Məhkəmə qərarları › İş №e-2-2(113)-2239/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2239/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2239/2022 10.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 mart 2021-ci il tarixli 04/21 saylı müqaviləyə əsasən göstərilən reklam xidmətlərinə görə yaranmış cəmi ƏDV daxil 72674,44 manat məbləğində borcun, müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış 145,34 manat məbləğində cərimənin ödənilməsi və çəkilmiş məhkəmə xərclərinin Cavabdeh MMC-dən tutularaq ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, icraçı - "xxxx" MMC və sifarişçi - Cavabdeh MMC arasında reklam xidmətlərinin göstərilməsinə dair 01 mart 2021-ci il tarixli 04/21 saylı müqavilə bağlanmışdır. Müqavilə əsasında görülən işlər üzrə tərəflər arasında imzalanmış 29 noyabr 2021-ci il tarixli üzləşmə aktına əsasən, “İcraçı” həmin aktda göstərilən ƏDV daxil 97503,40 manat məbləğində xidmətləri yerinə yetirmiş, “Sifarişçi” “İcraçı”ya 31970,32 manat məbləğində ödəniş etmiş və 29 noyabr 2021-ci il tarixinə qalıq borcu 65533,08 manat təşkil etmişdir. Bundan başqa, 08 dekabr 2021-ci il tarixli, 561 saylı hesaba və 17 dekabr 2021-ci il tarixli 341569 saylı elektron qaiməyə əsasən, “Sifarişçi”nin “İcraçı”ya 01 dekabr 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək göstərilmiş xidmətlərə görə 7141,36 manat məbləğində borcu yaranmışdır. Beləliklə, 01 mart 2021-ci il tarixli 04/21 saylı müqaviləyə əsasən göstərilən reklam xidmətlərinə görə “Sifarişçi”nin “İcraçı”ya hal-hazırda ümumilikdə borcu ƏDV daxil olmaqla 72674,44 manat təşkil edir. “Sifarişçi” “İcraçı”ya indiyədək qeyd edilən məbləği ödəməmiş və bununla, müqavilənin 3.3-cü və 4.1-ci bəndləri ilə üzərinə düşən öhdəliyini pozmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, hazırda cavabdehin iddiaçı qarşısında 40000 manat məbləğində icra edilməmiş öhdəliyi qalmışdır. İş materiallarında olan: İcraçı - "xxxx" MMC və sifarişçi - Cavabdeh MMC arasında bağlanmış 01 mart 2021-ci il tarixli, 01 mart 2021-ci il tarixli 04/21 saylı müqaviləyə əsasən, icraçı rekam xidmətlərinin göstərilməsinə dair sifarişçi icraçıya sifariş edir və icraçı bu müqavilənin Əlavə 1-də göstərilən qaydada, müddətdə və ünvanlarda sifarişçiyə reklamların yerləşdirilməsinə dair öz xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh MMC arasında 29 noyabr 2021-ci il tarixində imzalanmış görülmüş işlər üzrə üzləşmə aktına əsasən 29 noyabr 2021-ci il tarixinə Cavabdeh MMC-nin 01 mart 2021-ci il tarixli xidmət müqaviləsi üzrə borcu 65333 manat təşkil edir - 29 mart 2021-cu il tarixli, EBAZ seriyalı, 241776 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 2666,80 manat dəyərində, 30 aprel 2021-ci il tarixli, EBBB seriyalı 026537 saylı elektron qaiməyə əsasən 8142,00 manat dəyərində, 15 aprel 2021-ci il tarixli EBBA seriyalı, 228077 saylı elektron qaiməyə əsasən 1699,20 manat dəyərində, 25 may 2021-ci il tarixli, EBBC seriyalı, 227526 saylı elektron qaiməyə əsasən 7745,52 manat dəyərində, 25 may 2021-ci il tarixli EBBC seriyalı, 227607 saylı elekron vergi hesabfakturasına əsasən 4779 manat dəyərində, 02 iyul 2021-ci il tarixli EBBE seriyalı, 231255 saylı elektron qaiməyə əsasən 7745,52 manat dəyərində, 02 iyul 2021-ci il tarixli EBBE seriyalı, 231729 saylı elektron qaiməyə əsasən 4779 manat dəyərində, 02 avqust 2021-ci il tarixli EBBF seriyalı, 750356 saylı elektron qaiməyə əsasən 7745,52 manat dəyərində, 02 avqust 2021-ci il tarixli EBBF seriyalı, 750409 saylı elektron qaiməyə əsasən 4779 manat dəyərində, 18 avqust 2021-ci il tarixli EBBG seriyalı, 588355 saylı elektron qaiməyə əsasən 2925,40 manat dəyərində, 07 sentyabr 2021-ci il tarixli EBBH seriyalı, 706721 saylı elektron qaiməyə əsasən 9265,36 manat dəyərində, 07 sentyabr 2021-ci il tarixli EBBH seriyalı, 707025 saylı elektron qaiməyə əsasən 3186 manat dəyərində, 07 oktyabr 2021-ci il tarixli EBBK seriyalı, 402317 saylı elektron qaiməyə əsasən 9265,36 manat dəyərində, 07 oktyabr 2021-ci il tarixli EBBK seriyalı, 402348 saylı elektron qaiməyə əsasən 3186 manat dəyərində, 03 noyabr 2021-ci il tarixli EBBL seriyalı, 835869 saylı elektron qaiməyə əsasən 9265,36 manat dəyərində, 03 noyabr 2021-ci il tarixli EBBL seriyalı, 835985 saylı elektron qaiməyə əsasən 3186 manat dəyərində, 01 dekabr 2021-ci il tarixli EBBN seriyalı, 344979 saylı elektron qaiməyə əsasən 7141,36 manat xidmət göstərilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdehin nümayəndəsi iddiaya etirazını Cavabdeh MMC-nin müqavilə üzrə icra edilməmiş öhdəliyinin 40000 manat məbləğində olması ilə əsaslandırmışdır, yəni, işin yeganə mübahisələndirilən halı borc məbləğinin 40000 manat olmasıdır. Belə olduğu təqdirdə cavabdeh tərəfindən məhkəməyə 32674,44 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı sübut təqdim olunmalı idi. Lakin cavabdeh tərəfindən məhkəməyə bu halı təsdiq edən heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəflər arasında tərtib olunmuş müqavilənin 4.1-ci bəndində göstərilmişdir ki, reklam xidmətlərinə görə xidmət haqqının ödənilməsi üçün sifarişçiyə hesab-fakturanı təqdim edir. sifarişçi bu hesab fakturanı aldıqdan sonra 14 təqvim günü ərzində ödənişi həyata keçirir. . Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən malların və ya xidmətlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Hazırkı iş üzrə borcun mövcudluğu yalnız elektron qaimələr əsasında deyil, tərəflərin imzaladıqları hesab - fakturalar, üzləşdirmə aktı və digər sübutlarla təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən 01 mart 2021-ci il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə tam əməl edilmədiyinə görə iddianın əsas borc hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsi gecikdirildiyinə iddiaçının əsas borca hesablanmış 145,34 manat dəbbə pulunun tələb etmək hüququ vardır və buna görə də iddia təmin olunmalıdır. Beləliklə məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 72819,78 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə həmin Məcəllənin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası təmin edilsin. 01 mart 2021-ci il tarixli, 04/21 saylı müqavilə üzrə 72674,44 manat məbləğində əsas borc və 145,34 manat cərimə olmaqla, ümumilikdə 72819,78 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar