Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2227/2022 31.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 25 iyun 2021-ci il tarixli, 046-GMC/SRP saylı ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən 2501,66 manat əsas borcun, 452,50 manat cərimə borcunun, 60 manat mediasiya xərclərinin, cəmi 3014,16 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı QSC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətimizlə əlaqədar Cavabdeh MMC ilə bizim aramızda 25 iyun 2021-ci il tarixli, 046-GMC/SRP saylı Ehtiyat hissələrinin Satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavələrinə əsasən cavabdeh ilə Cavabdeh MMC-yə cəmiyyətimiz tərəfindən ümumi dəyəri 2501,66 manat olan ehtiyat hissələri satılmışdır. Ehtiyat hissələrinin satışı müqaviləsinin 2.6-cı maddəsinə əsasən alıcı əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhviltəslimdən sonra köçürmə yolu ilə 5 bank günü ərzində ödəməlidir. Lakin cavabdeh qeyd olunan məbləğin heç bir hissəsini bugünkü günə qədər ödəməmişdir. Beləliklə, Cavabdeh MMC-nin bu müqavilə üzrə əsas borcu 2501.66 manat təşkil edir. Bununla yanaşı, müqavilənin 4.1.3-cü bəndinə görə, təhvil verilmiş mallar üzrə ödəniş ləngiyərsə, alıcı hər bir ləngimə günü üçün 0,1% həcmində cərimə ödəməlidir. Bunu nəzərə alaraq qeyd edək ki, borclunun bugünkü günə 452,50 manat cərimə borcu yaranmışdır. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh MMC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: 29.06.2021-ci il tarixdən 04.10.2021-ci il tarixə kimi tərtib olunmuş elektron qaimələrdən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-yə dəyəri 2847,48 manat olan mallar satmışdır. 25.01.2022-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqqında üzləşmə aktından görünür ki, 31.12.2021-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı QSC-yə olan borcunun məbləği 2501,68 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından da göründüyü kimi, Cavabdeh MMC-nin İddiaçı QSC-yə 2501,68 manat məbləğində borcu qalmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının 2501,66 manat əsas borc və mediasiya sessiyasına ödənilmiş 60 manatın tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia 452,50 manat məbləğində cərimə borcu tələbi hissəsində rədd edilməlidir, belə ki, iddiaçı cərimə məbləğini tərəflər arasında imalanan müqaviləyə istinad edərək tələb etmiş, lakin “AZEMİS” məhkəmə elektron sisteminə müqaviləni əlavə etməmiş, yəni iddiaçı istinad etdikləri ilə bağlı mötəbər sübutu təqdim etməmiş, hakim isə mövcud olan sübutlara qiymət verir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 2501,66 manat borc və mediasiya sessiyasına ödənilmiş 60 manat cəmi 2561,66 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İddia cərimə tələbi hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, hakim QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2501,66 manat borc və mediasiya sessiyasına ödənilmiş 60 manat cəmi 2561,66 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia cərimə tələbi hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2227/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2227/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver