Məhkəmə qərarları › İş №e-2-2(113)-2227/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2227/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2227/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6 və X11 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər X6 və X11 qarşı cavabdehlərdən 26 sentyabr 2021-ci il tarixli, 289 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 10000 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 594 manat məbləğində dəbbə pulunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,78 manat məbləğində pulun müştərək qaydada tulularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər X6 və X11 qarşı cavabdehlərdən 26 sentyabr 2021-ci il tarixli, 289 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 10000 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 594 manat məbləğində dəbbə pulunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,78 manat məbləğində pulun müştərək qaydada tulularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X8 arasında 06 sentyabr 2021-ci il tarixdə, 289 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı Müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdeh X1, cavabdeh X8 isə malı qəbul edib qaiməfakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhviltəslim aktına əsasən, cavabdeh X2 üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə Müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, cavabdeh X8 30000 manat ilkin ödəniş, 7 ay müddətinə isə hər ay 5000 manat olmaqla, ümumilikdə 65000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh X8 tərəfindən bu günədək Müqavilə üzrə ödənilməli məbləğdən yalnız 55000 manat ödənilmiş, cavabdeh X4 iddiaçıya 10000 manat məbləğində borcu qalmışdır. cavabdeh X6 edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, öhdəliyinin icrasından yayınmış, satın aldığı malların əvəzini ödəməmişdir. Bundan əlavə, iddiaçı ilə cavabdeh X12 arasında 06 sentyabr 2021-ci il tarixdə Zaminlik Müqaviləsi bağlanmış, Zamin İddiaçı ilə cavabdeh X8 arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdeh X4 öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh X8 ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh X8 arasında 06 sentyabr 2021-ci il tarixdə, 289 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı Müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdeh X1, cavabdeh X8 isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşlər.

12. Eyni zamanda iddiaçı ilə cavabdeh X12 arasında 06 sentyabr 2021-ci il tarixdə Zaminlik Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh X12 iddiaçı ilə cavabdeh X8 arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdeh X4 öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh X8 ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

13. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə ödəniş cədvəlinin, təhvil-təslim aktının, ilkin razılaşma protokolunun müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdeh X6 vermiş, bunun nəticəsində iddiaçının cavabdeh X5 müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh X8 arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 65.000 manat məbləğində mal cavabdeh X6 verilmiş, cavabdeh həmin borc məbləğində 55.000 manat hissəsini ödəmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

16. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsi hissəsində əsaslıdır və iddia göstərilən hissədə təmin edilməlidir.

17. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

18. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən “Alıcı” malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,02 % həcmində “Satıcı”ya cərimə ödəyir.

19. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

20. Məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 500 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır.

21. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

22. İş üzrə dövlət rüsumu məbləğinin 121,78 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 99,11 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 1,08 manat təşkil edir. İddiaçı tərəfindən 100 manat mediasiya xərcindən əlavə 21,78 manat dövlət rüsumu ödənilmişdir ki, iddiaçıya aid edilməli məbləğ həmin məbləğdən çıxılmaqla, qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 26 sentyabr 2021-ci il tarixli, 289 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 10000 manat məbləğində borc, 500 manat məbləğində dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,70 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. X3 və X10 26 sentyabr 2021-ci il tarixli, 289 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 10000 manat məbləğində borc, 500 manat məbləğində dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,70 manat məbləğində pul müştərək qaydada tulularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar