Məhkəmə qərarları › İş №e-2-2(113)-2220/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2220/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2220/2020 24.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs olmaqla) qarşı hərracın yekunlarına dair protokolun bağlanması və alqı-satqı müqaviləsinin sadələşdirilmiş vergi tutulmadan bağlanması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASCcavabdeh Respublika Xammal və X5 “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1328/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin İddiaçı ASCdən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Respublika Xammal və X7” MMCnin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1328/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən borclular “xxxx” MMC-dən və X3 İddiaçı ASC-nin xeyrinə 801.246,05 ABŞ dolları məbləğində pulun tutulması bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ilkin satış qiyməti 95.000 manat müəyyən edilməklə Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə, ilkin satış qiyməti 202.000 manat müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 102 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 255.000 manat müəyyən edilməklə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1 küçəsində yerləşən, 8 R saylı evin 1 saylı mənzilinə və ilkin satış qiyməti 250.000 manat müəyyən edilməklə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1 küçəsində yerləşən, 8 H saylı evin 1 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetləri açıq hərracdan satılmalı, ipoteka predmetləri satıldıqda cavabdehlər və onunla yaşayan ailə üzvləri tərəfindən ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1328/2019 saylı, xx.xx.2019-cuil tarixli icra sənədinə əsasən Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icra hərəkətlərinə başlamışdır. Belə ki, Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC hərrac mərkəzi ilkin satış qiyməti 95.000 manat müəyyən edilməklə Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini açıq hərracdan satışa çıxartmışdır. Hərracda tutma obyektinin alıcısı olmadığından Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini 60.562,50 manat dəyərində tələbkar “xxxx” ASC-nə təklif etmişdir. Təklifin qəbul edilməsi barədə Hərrac Mərkəzinə xx.xx.2020-ci il tarixli, 07/05-330 saylı məktubla müsbət cavab verilmiş, Hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin əldə edilməsi üçün 34 №-li xx.xx.2020-ci il tarixli hesab fakturaya əsasən Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC–yə 2.566,21 manat xidmət haqqı, 461,91 manat ƏDV, cəmi 3028,12 manat məbləğində vəsait ödənilmiş, lakin hərracın yekunları barədə protokol və alqı-satıq müqaviləsi indiyə kimi Banka təqdim edilməmişdir. Hal-hazırda cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC əmlakın banka satılması üçün hərracın yekunları üzrə protokolun və alqı-satqı müqaviləsinin imzalanmasından imtina edir. Cavabdeh tərəfindən Bankın xx.xx.2020-ci il tarixli rəsmi müraciətə verilmiş 01/856 saylı, xx.xx.2020- ci il tarixli cavab məktubunda Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə görə hesablanmış 4277,4 manat sadələşdirilmiş vergi məbləği ödənildikdən sonra hərracın yekunlarına dair protokolun banka təqdim ediləcəyi bildirilmişdir. Göründüyü kimi, cavabdeh indiyə qədər əmlakın açıq hərracda satılmasına dair yekun protokolu və alqı-satqı müqavilələrini bankdan ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan imzalanmayacağını rəsmi olaraq bildirmiş və müvafiq sənədləşmələri həyata keçirməkdən qərəzli formada yayınır. Təbii ki, cavabdehin göstərilən mövqeyi “xxxx” ASC üçün maddi itkilərə səbəb olur. Üçüncü şəxsin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X6 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan baxmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 1328/2019 saylı qətnaməsinə əsasən cavabdehlər “xxxx” MMC-dən və X3 İddiaçı ASCnin xeyrinə ümumilikdə 801.246,05 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ilkin satış qiyməti 95.000 manat müəyyən edilməklə Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə, ilkin satış qiyməti 202.000 manat müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 102 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 255.000 manat müəyyən edilməklə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1 küçəsində yerləşən, 8 R saylı evin 1 saylı mənzilinə və ilkin satış qiyməti 250.000 manat müəyyən edilməklə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1 küçəsində yerləşən, 8 H saylı evin 1 saylı mənzilinə yönəldilməli, ipoteka predmetləri açıq hərracdan satılmalı, ipoteka predmetləri satıldıqda cavabdehlər və onunla yaşayan ailə üzvləri tərəfindən ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Abşeron rayon İcra və probasiya şöbəsi Bakı Apellyasiya Məhkəməsinin icra sənədini icraata qəbul etmiş və sonrakı icra hərəkətlərinə başlamışdır. İpoteka predmeti olan Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin satılmasının təşkil edilməsi Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə həvalə edilmişdir. Sözügedən fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərraclar baş tutmadığından Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC xx.xx.2020-ci il tarixli məktubla Abşeron Rayon Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə ipoteka saxlayana təklif etmiş və İddiaçı ASC xx.xx.2020-ci il tarixli, 07/05-330 saylı məktubla göstərilən əmlakı təklif olunan qiymətə əldə etməyə razılıq vermişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı ASC tərəfindən Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə təkrarən müraciət olunmuş, hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin əldə edilməsi üçün “xxxx” MMC-yə cəmi 3.028,12 manat məbləğində vəsaitin ödənilməsi, lakin hərracın yekunları barədə protokolun və və alqı-satqı müqaviləsinin banka təqdim edilməməsi bildirilmişdir. “xxxx” MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla hərracın nəticələrinə dair protokolun alıcı və ipoteka predmetini əldə edən şəxs tərəfindən Vergi Məcəlləsinin 150.1.13, 150.3-1, 220.8 və 220.8.1-ci maddələrinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergi ödənildikdən sonra tərtib olunacağı bildirilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC-nin iddiası təmin edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 150.3-cü maddəsinə görə notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Həmin Məcəllənin 150.1.13-cü maddəsinə görə aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.13.1. vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış əmlak; 150.1.13.2. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada iflas prosesi çərçivəsində təqdim edilən aktivlər; 150.1.13.3. ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təqdim olunan qeyri-işlək (toksik) aktivlər; 150.1.13.4. qanunla nəzərdə tutulmuş qaydada üzərinə tələb yönəldilən dövlət əmlakının özəlləşdirilməsi, habelə bələdiyyə əmlakı üzərində mülkiyyət və icarə hüquqlarının özgəninkiləşdirilməsi. Göstərilən maddələrin məzmunundan göründüyü kimi ixtisaslaşdırılmış hərrac təşkilatları yaşayış və ya qeyri-yaşayış sahələrinin təqdim edilməsi hərrac vasitəsilə həyata keçirildikdə (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) belə təqdim etməyə görə Vergi Məcəlləsinin 218.4.3-cü maddəsində nəzərdə tutulmuş sadələşdirilmiş vergini ödəmə mənbəyində tutmalıdırlar. Digər tərəfdən Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə görə bu Məcəllənin 218.1ci maddəsinin müddəalarından asılı olmayaraq mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin Məcəllənin 219.3-1-ci maddəsinin bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyriyaşayış sahələri vergitutma obyektidir. Sadələşdirilmiş verginin mahiyyətini və tutulması əsaslarını müəyyən edən yuxarıda göstərilən müddəalara müqayisəli şəkildə nəzər saldıqda isə aydın olur ki, sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs (konkret halda satıcı, sahənin mülkiyyətçisi) çıxış edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda İddiaçı ASC daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etdiyindənRespublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-nin hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alqı-satqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin ASC tərəfindən ödənilməsi şərtini irəli sürməsi qanunauyğun hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri sayır ki, mübahisəli hərracın yekunu olaraq İddiaçı ASC-nin əldə etdiyi daşınmaz əmlak gələcəkdə satıldıqda bank tərəfindən Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin tələblərinə əsasən yenidən sadələşdirilmiş vergi ödənilməlidir. Belə olan halda isə hazırda əmlak alınarkən İddiaçı” ASC tərəfindən sadələşdirilmiş verginin ödənilməsi bankın eyni əmlakla bağlı iki dəfə eyni vergiyə cəlb edilməsinə səbəb olacaqdır. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə görə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin qanunun 41.3-cü maddəsinə görə hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Yuxarıda göstərilən qanunvericilik normalarını əsas tutaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan hərrac könüllü əsaslarla deyil, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurunun sifarişi əsasında həyata keçirildiyindən, yəni həmin hərracın keçirilməsi vəzifəsi qanundan irəli gəldiyindən hazırkı halda hərrac təşkilatçısı qanunun tələblərinə uyğun şəkildə keçirilmiş hərracın nəticələrinə dair protokolu təsdiq etmək və alqı-satqı müqaviləsi bağlamaq vəzifəsi daşımaqla hərrac protokolunu imzalamaqdan və müqavilə bağlamaqdan imtina etmək hüququna malik deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayonu, Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin İddiaçı ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Respublika Xammal və X7” MMC-nin üzərinə qoyulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1328/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Abşeron rayonu, Hökmalı qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin İddiaçı ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-nin üzərinə qoyulsun. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdeh Respublika Xammal və X7” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar