiymətli kağızlarla təsdiqlənmiş hüquqlar əldə edən şəxsə həmin kağızlara mülkiyyət hüququ keçən andan keçir. 4.4. Sənədsiz qiymətli kağızlar üzrə depo hesabından çıxarış, həmin qiymətli kağızlara mülkiyyət hüququnu təsdiqləyən yeganə hüquqi sənəddir. 4.5. Sənədsiz qiymətli kağızlar üzrə depo hesabından çıxarış “depo” hesabı sahibinin sorğusu əsasında investisiya şirkəti və ya depozitar tərəfindən verilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış qiymətli kağızların alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, istiqraz sahibinin istiqrazların ödənilməsi zamanı istiqrazın nominal dəyərini və nominal dəyərindən hesablanmış faizləri emitentdən almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Milli Depozit Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh ASC tərəfindən buraxılmış AZ********** dövlət qeydiyyat nömrəli 200 (iki yüz) ədəd istiqraz İddiaçı ASC tərəfindən 31 avqust 2016-cı il tarixində birjadankənar bazarda “X3 Şirkəti” QSC vasitəsi ilə alınmışdır. Depozitar sistemdə həmin əqdin qeydiyyatı 27 fevral 2017-ci il tarixində baş tutmuşdur.” İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan məlum olur ki, Cavabdeh ASC tərəfindən faiz borcu olaraq 55.996,63 manat, əsas borc olaraq 21.852,57 manat, ümumilikdə 77.849,20 manat məbləğində vəsait ödənilmişdir. İşdə olan hesabdan çıxarış, müqavilənin şərtləri və istiqrazların tədavül müddətinin 576 gün olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin ödənilməmiş 54.603,83 manat əsas borcu qalmışdır. Ona görə də, iddia əsas 54.603,83 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 7.203,22 manat pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İstiqrazların tədavül müddətinin 576 gün olması nəzərə alındığında müddət xx.xx.2018-ci il tarixdə bitmiş hesab edilir. Belə olan halda iddianın da, məhkəməyə xx.xx.2022-ci il tarixdə verilməsi nəzərə alındığında cavabdeh tərəfindən təxmini 4 il 6 ay gecikmə olması müəyyən edilir. Belə olan halda əsas borca illik 5 faiz hesablanmaqla 1 il üçün 2.703,19 (54.603,83x5/100), 4 il üçün isə 10.920,76 (2.703,19x4) borcu vardır. İddianın illik 5 faiz üçün tələb edilən məbləğin 7.203,22 manat olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə də, əsaslıdır və 7.203,22 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/9-00263 saylı Arayışdan görünür ki, "xxxx" ASC tərəfindən mediasiya xərci olaraq 400 manat məbləğində pul ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 31 avqust 2016-cı il tarixli 143 nömrəli “Qiymətli Kağızlarla alqı-satqı” haqqında müqaviləyə əsasən əsas borc üzrə 54.603 (əlli dörd min altı yüz üç) manat 83 (səksən üç) qəpik məbləğində pul, faiz borcu üzrə 7.203 (yeddi min iki yüz üç) manat 22 (iyirmi iki) manat məbləğində pul, ümumilikdə 61.807 (altmış bir min səkkiz yüz yeddi) manat 05 (beş) qəpik məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar