Məhkəmə qərarları › İş №e-2-2(113)-2233/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2233/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2233/2022 18.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə qarşı “taxta altlıqların dəyərinin qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məhdud Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdeh “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra “Holcim (Azərbaycan)” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 1781 ədəd taxta altlıqların dəyəri olan 49512 (qırx doqquz min beş yüz on iki) manat pul, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə bağlanmış sement məhsulunun alqı-satqı müqaviləsi üzrə 2020-ci il il üzrə "xxxx" MMC-nin “Holcim (Azərbaycan)” ASC-də 1781 ədəd artıq taxta altlığı qalmışdır. Lakin iddiaçı və cavabdeh arasında olan müqavilə müddəti 01 dekabr 2020-ci il tarixdə başa çatmış və onun müddəti uzadılmamışdır. Nəticədə həmin artıq paletlər "xxxx" ASC-də saxlanılmışdır. Tərəflər arasında bağlanmış 01 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə görə, mal taxta altlıqları ilə təchiz olunarsa, aldığı hər bir taxta altlığı geri qaytarmaq, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə “Qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 (beş) gün ərzində satıcıya ödəmək hüququ vardır. "xxxx" ASC ilə aparılmış yazışmalarda onun distribyuterlərə hələ müqavilə müddəti qüvvədə olduğu zaman ünvanladığı 08 sentyabr 2020-ci il tarixli məktubda göstərmişdir ki, bu ilin sonu (Dekabr 2020-Yanvar 2021) 2019cu ilin son rübündən şirkətdə qalan (və yaxud artıq qaytarılmış) altlıqlar sayılacaq və onlar üçün kompensasiya olunacaq və yaxud çatışmayan miqdarların geri qaytarılması tələb olunacaqdır. Çatışmayan altlıqlar geri qaytarılmasa, müştəriyə onlar üçün qaimə təqdim olunacaqdır. Tərəflər arasında taxta altlıqların uçotu aparılmış və 1781 ədəd taxta altlıqların müqavilə bitdikdən sonra cavabdeh cəmiyyətdə qalması müəyyən edilmişdir. Bunun uçotunu cavabdeh cəmiyyət özü də aparır. Buna səbəb isə cavabdeh cəmiyyət tərəfindən müqavilə müddətinin uzadılmaması olmuşdur. Hər bir taxta altlığın dəyəri 27,80 manat məbləğində müəyyən edilmişdir Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddianı qəbul etmirlər, aşağıdakılara əsasən hesab edirlər ki, iddia ərizəsi əsassızdır, heç bir qanuni tələblərə və müqavilə şərtlərinə istinad etmir, ona görə də rədd edilməlidir. İddiaçı iddia edir ki, onun 1781 ədəd taxta altlğı cavabdehdə qalmışdır. iddiaçı tərəfindən bizə taxta altlıq təhvil verilməmiş, əksinə iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli, O000662149 saylı alqı-satqı müqaviləsinin 8.2-ci maddəsində qeyd olunur ki, mal taxta altlıqlarla təchiz olunarsa, alıcı, yəni iddiaçı aldığı hər bir taxta altlığı geri qaytarmalıdır, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə “Qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcıya ödəməlidir. Tərəflər arasında imzalanmış müqavilənin qiymət əlavəsində hər bir altlığın qiyməti ƏDV xaric 24 manat müəyyən edilmişdir. Müqavilənin bu bəndinə əsasən iddiaçı altlıqları cavabdehə qaytarmalı ya da müəyyən olunmuş dəyərini ödəməli idi. Lakin iddiaçıya təhvil verilən taxta altlıqlar cavabdehə qaytarılmamışdır. Altlıqların qaytarıldığını və ya cavabdehdə saxlanıldığını təsdiq edən hər hansı sübutu iddiaçı məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia edir ki, guya tərəflər arasında taxta altlıqların uçotu aparılmış, 1781 ədəd taxta altlığın cavabdehdə qaldığı müəyyən edilmişdir. İddiaçı uçotun aparıldığına, o cümlədən taxta altlıqların cavabdehdə qaldığına dair hər hansı sübut təqdim etmir. İddiaçı tərəfindən təqdim edilmiş cədvəllər tək-tərəfli qaydada onun tərəfindən tərtib edilmişdir, cavabdeh tərəfdən imza və möhürlə təsdiq olunmamış, buna görə də həmin cədvəllər sübut hesab edilə bilməz. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırılır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, O000662149 saylı alqısatqı müqaviləsinə “Holcim (Azərbaycan)” ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xitam verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək müqaviləyə xitam verilmənin etibarsız hesab edilməsini xahiş etmiş, Bakı Kommersiya məhkəməsinin qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Nəticədə iddiaçının taxta altlıqların cavabdehdə qaldığına və saxlanıldığına dair iddiası əsaslı sübutlara söykənmir. Etiraza cavabdeh tərəfindən əlavə onunla əsaslandıırlmışdır ki, iddiaçı məhkəməyə e-mail yazışması təqdim edərək, 1781 ədəd artıq taxta altlığın cavabdehə qaytarıldığını və onda saxlanıldığını iddia edir. Birincisi, həmin e-mail yazışması yazılı sənəd hesab edilərək sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikasının qanunvericiliyində sənədlərin kağız daşıyıcıda imzalanaraq tərtib edilməsi və ya gücləndirilmiş elektron imza ilə tərtib edilməsi tələbi müəyyən edilmişdir. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunun 3.2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Təqdim olunan e-mail yazışması sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmamış və təkmil sertifikatlı gücləndirilmiş imza ilə imzalanmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyində malların təhvil verilməsi zamanı təhvil verən və təhvil alan arasında əmtəə nəqliyyat qaiməsinin tərtib edilməsi və imzalanması tələbi müəyyən edilmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsində qeyd olunur ki, sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi üçün tələb edilən sənədlərin forması və rəsmiləşdirilməsi qaydası müvafiq olaraq “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən olunur. Həmin qanunun 22.5-ci maddəsində qeyd olunur ki, avtomobil nəqliyyatı ilə yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıq ilə rəsmiləşdirilir. Həmin qanunun 44.5-ci maddəsində qeyd olunur ki, yükün təhvil alınması yükalan tərəfindən əmtəə-nəqliyyat qaiməsində imza edilməklə və yükalan möhürə (ştampa) malik olduqda, möhür (ştamp) vurulmaqla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 7.1-ci maddəsində qeyd olunur ki, avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması müvafiq qaydada əmtəənəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. AR MPM-nin 8-ci maddəsində qeyd olunur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan qanunvericilik normalarının tələblərindən aydın olur ki, iddiaçı tərəfindən taxta altlıqların cavabdehə verilməsi əmtəə nəqliyyat qaiməsi ilə təsdiq oluna bilər, e-mail yazışması ilə və ya iddiaçının tək-tərəfli qaydada tərtib etdiyi cədvəllərlə təsdiq oluna bilməz. İddiaçı tərəfindən 1781 ədəd artıq taxta altlığın cavabdehə qaytarıldığına dair əmtəə nəqliyyat qaiməsi və ya təhvil-təslim aktı isə təqdim olunmur. Təqdim olunan e-mail yazışmasının mahiyyətinə gəldikdə isə, həmin yazışmada 1781 ədəd artıq taxta altlığın iddiaçı tərəfindən cavabdehə qaytarıldığına və cavabdehdə saxlanıldığına dair heç bir qeyd və öhdəlik yoxdur. E-mail yazışmasının ümumi mənası ondan ibarətdir ki, müştərilərə çatdırılmış taxta altlıqlar onlar tərəfindən cavabdehə qaytarılacağı təqdirdə taxta altlıqların qeydiyyatının aparılacağı qeyd olunur. İddiaçı tərəfindən isə taxta altlıqlar cavabdehə qaytarılmamışdır və buna görə də qeydiyyat aparılmamışdır. Təqdim olunan e-mail yazışması iddiaçı tərəfindən 1781 ədəd artıq taxta altlığın cavabdehə qaytarıldığına və cavabdehdə saxlanıldığına dair sübut kimi qəbul oluna bilməz. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 verdiyi ifadədə bildirdi ki, taxta altlıqların hesabatı mail vasitəsilə göndərilirdi. "xxxx" MMC də öz hesabatını müştərilərlə aparırdı. Mail vasitəsilə göndərilmiş “Microsoft Excel” formatında olan faylı “Holcim (Azərbaycan)” ASC tərtib etmişdir. Yol nəqliyyat qaimələri sürücü, müştəri və cavabdehdə olmaqla üç nüsxədə tərtib olunurdu. Taxta altlıqların “Holcim (Azərbaycan)” ASC-yə qaytarılması barədə qeydlər “Holcim (Azərbaycan)” ASC-nin əməkdaşı Ləman xanımın göndərdiyi hesabatda mövcuddur. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə alıcı qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-cu il tarixli, O000662149 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən mal taxta altıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı geri qaytarmaq, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə "Qiymət" əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 (beş) gün ərzində satıcıya ödəməyi alıcı öz öhdəsinə götürmüşdür. - İddiaçı tərəfindən iş materialarına yük-nəqliyyat qaimələrinin kresosurətləri və cavabdehlə aralarında olmuş e-mail yazışmaları təqdim edilmişdir. - "xxxx" Məhdud Məhdud Cəmiyyəti tərəfindən “Holcim (Azərbaycan)” Məhdud Məhdud Cəmiyyətinə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, paletlərin (taxta altlıqlar) qaytarılması və ya dəyərinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İşin faktiki halları üzrə müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə satıcı alıcıya malları təqdim etmiş, alıcı isə öz növbəsində həmin malları qəbul edərək dəyərini ödəmişdir. Müqavilənin müvafiq bəndinə əsasən (8.2-ci) təqdim edilən mallar taxta altıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı geri qaytarmaq, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə "Qiymət" əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 (beş) gün ərzində satıcıya ödəməyi alıcı öz öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə satıcı alıcıya malları verən zaman taxta altlıqlarla təchiz etmişdir. Hazırkı vəziyyətdə iddiaçı – alıcı tərəf ona verilən taxta altlıqların sayından artıq sayda altlığın cavabdehə – satıcıya qaytardığını iddia edir, cavabdeh isə iddiaya etiraz edir. Qeyd olunan faktla əlaqədar iddiaçı tərəfindən məhkəməyə yük-nəqliyyat qaimələrinin kresosurətləri təqdim edilmiş və həmin sənədlərdə tərəflər arasında edilmiş alqı-satqı üzrə malların çəkisi, sayı qeyd edilmiş, eləcə də, təhvil verilib/təhvil alınmış taxta altıqların sayları da qeyd edilmişdir. Cavabdeh qaimələrin kserosurət olduqlarını bildirmiş, əslinin məhkəməyə təqdim edilməsini tələb etmiş, lakin iddiaçı tərəfindən qaimələrin əsilləri təqdim edilməmişdir. İddiaçı bunu onunla izah etmişdir ki, qaimələrin əsilləri onlarda yoxdur, çünki qaimələr üç nüsxədə tərtib olunaraq sürücü, müştəri və cavabdehdə saxlanmışdır. Hazırkı kserosurətləri isə müştərilərdən çətinliklə əldə edə bilmişlər. Məhkəmənin qənaətinə görə həmin sənədlər onu təsdiq edir ki, həqiqətən yük nəqliyyat qaimələri tərtib olunmuş və orada taxta altlıqlar barədə qeydlər mövcud olmuşdur. Həmçinin müəyyən olunur ki, cavabdehlə distryubiterlər arasında şirkərdə qalan (və yaxud artıq qaytarılmış) altlıqların sayılması və onlar üçün kompensasiya olunması praktikası mövcud olmuşdur. Bunu cavabdehin iddiaçı da daxil olmaqla, digər alıcılara e-mail (Elektron ünvan ) vasitəsilə göndərdiyi “Taxta altlıqların qeydiyyatı barədə” adlı yazışma da təsdiq edir. Həmin yazışmanı məhkəmə sübut qismində qəbul edir. Bundan başqa, iddiaçı məhkəməyə sübut qismində e-mail yazışmaları təqdim etmişdir. Sözügedən e-mail yazışmalarına məhkəmə prosesi zamanı baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin yazışmalarda cavabdehin əməkdaşı (Ləman Abbasova) tərəfindən iddiaçıya palletlərin (taxta altlıqların) sayı ilə bağlı excel formatında cədvəllər (excel sənədinin adı “ pallet” qeyd edilmişdir) göndərilmişdir. Həmin cədvəllər üzrə iddiaçı tərəfindən cavabdehə artıq qaytarılmış palletlərin sayı 1320 ədəd (bir cədvəl üzrə - 705 + digər cədvəl üzrə - 615) qeyd olunmuşdur. Cavabdeh qeyd olunan faktın əsaslandığı e-mail yazışmasına etiraz edərək, həmin e-mail yazışmasının palletlərin cavabdehdə saxlanıldığına dair sübut kimi qəbul olunmaz olduğunu bildirmişdir. Məhkəmə həmin e-mail yazışmasını, e-mail vasitəsilə excel formatında göndərilən cədvəlləri sübut qismində qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının hesabına əsas olmadan əmlak əldə etmişdir. Cavabdeh iddiaçının tələbi ilə həmin əmlakı ona qaytarmadığına görə (cavabdeh həmin əmlakın onda qaldığını inkar edir ) əmlakın dəyəri ödənilməlidir. İddiaçı taxta altlıqların bir ədədinin dəyərinin 27,80 manat olduğunu qeyd etmiş, cavabdeh həmin rəqəmin ƏDV xaric 24 manat olduğunu göstərmişdir. Məhkəmə altlıqların dəyəri ilə bağlı sübut təqdim olunmadığından hesab edir ki, 1 ədəd altlığın dəyəri 24 manatdan hesablanmalıdır. Göstərilənlərə əsasən iddia qismən təmin edilməli, cavabdehdən 1 ədəd altlığın dəyəri 24 manatdan olmaqla, artıq qaytarılmış 1320 ədəd palletə (taxta altlıqlara) görə hesablanmış pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İddiaçı ödənilmiş mediasiya xərci və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 manat və ödənilmiş tələblərin məbləğinə mütənasib dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətindən 3xxxx manat məbləğində əsas borc, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq () manat olmaqla, cəmi 3xxx ( manat məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar