Məhkəmə qərarları › İş №e-2-2(113)-2221/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2221/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2221/2024 05.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, L/005 saylı “Alğı-satqı” müqaviləsi əsasında yaranmış 297,606.36 manat (iki yüz doxsan yeddi min altı yüz altı manat, otuz altı qəpik) borc pul vəsaitinin "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında L/005 saylı “alğı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan Qiymət razılaşma protokolunda göstərilən Malları "xxxx" MMC-yə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “Ödəniş şərtləri” başlıqlı maddəsinə əsasən alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya Müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə “Satıcı” onun ödənilməsini “Alıcı”-dan tələb etməyə haqlıdır. Lakin, L/005 saylı müqavilə əsasında baş tutmuş alğısatqı proseslərini təsdiq edən elektron-qaimə əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni "xxxx" MMC elektron-qaiməyə əsasən ƏDV daxil 297,606.36 manat (iki yüz doxsan yeddi min altı yüz altı manat, otuz altı qəpik) məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, müəyyən ödəniş olunduğunu və cavabdehin 147.746,35 manat məbləğində borcunun qaldığını bildirdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında bağlanmış L/005 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan Qiymət razılaşma protokolunda göstərilən alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

12. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

13. İş materillarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCK seriyalı, 021607 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 24.510,96 manat, EBCJ seriyalı, 897521 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 45.966,90 manat, EBCJ seriyalı, 479154 nömrəli, xx.xx.2022ci il tarixli, dəyəri 16.340,64 manat, EBCG seriyalı, 632894 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 92.979,76 manat, EBCC seriyalı, 007758 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 92.979,76 manat, EBCB seriyalı, 066717 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 90.564,70 manat, EBCA seriyalı, 121478 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 91.882,01 manat, EBBY seriyalı, 669230 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 7.366,03 manat, EBWW seriyalı, 754500 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 46.837,39 manat, EBBV seriyalı, 237455 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 67.791 manat olan elektron qaimələr göndərilmişdir.

14. Sadə riyazi hesablama ilə hesabladıqda elektron qaimələrdəki məbləğlərin cəmi 577.219,15 manat edir.

15. İş materiallarına əlavə olunmuş, xx.xx.2022-xx.xx.2024 dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, elektron qaimələr üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə 429.472,80 manat məbləğində pul ödənmişdir.

16. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçı tərəf də məhkəmənin sualına cavab olaraq məhkəməyə müraciət edilən gün cavabdeh tərəfindən ödənişin həyata keçirildiyini və cavabdehin 147.746,35 manat borcunun qaldığını bildirmişdir.

17. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun tam ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

18. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, cavabdeh də elektron qaimələr üzrə ödənişlər etməklə malların ona verildiyini qəbul etmiş və onun verilmiş olan malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

19. Ona görə də, Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və (577,219,15- 429.472,80) 147.746,35 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 147.746 (bir yüz qırx yeddi min yeddi yüz qırx altı) manat, 35 (otuz beş) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar