Məhkəmə qərarları › İş №e-2-2(113)-2223/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2223/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2223/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5444,07 manat (beş min dörd yüz qırx dörd manat yeddi qəpik) (malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanmış 24 may 2023-cü il tarixli, BP21-2023 nömrəli müqaviləyə əsasən satıcı malları satmağı, alıcı isə həmin malların yazılan qaiməyə əsasən dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cü maddəsinə əsasən alıcı malların dəyərini satıcının bank hesabına təhvil-təslim aktı təsdiqləndikdən 20 təqvim günü müddətində ödəyir. Müqavilə üzrə mallar alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla, cəmi 5444,07 manat təşkil edir. Məlumat üçün bildirilir ki, mübahisənin məhkəməyə qədər nizama salınması üçün Cavabdeh MMC-yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün 06 fevral 2024-cü il pretenziya məktubu göndərilmiş, lakin cavabdeh bu günədək alqı-satqı müqaviləsini öhdəliklərini yerinə yetirmək istəmir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 425.1, 442-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, BP 34-2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, satılan malı təhvil-təslim aktı ilə alıcıya satır və alıcı öz növbəsində yazılan qaiməyə əsasən alınan malların dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən satıcı ona məxsus malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib, malların haqqını bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən malların satış qiyməti təhvil-təslim aktında və ya qaimədə qeyd olunur. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı tərəfindən malların dəyərinin ödənilməsi köçürmə yolu ilə həyata keçirilir və pul vəsaitinin satıcının sərəncamına verildiyi an və ya hesablaşma hesabına köçürüldüyü an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur. Alıcı malların dəyərini tam ödəməyənə qədər mal satıcının mülkiyyəti hesab olunur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən ödəmələr Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən malların dəyəri təhvil-təslim aktı təsdiqləndikdən sonra 7 (yeddi) iş günü ərzində ödənilməlidir

8. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 664976 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2277,89 manat təşkil edir.

9. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 235367 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5444,07 manat təşkil edir.

10. "xxxx" MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 715 nömrəli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 4 adda 2277,89 manat ƏDV daxil mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

11. "xxxx" MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 818 nömrəli təhvil-təslim aktından görünür ki, cədvəldə qeyd olunan 3 adda 5444,07 manat ƏDV daxil mal(lar) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

12. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) hesabına 343,22 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********/649134303 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin AZ61AİİB400400C**********110 nömrəli hesabına 1906,78 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

14. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi

16. İddia tələbini cavabdehdən Cavabdeh MMC-dən ƏDV daxil 5444,07 manat məbləğində ödənilməmiş qalıq borcun tutulması təşkil edir.

17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanmış 24 may 2023-cü il tarixli, müqaviləyə əsasən satıcı malları satmağı, alıcı isə həmin malların yazılan qaiməyə əsasən dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mallar alıcıya təhvil verilmiş və bu barədə elektron qaimə tərtib edilmişdir. ƏDV daxil malların ümumi dəyəri 5444,07 manat təşkil etmişdir. Müqaviləyə əsasən alıcının malların dəyərini satıcının bank hesabına təhviltəslim aktı təsdiqləndikdən 20 təqvim günü müddətində ödəmək öhdəliyi götürməsinə baxmayaraq, həmin öhdəlik yerinə yetirilməmişdir.

18. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 5444,07 manat (beş min dörd yüz qırx dörd manat yeddi qəpik) (ƏDV daxil) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMc-yə ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sübutlarla öz təsdiqini tapır.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 5444,07 manat (beş min dörd yüz qırx dörd manat yeddi qəpik) (ƏDV daxil) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar