Məhkəmə qərarları › İş №e-2-2(113)-2243/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2243/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2243/2025 17.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21906,7 (iyirmi bir min doqquz altı manat, yetmiş qəpik) manat müqavilə üzrə ödənilmiş məbləğin, 4162,14 (dörd min yüz altmış iki manat on dörd qəpik) manat dəbbə pulunun, 1200 (bir min iki yüz) manat hüquqi yardıma görə çəkilən xərcin əvəzinin, 171,81 (bir yüz yetmiş bir manat səksən bir qəpik) manat dövlət rüsumunun ödənilməsinə görə çəkilən xərcin əvəzinin, bütövlükdə 27440,65 (iyirmi yeddi min dörd yüz qırx manat, altmış beş qəpik) manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı və ya cavabdeh) və İddiaçı (alıcı və ya iddiaçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, G005.2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 21906,7 (iyirmi bir min doqquz altı manat, yetmiş qəpik) manat vəsait ödəmişdir və bu vəsaitin müqabilində cavabdeh iddiaçını müqavilə ilə razılaşdırılmış məhsullarla təmin etməli idi. Müqavilə üzrə ödəniş xx.xx.2024-cü il tarixində yerinə yetirilmişdir. Üzərindən aylarla vaxt keçməsinə baxmayaraq cavabdeh öhdəliklərini yerinə yetirməmiş və bununla əlaqədar tərəflər arasında mübahisə yaranmışdır. Tərəflər mübahisənin həlli üçün bir neçə dəfə görüşmüş və nəticə olaraq onlar arasında xx.xx.2024-cü il tarixli 1 nömrəli protokol (bundan sonra protokol) imzalanmışdır. Sözügedən protokola əsasən tərəflər ödənilmiş məbləğin iddiaçıya xx.xx.2025-ci il tarixindən gec olmamaqla geri qaytarılması, əks halda iddiaçının məbləğin gecikdirilməsinə görə dəbbə pulu tələb etməklə məhkəməyə müraciət edəcəyi barədə yekun razılığa gəlmişlər. Cavabdeh bu öhdəliyini də yerinə yetirməmiş, hər hansı ödəniş etməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında 21906,7 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Eyni zamanda protokolun 3-cü hissəsinə əsasən satıcı bu protokolun 1-ci hissəsində qeyd edilmiş öhdəliyini vaxtında yerinə yetirmədiyi halda satıcı alıcıya bu protokolun 1-ci hissəsində qeyd edilmiş öhdəliyinin icrasının gecikdirildiyi hər gün üçün bu protokolun 1-ci hissəsində qeyd edilmiş məbləğin 1% (bir faizi) məbləğində dəbbə pulu ödəyir. Öhdəliyin icrasının gecikdirildiyi hər gün üçün dəbbə pulu 219,06 manat təşkil edir. Odur ki, xx.xx.2025-ci il tarixinə qədər 19 günlük gecikməyə görə dəbbə pulu 4162,14 manat təşkil edir. Beləliklə, xx.xx.2025-ci il tarixinə qədər cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ ümumilikdə 26068,84 (iyirmi altı min altmış səkkiz manat səksən dörd qəpik) manat təşkil edir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 21906,7 manat müqavilə üzrə ödənilmiş məbləğin, 12048,3 manat dəbbə pulunun, 1200 manat vəkil xərcinin, 195,47 manat dövlət rüsumunun, cəmi 35350,47 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı alqı-satqı müqaviləsini məhz cavabdehlə bağlamış, avansı həmin MMC-nin hesabına ödəmişdir, müqavilə üzrə malları iddiaçıya cavabdeh təhvil verməli idi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edib iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış bütün müqavilələr etibarsızdır. Belə ki, iddiaçı ilə müqaviləni bağlamış tərəf əslində T.Əbdürəhmanov adlı şəxsdir. Müqaviləni cavabdeh formal olaraq imza etmiş, pul onun bank hesabına köçürülsə də, həmin vəsaiti T.Əbdürəhmanov cavabdehi aldadaraq hesab kartını götürməklə mənimsəmişdir. Cavabdehin qanuni təmsilçisi müqavilələri oxumadan, məzmununu tam dərk etmədən imza etmişdir. Məhkəmədən iddianın tələbə cavabdeh verməli olmayan şəxsə qarşı verildiyi üçün təmin edilməməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, G005.2024 saylı alqı-satqı müqaviləsinə görə satıcı alıcını bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (əlavələr) göstərilən mallar ilə təmin etməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 1.2-ci bəndinə görə satıcı alıcıya sifariş olunan malları satıcının hesabına vəsait köçürüldükdən sonra 2 iş günü müddətində təhvil verməyi öhdəsinə götürür.

9. Müqavilənin 3.1-ci bəndinə görə bu müqaviləyə əsasən malların dəyəri müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna müvafiq surətdə müəyyən olunur.

10. Müqavilənin 3.2-ci bəndinə görə ödənişin qaydası və forması: müqavilə üzrə ödəniş satıcının hesabına sifariş çatdırıldıqdan sonra 10 iş günü ərzində ödənişin köçürülməsi ilə həyata keçirilir.

11. xx.xx.2024-cü il tarixli, ********* nömrəli köçürməyə əsasən iddiaçı tərəfindən cavabdehə 15000 manat məbləğində, xx.xx.2024-cü il tarixli köçürməyə əsasən 3565 manat məbləğində ödənişlər edilmişdir.

12. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli MT2405 11311633 nömrəli 21906,70 manat məbləğində elektron qaimə-faktura təqdim olunmuşdur.

13. Tərəflər arasında bağlanmış “tərəflər arasında olan xx.xx.2024-cü il tarixli, G005.2024 nömrəli alqı-satqı müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 1 nömrəli protokolun 1-ci bəndinə görə, tərəflər bu protokolu imzalamaqla razılaşırlar ki, müqaviləyə uyğun olaraq alıcı tərəfindən satıcıya ödənilmiş 21906,7 (iyirmi bir min doqquz altı manat yetmiş qəpik) manat vəsait satıcı tərəfindən alıcıya 10 yanvar 2025-ci il tarixindən gec olmamaqla tam şəkildə geri ödənilir.

14. Protokolun 3-cü bəndinə görə satıcı bu protokolun 1-ci hissəsində qeyd edilmiş öhdəliyini vaxtında yerinə yetirmədiyi halda satıcı alıcıya bu protokolun 1-ci hissəsində qeyd edilmiş öhdəliyinin icrasının gecikdirildiyi hər gün üçün bu protokolun 1-ci hissəsində qeyd edilmiş məbləğin 1% (bir faizi) məbləğində dəbbə pulu ödəyir.

15. Cavabdeh (tələbkar) ilə X1 (borclu) arasında bağlanmış Cavabdeh və X1 arasında borcun ödənilməsi ilə bağlı” xx.xx.2024-cü il tarixli, 1 nömrəli protokolun 1-ci bəndinə görə bu protokolu imzalamaqla borclu X1 Cavabdeh və İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, G005.2024 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh ödəməli olduğu 21906,7 (iyirmi bir min doqquz altı manat yetmiş qəpik) manat vəsaiti Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürür.

16. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

17. Cavabdeh iddia tələbinə etirazında ümumiyyətlə tərəflər arasında bağlanmış müqavilənin və onun əlavəsinin etibarsız olduğunu bildirir.

18. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən “... məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır”.

20. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında da vurğulamışdır ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”.

21. Materiallardan görünür ki, cavabdehə qarşı yönəlmiş iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən və həmin müqavilənin xitamı barədə xx.xx.2024-cü il tarixli əlavə razılaşmadan irəli gəlir.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

25. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

26. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

27. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

28. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

29. Mülki Məcəllənin 354.2-ci maddəsi Mülki Məcəllənin əqdlərin etibarsızlığını müəyyən edən fəslində (XİV fəsil) nəzərdə tutulmaqla həmin norma Mülki Məcəllənin iddia müddətini və onun tətbiq olunma əsaslarını müəyyən edən fəslin (XVİİİ fəsil) normalarından fərqli qaydanı müəyyən edir və iddia müddəti kimi dəyərləndirilmir.

30. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər.

31. Cavabdeh tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.

32. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.

33. Bundan əlavə, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 2 müxtəlif tarixdə bank köçürməsi yolu ilə vəsaitlər ödənilmiş, müqavilə üzrə avansın ödənilməsi üçün cavabdeh tərəf iddiaçıya elektron qaimə təqdim etmişdir.

34. Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

35. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

36. Bu səbəbdən məhkəmə cavabdehin müqavilənin etibarsız hesab edilməli olması barədə arqumnetini əsassız hesab edir, yaranmış məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir.

37. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, G005.2024 saylı alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə ümumilikdə 21906,70 manat avans ödənilmiş, tərəflər xx.xx.2024-cü il tarixli, G005.2024 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixdə yazılı razılaşma imzalamış, cavabdeh ödənilmiş avansı xx.xx.2025-ci il tarixdən gec olmamaqla geri qaytarmağı öz öhdəsinə götürmüş, lakin bu öhdəliyini icra etməmişdir.

38. Cavabdeh tərəfindən məhkəməyə tələb edilən avansın müqabilində hər hansı malın verildiyini, habelə həmin vəsaitin iddiaçıya geri qaytarıldığını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3).

40. Məhkəmə qeyd etmək istəyir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.

41. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə ödədiyi 21906,70 manat avansın geri qaytarılmalı olması barədə tələbi əsaslıdır və iddia həmin hissədə təmin edilməlidir.

42. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində avansın qaytarılmasının gecikdirilməsinə görə tərəflər arasında bağlanmış əlavə razılaşmanın 3-cü bəndinə əsasən hesablanmış 12048,30 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

43. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

44. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış yazılı razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

45. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

46. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1000 manat müəyyən edilməlidir.

47. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 21906,70 manat əsas borc və 1000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

48. Bundan başqa iddia ərizəsində 1200 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 1000 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 200 manat xərc isə iddiaçının özünə aid edilməlidir.

49. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına 1200 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 158,72 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 36,75 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən (VÖEN: **********) manat 21906,70 manat əsas borc, 1000 manat dəbbə pulu, 1000 manat hüquqi yardıma görə xərc, 158,72 manat dövlət rüsumu, ümumilikdə 24065,42 (iyirmi dörd min altmış beş manat qırx iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə (VÖEN: **********) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 36,75 (otuz altı manat yetmiş beş qəpik) manat dövlət rüsumu və 200 (iki yüz) manat hüquqi yardıma görə xərc iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar