Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2224/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqaviləyə xitam verilməsi, lizinq predmetinin qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, lizinq predmetinin qaytarılması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqaviləyə xitam verilməsi, lizinq predmetinin qaytarılması və pul tələbinə dair dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-cu il tarixli, GL695 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X3 müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd Traktor Tümosan 9115ST, 1 ədəd kotan beşgövdəli SP145, 1 ədəd diskli dırmıq ALP24-51, 1 ədəd Presbağlayan KE690, 1 ədəd gübrəsəpən 1000L HMS avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və 2038,51 manat gecikdirilmiş əsas borcu, 73,31 manat cərimə borcunun və 41,12 manat (qırx bir manat on iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-cu il tarixli GL695 saylı lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 60 (altmış) ay müddətinə ödəmə şərti ilə 40819,32 (qırx min səkkiz yüz on doqquz manat otuz iki qəpik) manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi dəyəri 90988,68 manat (doxsan min doqquz yüz səksən səkkiz manat altmış səkkiz qəpik) təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasə cavadeh tərəfindən 18616,69 manat (on səkkiz min altı yüz on altı manat altmış doqquz qəpik) ilkin ödəniş və 408,19 (dörd yüz səkkiz manat on doqquz qəpik) manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Müqavilənin təminatı olaraq İddiaçı MMC və Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli GZ201 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Nəticədə xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 2038,51 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 73,31 (yetmiş üç manat otuz bir qəpik) manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixində xs1089/24 nömrəli pretenziya məktubu rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh2 İddiaçı ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 2038,51 manat gecikdirilmiş əsas borcu, 73,31 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransa da, cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni zamanda xx.xx.2024-cü il tarixə cavabdeh 20412,12 manat ödəniş etmişdir
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 748-1.5, 748-1.8, 748-1.11, 748-1.12.4, 748-2.3-cü maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-cu il tarixli GL695 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X3 müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd Traktor Tümosan 9115ST, 1 ədəd kotan beşgövdəli SP145, 1 ədəd diskli dırmıq ALP24-51, 1 ədəd Presbağlayan KE690, 1 ədəd gübrəsəpən 1000L HMS avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 678,36 manat gecikdirilmiş əsas borc, 11,53 manat cərimə borcu və 41,12 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, cavabdeh tərəf hər ayın 9-da ödənişi etməli idi. Aylıq ödənişlər 680 manat olmuşdur. 06 iyun 2024-cü il tarixdə 700 manat məbləğində ödəniş edilmiş, hələ 20 manat da artıq ödənilmişdir.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, lizinq verən qismində İddiaçı ASC ilə lizinq alan qismində Cavabdeh2 arasında 07 aprel 2021-ci il tarixli, GL695 saylı lizinq müqaviləsi imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq verən lizinq obyektini lizinq alanın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq lizinq alanın istifadəsinə təqdim edir. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinq müddəti təhvil-təslim tarixindən başlayaraq bitmə tarixində sona çatmaqla 60 ay təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə lızinq münasibətlərinə daha əvvəl xitam verilməsi hallan istisna olmaqla, lizinq obyekti lizinq alana lizinq müddətinə verilir. Müqavilənin 9.2-ci bəndinə əsasən lizinq alan qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə hər hansı səbəbdən zəruri ödənişləri, xərcləri, köçürmələri, cərimələri və digər ödənişləri həyata keçirmirsə, lizinq verən öz müstəsna mülahizəsinə və seçiminə uyğuıı olaraq bu cür ödənişləri edə və onların əvəzinin ödənilməsini ödənişin həyata keçirilməsini təsdiq edən sənədlərin kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq lizinq alandan tələb edə bilər. Lizinq verən bu cür sənədləri hətta lizinq alanın adına rəsmiləşdirdiyi hallarda belə, həmin sənədlər ödənişlərin lizinq verən tərəfindən həyata keçirilməsini təsdiq edən sübut kimi istifadə oluna bilər. Müqavilənin 19.2-ci bəndinə əsasən Defolt Hallarının baş verməsi zamanı lizinq verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bu halda lizinq verən lizinq alana yazılı bildiriş verməklə lizinq alandan lizinq obyektinin dərhal və mübahisəsiz olaraq geri qaytarılmasını və lizinq obyektinin gen qaytarılması rarixinədək bu müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin (o cümlədən heç bir məhdudiyyət qoyulmadan həmin tarixədək ödənilməli olan lizinq ödənişlərini və lizinq verənin faktiki olaraq çəkdiyi bütün xərclər) lizinq verənə tam şəkildə ödənilməsini və ya lizinq verənin müstəsna mülahizəsi və seçimi əsasında lizinq obyektinin aşağıdakı pul məbləğlərinin tam şəkildə və birdəfəlik ödənişlə lizinq verənə ödənilməsi şərtilə lizinq alan tərəfindən alınmasını tələb edə bilər: 19.2.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş ödənilməli olan Lizinq ödənişləri; 19.2.2-ci bəndinə əsasən Defolt Halı ilə bağlı olaraq bu müqaviləyə xitam verilməsi ilə əlaqədar lizinq verənin faktiki olaraq çəkdiyi bütün xərc, ödənişlər və əldən çıxmış fayda. Müqavilənin 21.1-ci bəndinə əsasən müqavilənin 19.2-ci maddəsinə uyğun olaraq Defolt Halının baş verməsi zamanı lizinq verən Lizinq obyektini lizinq alandan geri almaq hüququna malikdir. Lizinq obyektinin sökülməsi, daşınması, daşıma sığorta haqları, yükləmə xərcləri, müvafiq səlahiyyətli orqanda qeydiyyat xərcləri/qeydiyyatdan çıxarma xərcləri və hər hansı bu cür xərclər lizinq alanın vəsaiti hesabına ödənilməlidir. Lizinq obyekti bu maddəyə əsasən geri alındıqda lizinq alan çəkdiyi hər hansı xərclərin əvəzinin ödənilməsini lizinq verəndən tələb etmək hüququna malik deyildir.
8. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş 07 aprel 2021-ci il tarixli, GL695 saylı lizinq müqaviləsinə edilən xx.xx.2021-ci il tarixli, 1 nömrəli Əlavələrdə lizinq obyeklərinin təsviri (adı, markası, modeli, sayı, qimyəti və s.) əks olunmuşdur. Qeyd edilən əlavə hər iki tərəfin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, GZ201 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 aprel 2021-ci il tarixli, GL695 saylı lizinq müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
10. Satıcı qismində "xxxx" MMC ilə alıcı İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli, AS2178 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı lizinq obyektini bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı isə xüsusi olaraq lizinq alana lizinqə vermək məqsədilə lizinq obyektini qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər razılaşırlar və qəbul edirlər ki, lizinq alan bu müqavilə ilə bağlı olan və ya bu müqavilədən irəli gələn istənilən və bütün alıcı hüquqlarına malikdir və lizinq alan bilavasitə satıcı qarşısında lizinq obyektinin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və bu müqavilədə nəzərdə tutulan və alıcının irəli sürə biləcəyi digər tələbləri (o cümlədən heç bir məhdudiyyət qoyulmadan satıcının zəmanət (qarantiya) öhdəliklərindən irəli gələn bütün tələbləri) sürə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alqı-satqı olunacaq malların siyahısı aşağıda qeyd edilənlərdir: 1) Kotan 5 gövdəli SP145 Seriya № ********** marka: Alpler, Model: Pulluk /SP145; 2) Diskli dırmıq ALP24-51 Seriya № 0047, Marka: Adrimak, Model: Alp 24-51.
11. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AS2178 nömrəli alqı-satqı müqaviləsinə edilən xx.xx.2021-ci il tarixli, 1 nömrəli Əlavələrdə lizinq obyeklərinin təsviri (adı, sayı, qimyəti və s.) əks olunmuşdur. Qeyd edilən əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. Satıcı qismində "xxxx" MMC ilə alıcı İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli, AS2099 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı lizinq obyektini bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı isə xüsusi olaraq lizinq alana lizinqə vermək məqsədilə lizinq obyektini qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər razılaşırlar və qəbul edirlər ki, lizinq alan bu müqavilə ilə bağlı olan və ya bu müqavilədən irəli gələn istənilən və bütün alıcı hüquqlarına malikdir və lizinq alan bilavasitə satıcı qarşısında lizinq obyektinin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və bu müqavilədə nəzərdə tutulan və alıcının irəli sürə biləcəyi digər tələbləri (o cümlədən heç bir məhdudiyyət qoyulmadan satıcının zəmanət (qarantiya) öhdəliklərindən irəli gələn bütün tələbləri) sürə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alqı-satqı olunacaq malların siyahısı aşağıda qeyd edilənlərdir: 1) Traktor Tümosan 9115 ST Şassi № 9115 090505, Mühərrik: № 115C-287203 Marka: Tümosan, Model: AL4/9115 ST(4 WD Kabin), 2) Presbağlayan KE690 Seriya №: KE69021077, Marka: Kayahan Ertuğrul, Model: KE690, 3) Gübrəsəpən 1000 L HMS, Seriya № 10071, Marka: HMS.
13. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AS2099 nömrəli alqı-satqı müqaviləsinə edilən xx.xx.2021-ci il tarixli, 1 nömrəli Əlavələrdə lizinq obyeklərinin təsviri (adı, sayı, qimyəti və s.) əks olunmuşdur. Qeyd edilən əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 aprel 2021-ci il tarixli, GL695 saylı lizinq müqaviləsinə təhvil-təslim protokolu adlı 3 saylı əlavədən görünür ki, aktda qeyd edilən 5 adda lizinq obyektləri İddiaçı ASC tərəfindən Cavabdeh2 təhvil verilmiş, sonuncu isə öz növbəsində təhvil almışdır.
15. 15 fevral 2024-cü il tarixli 33 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh2 iddiaçı "xxxx" ASC qarşısında 07 aprel 2021-ci il tarixli GL 695 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər ümumilikdə 2111,82 manat (iki min yüz on bir manat səksən iki qəpik) manat öhdəliyi vardır.
16. xx.xx.2024-cü il tarixli, 01 nömrəli eyniləşdirmə adlı sənəddə qeyd edilmişdir ki, Cavabdeh2 iddiaçı "xxxx" ASC qarşısında 07 aprel 2021-ci il tarixli GL 695 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər ümumilikdə 689,89 manat öhdəliyi vardır.
17. xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə 700 manat məbləğində ödəniş edilmiş, sözügedən tarixə Cavabdeh2 gecikdirilmiş kredit borcunun -21 manat olduğu qeyd edilmişdir.
18. İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlayaraq, cəmi 1397,53 manat məbləğində borcun 5 (beş) gün müddətində ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin mülkiyyətçiyə saz və işlək vəziyyətdə geri qaytarılması və pul tələbi ilə məhkəməyə müraciət edilcəəyi barədə xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
21. Hazırkı mübahisə lizinq müqaviləsindən irəli gələn mübahisədir.
22. İddia tələbi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-cu il tarixli GL695 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X3 müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd Traktor Tümosan 9115ST, 1 ədəd kotan beşgövdəli SP145, 1 ədəd diskli dırmıq ALP24-51, 1 ədəd Presbağlayan KE690, 1 ədəd gübrəsəpən 1000L HMS avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılsın və 678,36 manat gecikdirilmiş əsas borcu, 11,53 manat cərimə borcunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsindən ibarətdir.
23. Məhkəmənin qənaətinə əsasən iddia rədd olunmalıdır.
24. Belə ki, müəyyən olunur ki, cavabdeh lizinq müqaviləsi üzrə mütəmadi olaraq ödənişlər etmiş, xx.xx.2024-cü il tarixdə də cavabdeh tərəfindən ödəniş qrafikinə uyğun olaraq 680,32 manat ödəməli olduğu halda 700 manat məbləğində ödəniş edilmişdir, yəni cavabdehlərin iddiaçıya müqavilə üzrə hazırkı tarixə hər hansı borcu yoxdur.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı halda lizinq müqaviləsi üzrə borcun olması müəyyən edilmədiyindən, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirdiyindən iddia bütün bütün hissələrdə (digər hissələr də müqavilə üzrə ödənişlərin lazımi qaydada icra edilməməsi ilə bağlı olmuşdur) iddia təmin edilməməlidir.
22. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova