Məhkəmə qərarları › İş №e-2-2(113)-2235/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2235/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2235/2022 22.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2018-ci il tarixli Qarantiya Müqaviləsi üzrə 5.594.002,24 ABŞ dolları qarantiya üzrə borcun və 29 aprel 2019-cu il tarixli Qarantiya Müqaviləsi üzrə 8.391.003,37 ABŞ dolları qarantiya üzrə ödənilmiş vəsaitin, 372653,06 ABŞ dolları qarantiya üzrə faizin, 9.977,18 ABŞ dolları komissiya xərcinin, ümumilikdə hər iki müqavilə üzrə 14.367 635,85 ABŞ dolları borcun, məhkəməyə müraciət üçün ödənilmiş 13425,86 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 152 manat dövlət rüsumunun Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 19 noyabr 2018- ci il tarixli, 176/102-AD saylı Müqaviləyə əsasən "xxxx" ASCyə xx.xx.2022-ci il tarixədək illik 5% olmaqla 5.594 002,24 ABŞ dolları məbləğində Bank Qarantiyası verilmişdir. Əlavə olaraq Bankın Mərkəz filialı ilə Cavabdeh2 ASC arasında bağlanmış 29 aprel 2019-cu il tarixli, 66/102 saylı Müqaviləyə əsasən "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixədək illik 4% olmaqla 8.391.003,37 ABŞ dolları məbləğində Bank Qarantiyası verilmişdir. Bank qarantiya müqavilələrinin təminatı qismində Bankın Mərkəz filialı ilə Cavabdeh1 arasında 29 aprel 2019- cu il tarixli 133/102 saylı və 19 noyabr 2018ci il tarixli 233/102-AD zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrində Bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh1 prinsipalla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Bank qarantiya müqavilələsinin öhdəliyinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri 53 saylı notariat ofisində Bankın Nizami filialı ilə Cavabdeh2 ASC arasında 23 iyul 2020-ci il tarixli, 38/102 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və xx.xx.2020-ci il tarixli, 3M1673 reyestr nömrəli qeydi ilə ünvan 1 ünvanında dövlət istifadəsində olan 0,03053 ha torpaq sahəsi və üzərində yerləşən 1549,4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hər iki müqavilə üzrə qarantiya ilə təmin ediləcək öhdəlik “X6 Company of Georgia” LLC (Benefisiar) ilə Cavabdeh2 ASC (Prinsipial) arasında bağlanacaq müqaviləyə əsasən Gürcüstan Respublikası Marnueli şəhərində su və kanalizasiya sisteminin qurulması və Bolnisi şəhərində kanalizasiya və kollektor işlərinin görülməsindən ibarət olmuşdur. X4 filialı ilə "xxxx" ASC arasında bağlanmış 27 avqust 2018-ci il tarixli, X1 Kreditlər Üzrə 31/102AD saylı Ümumi Müqavilə və Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2021-ci il tarixli 10 saylı Əlavəsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 36 ay müddətinə 15.500.000 ABŞ dolları borclanma limiti (Bütün növ bank məhsulları, həmçinin qarantiya və akkreditiv (bundan sonra sənədli əməliyyatlar) əməliyyatlar üçün) ayrılmışdır və tərəflərin razılığına əsasən, borcalanın bütün öhdəlikləri (Qrantiya daxil) maksimal borclanma limitinə daxil edilmişdir. Borclanma limiti müqaviləsinin təminatı qismində Bankın Mərkəz filialı ilə Cavabdeh1 arasında 19 mart 2021-ci il tarixli 141/102 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində Bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh1 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Öhdəliyinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri 53 saylı notariat ofisində Bankın Mərkəz filialı ilə "xxxx" ASC arasında 19 mart 2021-ci il tarixli, 07/102 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və xx.xx.2021-ci il tarixli, 3M-831 reyestr nömrəli qeydi ilə ünvan 1 ünvanında dövlət istifadəsində olan 0,03053 ha torpaq sahəsi üzərində yerləşən 1549,4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra Bankın Mərkəz filialı ilə "xxxx" ASC arasında bağlanmış 29 aprel 2019-cu il tarixli, Bank Qarantiyasının verilməsinə dair 66/102 saylı Müqaviləyə dəyişiklik edilməsi ilə bağlı 19 mart 2021-ci il tarixli 01 saylı Əlavəyə əsasən qarantiya müddətinin bitmə tarixi xx.xx.2021-ci il tarixədək uzadılmış və qarantiya Prinsipiala xx.xx.2018-ci il tarixli 31/102- AD X1 Kreditlər Üzrə Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2021-ci il tarixli 10 saylı Əlavəsinə əsasən təsdiq edilmiş 15.500.000 ABŞ dolları məbləğindəki borclanma limiti daxilində verilmişdir. Bundan sonra Bankın Mərkəz filialı ilə "xxxx" MMC arasında bağlanmış 29 aprel 2019-cu il tarixli, Bank Qarantiyasının verilməsinə dair 66/102 saylı Müqaviləyə dəyişiklik edilməsi ilə bağlı 26 noyabr 2021-ci il tarixli 02 saylı Əlavəyə əsasən qarantiya müddətinin bitmə tarixi xx.xx.2022-ci il tarixədək uzadılmış və qarantiya üzrə ödəniləcək illik faiz dərəcəsi 2.8 %-ə endirilmişdir. Daha sonra Bankın Mərkəz filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli, Bank Qarantiyasının verilməsinə dair 176/102-AD saylı Müqaviləyə dəyişiklik edilməsi ilə bağlı 30 noyabr 2021-ci il tarixli 01 saylı Əlavəyə əsasən qarantiya üzrə ödəniləcək illik faiz dərəcəsi 2.5 %-ə endirilmişdir. Qarantiyalar üzrə Banka “TBC Bank” Tbilisi və “X2” LG tərəfindən xx.xx.2022-ci il tarixdə ödəniş tələbləri daxil olmuş, ödəniş tələbləri üzrə öhdəlik xx.xx.2022-ci il tarixdə Bank tərəfindən tam icra olunmuşdur. Bank tərəfindən 8 391 003,37 (səkkiz milyon üç yüz doxsan bir min üç ABŞ dolları otuz yeddi sent) ABŞ dolları məbləğində olan 01052019LG001 saylı qarantiyanın icrası zamanı 20977.51 ABŞ dolları komissiya ödənilmiş, qeyd edilən 20977.51 ABŞ dolları komissiyanın 10977.51 ABŞ dolları hissəsi əməliyyat qaydalarına uyğun olaraq Banka geri qaytarılmışdır. Qarantiya Müqaviləsi üzrə 5 594 002,24 ABŞ dolları qarantiya borcu, 353 498,21 ABŞ dolları qarantiya üzrə faiz borcu, ümumilikdə 5 947 500,45 ABŞ dolları borc; 29 aprel 2019-cu il tarixli, 66/102 saylı Qarantiya Müqaviləsi üzrə 8 391 003,37 ABŞ dolları qarantiya borcu, 517 474,95 ABŞ dolları qarantiya üzrə faiz borcu, ümumilikdə 8 908 478,32 ABŞ dolları borcu və 9.977.18 ABŞ dolları komissiya xərci borcu qalmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Aydınov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdehlər tərəfindən müəyyən ödənişlər edilmiş, bu səbəbdən iddia tələbinin həcmi azaldılmışdır. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan spnra – MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli 176/102- AD nömrəli bank qarantiyasının verilməsinə dair müqaviləyə əsasən qarant prinsipalın müraciəti ilə prinsipal tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş illik faiz və birdəfəlik xidmət haqqı ödəməsi şərti ilə bank qarantiyası verir. Müqavilənin 1.2-ci bəndinə əsasən qarantiya ilə təmin edilən öhdəlik “X6 Company of Georgia LLC” ilə prinsipal arasında bağlanacaq müqaviləyə əsasən “Gürcüstan Respublikası Marnueli şəhərində su və kanalizasiya sisteminin qurulması və Bolnisi şəhərində kanalizasiya və kollektor işlərinin görülməsi üzrə təsdiqli icra qarantiyasıdır. Müqavilənin 2.1-ci bəndinə əsasən qarantiyanın məbləği 5.594.002,24 ABŞ dolları, qarantiya müddətinin bitmə tarixi xx.xx.2022-ci il, qarantiya üzrə ödəniləcək birdəfəlik xidmət haqqı qarantiya məbləğinin 0,3 faizi, minimum 150 ABŞ dolları ekvivalentində, qarantiya üzrə ödəniləcək illik faiz isə 5 % təşkil edir. Müqavilənin 3.5-ci bəndinə əsasən öhdəliyin icrası ilə əlaqədar verilmiş kredit və ona hesablanmış faizlərin 3 ay müddətinə ödənilməsi təmin edilməsə vaxtı keçmiş borc məbləğinə bu müqavilənin 3.3-cü bəndinə qeyd olunmuş illik faiz dərəcəsindən əlavə 5 faizlə gecikdirmə faizi hesablanacaqdır. Müqavilənin 6.1-ci bəndinə əsasən qarantiya üzrə prinsipalın öhdəliyinin icrasının təminatı 233/102-AD saylı 19 noyabr 2018-ci il tarixli zaminlik müqaviləsi təşkil edir. İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 29 aprel 2019-cu il tarixli 66/102 nömrəli bank qarantiyasının verilməsinə dair müqaviləyə əsasən qarant prinsipalın müraciəti ilə prinsipal tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş illik faiz və birdəfəlik xidmət haqqı ödəməsi şərti ilə bank qarantiyası verir. Müqavilənin 1.2-ci bəndinə əsasən qarantiya ilə təmin edilən öhdəlik “X6 Company of Georgia LLC” ilə prinsipal arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən prinsipalın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı təsdiqli avans qarantiyasıdır. Müqavilənin 2.1-ci bəndinə əsasən qarantiyanın məbləği 8.391.003,37 ABŞ dolları, qarantiya müddətinin bitmə tarixi xx.xx.2021-ci il tarixinə qədər (1 ay kontr-qarantiya müddəti daxil), qarantiya üzrə ödəniləcək birdəfəlik xidmət haqqı qarantiya məbləğinin 0,3 faizi, minimum 150 ABŞ dolları ekvivalentində, qarantiya üzrə ödəniləcək illik faiz isə 4 % təşkil edir. Müqavilənin 3.5-ci bəndinə əsasən öhdəliyin icrası ilə əlaqədar verilmiş kredit və ona hesablanmış faizlərin 3 ay müddətinə ödənilməsi təmin edilməsə vaxtı keçmiş borc məbləğinə bu müqavilənin 3.3-cü bəndinə qeyd olunmuş illik faiz dərəcəsindən əlavə 5 faizlə gecikdirmə faizi hesabalanacaqdır. Müqavilənin 6.1-ci bəndinə əsasən qarantiya üzrə prinsipalın öhdəliyinin icrasının təminatı 133/102 saylı 29 aprel 2019-cu il tarixli zaminlik müqaviləsi təşkil edir. Sözügedən müqaviləyə 19 mart 2021-ci il tarixli 01 saylı əlavəyə əsasən müqavilənin 2.1.2-ci yarımbəndləri dəyişdirilərək yeni məzmunda: qarantiya müddətinin bitmə tarixi xx.xx.2021-ci il (+30 gün kontr qarantiya), qarantiya müddətinin uzadılmasına görə ödəniləcək birdəfəlik xidmət haqqı tətbiq edilmir. Qarantiya prinsipala xx.xx.2018-ci il tarixli 31/102-AD saylı Korporatib müştərilərə verilən kreditlər üzrə ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2021-ci il tarixli 10 saylı Əlavəsinə əsasən təsdiq edilmiş 15.500.000 ABŞ dolları məbləğindəki maksimal borclanma limiti daxilində verilir. Sözügedən müqaviləyə 26 noyabr 2021-ci il tarixli 01 saylı əlavəyə əsasən müqavilənin 2.1.2, 2.1.4-cü yarımbəndləri dəyişdirilərək və 2.8-ci bəndi əlavə olunaraq yeni redaksiyada verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli 233/102-AD nömrəli zaminlik müqaviləsinə əsasən zamin prinsipalın qarant qarşısında yaranmış bu müqavilənin 1.2-ci bəndinə göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilən öhdəlik 176/102-AD saylı 19 noyabr 2018-ci il tarixli Bank Qarantiyasının verilməsinə dair müqavilə, qarantiyanın məqsədli təyinatı “X6 Company of Georgia LLC” ilə prinsipal arasında bağlanacaq müqaviləyə əsasən “Gürcüstan Respublikası Marnueli şəhərində su və kanalizasiya sisteminin qurulması və Bolnisi şəhərində kanalizasiya və kollektor işlərinin görülməsi üzrə təsdiqli icra qarantiyasıdır. Müqavilənin 1.12-ci bəndinə əsasən zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər, habelə prinsipalın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında prinsipalla eyni həcmdə, birgə məsuliyyət daşıyır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29 aprel 2019-cu il tarixli 133/102 nömrəli zaminlik müqaviləsinə əsasən zamin prinsipalın qarant qarşısında yaranmış bu müqavilənin 1.2-ci bəndinə göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilən öhdəlik 66/102 saylı 29 noyabr 2019-cu il tarixli Bank Qarantiyasının verilməsinə dair müqavilə, qarantiyanın məqsədli təyinatı “X6 Company of Georgia LLC” ilə prinsipal arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən prinsipalın öhdəliklərinin yeriinə yetirilməsi ilə bağlı təsdiqli avans qarantiyasıdır. Müqavilənin 1.12-ci bəndinə əsasən zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər, habelə prinsipalın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında prinsipalla eyni həcmdə, birgə məsuliyyət daşıyır. İddiaçı ilə cavabdeh “X7 və Ticarət” ASC arasında bağlanmış 27 avqust 2018-ci il tarixli 31/102-AD nömrəli X1 kreditlər üzrə ümumi müqaviləyə əsasən borclanma limitin ayrılması və kreditlərin verilməsi, rəsmiləşdirilməsi və istifadə olunması ilə bağlı bank və borcalan arasındakı münasibətləri tənzimləyir. Müqavilənin 2.3-cü bəndinə əsasən borcalan kredit verildiyi təqdirdə kredit məbləğini, onun faizlərini və digər ödənişləri kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtda və şərtlərlə qaytarmağı öhdəsinə götürür. Borcalan krediti yalnız xüsusi şərtlərdə əks olunan təyinatı üzrə istifadə etməlidir. Sözügedən müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 10 saylı əlavəyə xx.xx.2021-ci il tarixli əlavəyə əsasən bu əlavə bank və borcalan arasında bağlanmış 27 avqust 2018-ci il tarixli 31/102-AD nömrəli X1 kreditlər üzrə ümumi müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2021-ci il tarixli 141/102 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 ASC-nin bank qarşısında yaranacaq 31/102-AD saylı xx.xx.2018-ci il tarixli X1 kreditlər üzrə ümumi müqavilənin çərçivəsində imzalanan və onun ayrılmaz tərkib hissəsi olan 19 mart 2021-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10 saylı əlavəsindən irəli gələn öhdəliklərini tamamilə icrta etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən borclanma limitinin məbləği 15.500.000 ABŞ dollarıdır. Müqavilənin 1.12-ci bəndinə əsasən zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər, habelə prinsipalın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında prinsipalla eyni həcmdə, birgə məsuliyyət daşıyır. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 19 noyabr 2018-ci il tarixli Qarantiya Müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə Cavabdeh2 ASC və Cavabdeh1 5.3594.002,24 ABŞ dolları qarantiya borcu, 29 aprel 2019-cu il tarixli Qarantiya müqaviləsi üzrə 8.391.003,37 ABŞ dolları qarantiya borcu, 372653,06 ABŞ dolları qarantiya üzrə faiz borcu, ümumilikdə hər iki müqavilə üzrə 14.357.658,67 ABŞ dolları borcu və 9977,18 ABŞ dolları komissiya xərci borcu vardır. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş pretenziya məktubunan görünür ki, iddiaçı cavabdehlərdən bank qarantiyası müqaviləsi üzrə yaranmış borcların ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. 479.2-ci maddəsinə əsasən qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. 483-cü maddəsinə əsasən əgər qarantiyada ayrı müddət nəzərdə tutulmayıbsa, qarantiya verildiyi gündən qüvvəyə minir. 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış qarantiya və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya qarantiya və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, qarantiya üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Nəticə: Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 19 noyabr 2018-ci il tarixli Qarantiya Müqaviləsi üzrə 5.594.002,24 ABŞ dolları qarantiya üzrə borc və 29 aprel 2019-cu il tarixli Qarantiya Müqaviləsi üzrə 8.391.003,37 ABŞ dolları qarantiya üzrə ödənilmiş vəsait, 372653,06 ABŞ dolları qarantiya üzrə faiz, 9.977,18 ABŞ dolları komissiya xərci, ümumilikdə hər iki müqavilə üzrə 14.367 635,85 ABŞ dolları borc, 152 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 08 aprel 2022-ci il tarixli MŞB/6-1623 nömrəli arayışa əsasən, tərəflər mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və ödənilmiş 13425,86 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 19 noyabr 2018-ci il tarixli Qarantiya Müqaviləsi üzrə 5.594.002,24 (beş milyon beş yüz doxsan dörd min iki ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları qarantiya üzrə borc və 29 aprel 2019-cu il tarixli Qarantiya Müqaviləsi üzrə 8.391.003,37 (səkkiz milyon üç yüz doxsan bir min üç ABŞ dolları otuz yeddi sent) ABŞ dolları qarantiya üzrə ödənilmiş vəsait, 372653,06 (üç yüz yetmiş iki min altı yüz əlli üç ABŞ dolları altı sent) ABŞ dolları qarantiya üzrə faiz, 9.977,18 (doqquz min doqquz yüz yetmiş yeddi ABŞ dolları on səkkiz sent) ABŞ dolları komissiya xərci, ümumilikdə hər iki müqavilə üzrə 14.367.635,85 (on dörd milyon üç yüz altmış yeddi min altı yüz otuz beş ABŞ dolları səksən beş sent) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), ödənilmiş 13425,86 (on üç min dörd yüz iyirmi beş manat səksən altı qəpik) manat dövlət rüsumu, 400 (dörd yüz) manat mediasiyaya dair xərc və 152 (bir yüz əlli iki) manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar