Məhkəmə qərarları › İş №e-2-2(113)-2240/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2240/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2240/2022 21.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, İddiaçı1 Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 75278,60 ABŞ dolları (yetmiş beş min iki yüz yetmiş səkkiz dollar altmış sent) əsas, 7527,86 ABŞ dolları (yeddi min beş yüz iyirmi yeddi dollar səksən altı sent) faiz və əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasında qeydiyyatdan keçən İddiaçı1 ilə ilə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin satın aldığı mallara görə iddiaçı qarşısında 75278,60 ABŞ dolları (yetmiş beş min iki yüz yetmiş səkkiz dollar altmış sent) məbləğində borcu yaranmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək iddiaçı tərəfindən cavabdehin ünvanına hissə-hissə (partiya şəkilində) ümumilikdə 77661 ABŞ dolları məbləğində mal-material göndərilmişdir. Cavabdeh isə iddiaçı tərəfindən ünvanına göndərilən malların dəyərini lazımınca ödəməmişdir. Yaranmış borcla bağlı cavabdeh tərəfindən ünvanlanan xx.xx.2021-ci il tarixli rəsmi yazılı məktubla borcun xx.xx.2021-ci il tarixədək tam şəkildə ödənilməsi bildirilsə də, müsbət heç bir nəticə olmamışdır. Tərəflər arasında olan alqı-satqı münasibətləri üzrə iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliklərini bu günədək yerinə yetirməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfə dəfələrlə həm yazılı, həm də şifahi müraciətlər edilməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirməklə borcun ödənilməsindən yayınmışlar. Cavabdehin iddiaçıya olan külli miqdarda borcu vaxtında qaytarmaması iddiaçının maliyyə vəziyyətinin çətinləşməsinə, pisləşməsinə səbəb olmaqla, sonuncuya ciddi zərər dəymişdir. Bu da şirkət üçün ciddi maliyyə itkisi (zərər) deməkdir. Odur ki, Cavabdeh MMC-dən İddiaçı1 xeyrinə 75278,6 ABŞ dolları əsas borc, həmin borcun gecikdirildiyi üçün 2021-2022-ci illər üzrə illik 5 faiz olmaqla (75278,6 x 5% (2021) x 5% (2022)= 7527,86 ABŞ dolları məbləğində zərər, həmçinin əsas borcun icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcu tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili İddiaçı2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı1 ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 14 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 təqdim edilmiş “Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində Türkiyənin İddiaçı1ndən idxal etdiyi mallar haqqında məlumat” adlı sənəddən görünür ki, Cavabdeh MMC İddiaçı1ndən ümumilikdə dəyəri 77661,60 ABŞ dolları məbləğində olan malları idxal etmişdir. - Cavabdeh MMC tərəfindən tərəfindən tərtib edilərək X3 Dairəsi Müdürlüyünə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 18 nömrəli məktubdan görünür ki, Cavabdeh MMC İddiaçı1ndən idxal etdiyi mallarla əlaqədar borcunun olduğunu etiraf edərək, ümumilikdə 75278,60 ABŞ dolları məbləğində olan vəsaiti xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında ödəyəciyini bildirmişdir. - İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 2 (iki) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması iş materialları ilə öz təsdiqini tapır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 75278,60 ABŞ dolları məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 75278,60 ABŞ dolları (yetmiş beş min iki yüz yetmiş səkkiz dollar altmış sent) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini ödənişin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən hesablanmış 7527,86 ABŞ dolları (yeddi min beş yüz iyirmi yeddi dollar səksən altı sent) faiz borcunun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin gəldiyi qənaətə əsasən iddia tələbi bu hissədə qismən edilməli və cavabdehdən gecikdirilmiş vaxt üçün 5646 ABŞ dolları (75278,60 ABŞ dolları əsas borcun 5%-i = 3763,93 ABŞ dolları : 12 ay = 313,66 ABŞ dolları X 18 ay = 5645,895 ~ 5646 ABŞ dolları) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin əsas borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun da cavabdehdən tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin normaya əsasən məhkəmə iddia tələbinin həmin hissəsinə münasibətdə belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən hər hansı şəkildə faydalanması öz təsdiqini tapmadığından iddia həmin hissədə rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 75278,60 ABŞ dolları (yetmiş beş min iki yüz yetmiş səkkiz dollar altmış sent) məbləğində əsas borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 5646 (beş min altı yüz qırx altı) ABŞ dolları olmaqla, cəmi 80924,60 ABŞ dolları (səksən min doqquz yüz iyirmi dörd dollar altmış sent) məbləğində pul İddiaçı1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar