Məhkəmə qərarları › İş №e-2-2(113)-2245/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2245/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2245/2022 31.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin “X1 Otel Bakı” Filialının Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC “X1 Otel Bakı” Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli qrup xidmətləri müqaviləsi üzrə (vergi daxil) 43.859 (qırx üç min səkkiz yüz əlli doqquz) ABŞ dolları məbləğində əsas borc və 6.382,32 (altı min üç yüz səksən iki dollar, otuz iki sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, ümumilikdə 50.241,32 (əlli min iki yüz qırx bir dollar, otuz iki sent) ABŞ dolları məbləğində borc, həmçinin 400 (dörd yüz) manat məbləğində ödənilmiş mediasiya dair xərcinin tutularaq İddiaçı MMC-nin “X1 Otel Bakı” Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “X1 Otel Bakı” filialı (bundan sonra “Mehmanxana” adlandırılacaq) ilə Cavabdeh MMC (bundan sonra “Müştəri” adlandırılacaq) arasında 16-18 May 2019 tarixlərində mehmanxana xidmətlərinin göstərilməsinə dair xx.xx.2019-cu il tarixli qrup xidmətləri üzrə müqavilə bağlanılmışdır. Qeyd olunan müqavilənin şərtlərinə əsasən “İCİ Meeting Baku 2019” tədbirinin keçirilməsi ilə əlaqədar olaraq mehmanxanada otaqlar sifariş verilmiş və həmin sifariş icra edilərək, qonaqlar otaqlarla təmin edilmişlər. Eyni zamanda həmin müqavilənin şərtlərinə əsasən də İddiaçı MMC-nin “X1 Otel Bakı” filialının 16-18 May 2019-cu il tarixlərində Cavabdeh MMC-yə göstərmiş olduğu xidmətlərə görə də Cavabdeh MMC-yə ümumilikdə (vergi daxil) 53.859 ABŞ dolları məbləğində pul hesablanmışdır. Müqavilənən şərtlərinə əsasən Cavabdeh MMC-yə ümumilikdə hesablanmış (vergi daxil) 53.859 ABŞ dolları məbləğində vəsaitin ödənilməsi müqavilə üzrə 3 dəfəyə hesablanmışdır. Belə ki, xx.xx.2019-cu il tarixindən əvvəl və ya həmin gün 23.859 ABŞ dollar, xx.xx.2019-cu il tarixindən əvvəl və ya həmin gün 20.000 ABŞ dollar, xx.xx.2019-cu il tarixindən əvvəl və ya həmin gün 10.000 ABŞ dollar məbləğində ödənişlərin ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixədək müqavilədə göstərilən məbləğin tam olaraq ödənilməsi öhdəliyi götürülsə də müqavilə üzrə ümumilikdə hesablanmış (vergi daxil) 53.859 ABŞ dolları məbləğində puldan 10.000 ABŞ dolları məbləğində ödəniş etməklə kifayətlənmişlər, lakin qalan (vergi daxil) 43.859 ABŞ dolları məbləğində ödəniş Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin “X1 Otel Bakı” filialına ödənilməmişdir. Beləliklə yuxarıda qeyd olunanlardan görünür ki, İddiaçı MMC-nin “X1 Otel Bakı” filialı Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirsə də, Cavabdeh MMC buna əməl etməyərək, göstərilən xidmətlərə görə məbləğlərin ödənilməsinə dair üzərinə düşən öhdəliklərini tam şəkildə icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqedən və işin hallarından görünür ki, tərəflər arasında bağlanılmış Qrup xidmətləri üzrə müqaviləsinə əsasən İddiaçı MMC-nin “X1 Otel Bakı” filialı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirərək, müqavilədə göstərilən xidmətlər Cavabdeh MMC-yə göstərilsə də, sonuncu tərəfindən müqavilə əsasında ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmiş və cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2019-cu il tarixli mədaxil qəbzinə əsasən həmin tarixdə həyata keçirilsə belə yenə də (vergi daxil) 43.859 ABŞ dolları məbləğində qalıq borc qalmış və bununla bağlı pretenziya qaydasında cavabdehə xəbərdarlıq edilsə belə cavabdeh qalıq pul məbləğinin ödənilməsini həyata keçirməməklə müqavilənin şərtlərini pozmuşdur və qalıq (vergilər daxil 43.859 ABŞ dollar) məbləğinin ödənilməsini gecikdirməklə xx.xx.2014-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilmiş hüquqi mövqeyə əsasən gecikdirilmiş vaxt üçün illlik 5% hesablanan faiz məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin “X1 Otel Bakı” filialına ödənilməlidir. Yəni gecikdirilmiş vaxt üçün illik hesablanan faiz məbləği xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinə qədər hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarını rəhbər tutaraq qeyd edirik ki, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli Qrup Xidmətləri Üzrə Müqaviləsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 % hesablanan faiz məbləği xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinə qədər 6.382,32 ABŞdollar təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli Qrup Xidmətləri Üzrə Müqaviləsi üzrə (vergi daxil) 43.859 (qırx üç min səkkiz yüz əlli doqquz) ABŞ dolları məbləğində əsas borc və 6.382,32 (altı min üç yüz səksən iki dollar, otuz iki sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5 % hesablanan faiz məbləği, ümumilikdə 50.241,32 (əlli min iki yüzqırxbir dollar, otuz iki sent) ABŞ dolları məbləğində borc, həmçinin 400 (dörd yüz) manat məbləğində ödənilmiş mediasiya dair xərc tutularaq İddiaçı MMC-nin “X1 Otel Bakı” Filialına ödənilməlidir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı MMC-nin “X1 Otel Bakı” Filialı və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli Qrup Xidmətləri üzrə müqaviləsi üzrə 16-18 May 2019 tarixlərində mehmanxana xidmətlərinin göstərilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı MMC-nin “X1 Otel Bakı” Filialı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 19002024 nömrəli hesab fakturaya əsasən 17.000 manat, xx.xx.2019-cu il tarixli 19002023 nömrəli hesab fakturaya əsasən 34.000 manat, xx.xx.2019-cu il tarixli 19002022 nömrəli hesab fakturaya əsasən 40.560,30 manat Cavabdeh MMC tərəfindən ödənilməsi üçün tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli mədaxil qəbzinə əsasən 17.000 manat Cavabdeh MMC tərəfindən ödəniş olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2019-cu il tarixli Qrup Xidmətləri müqaviləsi üzrə (vergi daxil) 43.859 (qırxüç min səkkiz yüzəlli doqquz) ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Əlavə olaraq iddiaçı 6.382,32 (altı min üç yüz səksən iki dollar, otuz iki sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləğini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2019-cu il tarixində olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ödənilməyən məbləği məhkəmədə mübahisələndirməsi üçün kifayət qədər vaxtı olmasına baxmayaraq, bunu tələb etməmişdir. Belə olan halda isə iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 400 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli Qrup Xidmətləri Müqaviləsi üzrə (vergi daxil) 43.859 (qırx üç min səkkiz yüz əlli doqquz) ABŞ dolları məbləğində əsas borc, (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının manata olan rəsmi məzənnəsinə uyğun olaraq) 400 manat məbləğində mediasiya xərci İddiaçı MMC-nin “X1 Otel Bakı” Filialının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar