Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2223/2023 21.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh2 vəkili Vəkil3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2021-ci il tarixli, 281 saylı alqı-satqı müqaviləsinə əsasən pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 9 sentyabr 2021-ci il tarixli, № 281 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 10.004 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 358,14 manat məbləğində dəbbə pulunun, ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pulun müştərək qaydada tulularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra – “İddiaçı”) ilə Cavabdeh2 (bundan sonra – “Cavabdeh”) arasında 9 sentyabr 2021-ci il tarixdə, 281 №-li alqı-satqı müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, cavabdeh 30.000 manat ilkin ödəniş, 5 ay müddətinə hər ay 5.833 manat, sonuncu ay isə 5.835 manat olmaqla, ümumilikdə 65.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək müqavilə üzrə ödənilməli məbləğdən yalnız 54.996 manat ödənilmiş, cavabdehin iddiaçıya 10.004 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, cavabdeh öhdəliyinin icrasından yayınmış, satın aldığı malların əvəzini ödəməmişdir. Bundan əlavə, iddiaçı ilə Cavabdeh1 arasında 9 sentyabr 2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Belə olan halda, müqavilə üzrə icra edilməmiş öhdəlik – 10.004 manat, öhdəliyin icra edilmədiyi müddət – xx.xx.2022-xx.xx.2023-cü il (358 gün) hər gecikdirilmiş gün üçün 0,01% olmaqla, 358,14 manat (10004x0,01%x358) cərimə, ümumilikdə 10.362,14 manat məbləğ cavabdeh və zamindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, İddiaçı MMC-nin Cavabdeh1 qarşı iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, 09 sentyabr 2021-ci il tarixli, Nq 281 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Belə ki, iş üzrə Cavabdeh1 Cavabdeh2 ilə qarşılıqlı razılığa əsasən, tərəflər şərikli qaydada birgə istifadə məqsədləri üçün “Araş” firmasından dəyəri 13.000 avro olan SY17/Ultrasun İ8 Solary aparatını almışdılar və aralarındakı razılığa əsasən bu aparatdan gələcək gəlir tərəflər arasında bərabər bölünəcəkdir. Daha sonra tərəflər salon bizneslərinin genişlənməsi üçün şərikli qaydada, yəni dəyərini tərəflər arasında Vz hissədə ödəmək şərtilə, dəyəri 65.000 manat olan Candella Gentle lase lazer epilyasiya avadanlığını (3460 (N20369/370) nömrəli) İddiaçı MMC-dən alınmışdır. Qeyd edir ki, iş üzrə Cavabdeh1 iş üzrə digər Cavabdeh2 ilə bərabər payla ödənilməklə, nisyə alınmış avadanlığın üzərinə düşən yarı məbləğini tam ödəmişdir. Cavabdeh2 isə üzərinə düşən hissənin 10.000 manatını ödəməmişdir. İddiaçı ilə Cavabdeh2 arasında 9 sentyabr 2021-ci il tarixdə, 281 Nç-li alqı-satqı müqaviləsi və Cavabdeh1 arasında 9 sentyabr 2021ci il tarixdə zaminlik Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə 6 ay müddətində börc tam ödənilməli idi, yəni 09 mart 2022-ci il tarixdə başa çatır və iddiaçı 09 mart 2023cü il tarixədək zaminə qarşı iddia irəli sürə bilərdi. İddiaçı isə hazırkı iddia tələbi ilə 05 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin oluna bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Vəkil1 həmçinin izahatında qeyd etmişdir ki, avadanlığın faktiki olaraq əsas borcluda olmaması hazırki iddia tələbinə hər hansı aidiyyəti yoxdur. İlkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixdə keçirilib və Cavabdeh1 həmin sessiyada iştirak edib. Bundan başqa digər kommersiya mübahisəsinin hazırda iddiaya aidiyyəti olmadığını bildirir. Vəkil1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, avadanlığın alınması ilə bağlı hər iki cavabdeh müraciət edib, sadəcə biri alıcı, digəri zamin kimi rəsmiləşdirilib. Ödənişlər hər iki cavabdeh tərəfindən ayrı-ayrılıqda həyata keçirilib. Belə olan halda zaminlik müqaviləsi üzrə nəzərdə tutulan 1 illik iddia müddəti hazırki mübahisəyə tətbiq edilə bilməz. Ödəniş qəbzlərini məhkəməyə təqdim edilməsi zəruri deyil. Bu məsələ ilə bağlı mübahisə yoxdur. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdiyini, izahatında 10.004 manat məbləğində borcunun olduğunu təsdiq etmiş və 10.004 manat məbləğində olan borcunu ödəyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil3 izahatında bildirmişdir ki, əsas borclu və zamin arasında mübahisə olduğundan ödəniş edilməyib. Belə ki, zamin ilə əsas borclu avadanlığı birgə almışlar. Lakin bütün ödənişləri Cavabdeh2 edib. Bununla bağlı qəbzləri məhkəməyə təqdim etmişlər. Cavabdehlər birgə avadanlıq əldə ediblər. Sonradan əsas borclu lazer aparatını zaminə icarəyə verib və Cavabdeh1 müəyyən miqdarda məbləği mənimsəyib. Cavabdehlərin arasında olan mübahisə AR DİN tərəfindən də araşdırılıb. Eyni zamanda bildirmək istəyir ki, zaminin öhdəliyi üzrə iddia müddəti ötməyib. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddiaya qarşı vermiş olduğu etirazın məzmununa uyğun izahat verərək iddianın Cavabdeh1 qarşı hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında 09 sentyabr 2021-ci il tarixli, 281 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı sifariş əsasında ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqların (bundan sonra – “Mal”) dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib və qaimə-fakturalarda əks olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən alıcıya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılmış protokolda Əlavə 1-də öz əksini tapır. 1.4-cü bəndinə əsasən satılan malın dəyərinin 30.000 manat məbləğini – ilkin ödənişi edildikdən sonra qalıq məbləğinin isə 6 ay ərzində kredit cədvəlinə müvafiq olaraq ödəniş tarixindən gec olmayaraq, kredit şəklində nağd ödəməyi alıcı öz üzərinə götürür. 2.2.2-ci bəndinə əsasən malın dəyərini vaxtında və müqavilədə qeyd olunan qaydada və şərtlərlə ödəmək alıcının vəzifəsidir. 2.2.5-ci bəndinə əsasən alıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci maddəsinə əsasən qiymətlərin razılaşdırılma protokollarında qeyd olunan malın ümumi dəyəri 65.000 manat təşkil edir. 4.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,02% həcmində satıcıya cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası və İddiaçı möhürü ilə təsdiq edilmişdir. Əlavə 1 olan ilkin razılaşma protokoluna əsasən Candella MGL avadanlığı (digər avadanlıqlarla birlikdə) (ilkin ödəniş 30.000 manat, (6 ay müddətinə) aylıq 5.833 manat ödəniş olmaqla) ümumi dəyəri 65.000 manat olmaqla razılaşdırılmışdır. Əlavə 1 Cavabdeh2 imzası və satıcı - İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Bakı şəhəri, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 09 sentyabr 2021-ci il tarixli, 281 saylı alqı-satqı müqaviləsi üzrə (miqdarı və adları ayrı-ayrılıqda göstərilməklə) mallar (o cümlədən Candella MGL avadanlığı) Cavabdeh2 tərəfindən təhvil alınmışdır. Aktın doğruluğu alıcı - Cavabdeh2 imzası və satıcı - İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. 09 sentyabr 2021-ci il tarixli, 281 saylı müqaviləyə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh2 tərəfindən alqı-satqı müqaviləsi üzrə 65.000 manat, o cümlədən ilkin ödəniş 30.000 manat, xx.xx.2021-ci ildən başlayaraq 6 ay ərzində xx.xx.2022-ci ilədək hər ay 5.833 manat məbləğində ödəniş edilməlidir. Ödəniş cədvəli alıcı və satıcı tərəfindən imzalanmışdır. İddiaçı MMC (firma) ilə Cavabdeh1 (zamin) arasında 09 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən zamin, 09 sentyabr 2021-ci il tarixli, 281 saylı müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür. 2.1-ci bəndinə əsasən müqaviləyə görə borclu firma qarşısındakı öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə zamin firma qarşısında borclunun öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. 2.3-cü bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvericilikdə və ya bu müqavilədə və ya ona əlavədə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, zamin və borclu birgə məsuliyyət daşıyırlar. 8.2-ci bəndinə əsasən müqavilə borclunun firma qarşısındakı öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədədir. Müqavilə firmanı imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. xx.xx.2021-xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən (elanından) görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı MMC-nin hesabına ümumilikdə 46.663 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 pretenziya məktubu ünvanlanaraq MMC-yə olan 10.004 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 09 sentyabr 2021-ci il tarixli, 281 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək ümumi dəyəri 65.000 manat olan Candella MGL avadanlığı (digər avadanlıqlarla birlikdə) cavabdehə təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda İddiaçı MMC Cavabdeh2 qeyd edilən müqavilə üzrə borcunun 10.004 manat təşkil etdiyini iddia edir. Cavabdeh2 da məhkəməyə verdiyi izahatında iddiaçıya 10.004 manat məbləğində borcun olması faktını etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 10.004 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh2 10.004 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 358,14 manat məbləğində dəbbə pulunun Cavabdeh2 tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsi hissəsində də iddia əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 09 sentyabr 2021-ci il tarixli, 281 saylı müqavilə üzrə 358,14 manat məbləğində dəbbə pulu tutularaq İddiaçınə ödənilməlidir. İddianın borc məbləğinin digər Cavabdeh1 tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin tələb Cavabdeh2 09 sentyabr 2021-ci il tarixli, 281 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı qarşısındakı öhdəlikləri təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli zaminlik müqaviləsinə əsaslanır. Sözügedən zaminlik müqaviləsinin 8.2-ci bəndinə görə isə həmin müqavilə borclunun firma qarşısındakı öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədədir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 8.2-ci bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “Borclunun firma qarşısındakı öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədədir” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh1 ilə bağlanılmış 09 sentyabr 2021ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, həmin zaminliyə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli, 281 saylı alqı-satqı müqaviləsinə (1.4-cü bəndinə əsasən satılan malın dəyərinin 30.000 manat məbləğini – ilkin ödənişi edildikdən sonra qalıq məbləğinin isə 6 ay ərzində kredit cədvəlinə müvafiq olaraq ödəniş tarixindən gec olmayaraq, kredit şəklində nağd ödəməyi alıcı öz üzərinə götürdüyündən) əsasən isə sözügedən zaminliyin təmin etdiyi öhdəliyin sonuncu icra vaxtının 09 mart 2022-ci il tarixində başa çatması müəyyən olunur. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı MMC zamin Cavabdeh1 qarşı hazırkı iddianı əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni xx.xx.2023-cü il tarixədək irəli sürmədiyindən Cavabdeh1 zaminliyinə xitam verilmişdir. Zaminlik üçün qanunda nəzərə tutulmuş müddət ərzində iddiaçının Yasamal rayon Məhkəməsinə və Bakı Kommersiya Məhkəməsinə iddialar qaldırması, belə olan halda zaminlik müddətinin keçməməsi barədə iddiaçının və digər Cavabdeh2 istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan zaminlik müddəti kreditorun müəyyən zaman ərzində öz hüququndan lazımi qaydada istifadə etməməsi nəticəsində hüquqa xitam verilməsini nəzərdə tutan kəsici müddətdir. Azərbaycan Rüspublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair tarixli qərarına əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göründüyü kimi iddia müddətlərindən fərqli olaraq kəsici müddətlər dayandırılmadığından və ya kəsilmədiyindən həmin müddət ərzində iddiaçı tərəfindən bir neçə dəfə birinci dəfə məhkəmə aidiyyətini səhv müəyyən etməklə Yasamal Rayon Məhkəməsinə və ikinci dəfə pretenziya qaydasında riayət etməməklə Bakı Kommersiya Məhkəməsinə müraciət etməsi həmin müddətin kəsilməsinə səbəb olmamışdır. Eyni zamanda iddiaçının zaminliyin qüvvədə olduğu müddət ərzində MPM-in tələblərinə riayət etmədən iki dəfə məhkəmələrə iddia ilə müraciət etməsinin kreditorun öz hüquqdan lazımi qaydada istifadə etməsi kimi qymətləndirilməsi üçün də əsas yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı zaminə qarşı iddia qaldırmaq hüququndan qanunda müəyyən edilmiş müddət ərzində lazımi qaydada istifadə etmədiyindən zaminliyinə xitam verilmişdir. Məhkəmə həmçinin onu da nəzərə alır ki, İddiaçı MMC-nin zaminə qarşı qaldırdığı sonuncu iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-25(113)- 6118/2022 saylı qərardadı ilə geri qaytarılmışdır(pretenziya qaydasına riayət edilməməsi və iddia ərizəsinin cavabdehlərə çatdırılmaması əsası ilə). Odur ki, yuxarıda da göstərildiyi kimi zaminlik müddəti xx.xx.2023-cü il tarixdə, yəni iddia ərizəsi qaytarıldığı tarixdən 5 ay sonra başa çatdığından iddiaçının qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla zaminliyin qüvvədə olduğu müddət ərzində zaminə qarşı iddia qaldırmaq hüququndan lazımi qaydada istifadə etmək üçün kifayət qədər vaxtı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 zaminliyinə müddətin keçməsi əsası ilə xitam verildiyindən sonuncuya münasibətdə iddia rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 121,09 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə Cavabdeh2 münasibətdə tam təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 10.004 manat məbləğində əsas borc, 358,14 manat məbləğində dəbbə pulu, cəmi 10362,14 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh1 münasibətdə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2223/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2223/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver