Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2247/2022 15.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, İNT-23/2022 saylı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 5077 manat məbləğində əsas borcun, gecikdirilmiş dövr üçün 42 manat məbləğində faizin, ilkin mediasiya sessiyasına görə ödənilmiş 100 manat məbləğində və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 200 manat məbləğində pul vəsaitinin, cəmi 5419 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20 yanvar 2022-ci il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında, tərəflərin əvvəlcədən müəyyən etmiş olduğu malların alqı-satqı şərtlərini əks etdirən №İNT-23/2022 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, icraçı malları sifarişçiyə təhvil verməyi, sifarişçi isə tərəflər arasında razılaşdırılmış məbləği İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə özəksini tapmışdır. Lakin sifarişçinin icraçıdan aldığı mala görə borcu yaranmışdır. Tərəflər arasında tərtib olunmuş №286 saylı, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktının məzmunundan görünür ki, "xxxx" MMC-nin İddiaçı QSC-yə borcu müqavilə əsasında aldığı mallar üzrə 5077 manat təşkil edir. "xxxx" MMC tərəfindən ödəniş edilməsinə dair №67 saylı, xx.xx.2022-c il tarixli ödəniş tapşırığı təqdim edilsə də, faktiki olaraq həmin məbləğin İddiaçı QSC-nin bank hesabına köçürülməsi həyata keçirilməmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, №PB/VB-OUT- 00788-2022 saylı arayış "xxxx" MMC tərəfindən İddiaçı QSC-nin bank hesabına hər hansı ödənişin həyata keçirilməməsi faktını bir daha təsdiq edir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə ki, tərəflər arasında bağlanmış müvafiq müqavilənin 4.1-ci maddəsinə əsasən, “Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən İcraçıya 100% qabaqcadan sifariş olunmuş malların dəyərini ödədikdən sonra İcraçı dəyəri ödənilmiş malları Sifarişçinin tələbi ilə 3 gün ərzində təqdim edir”. Odur ki, gecikmə üzrə borc məbləği 2 ay əsasında ((5077*5%)/12)*2= 42 manat təşkil edir. Tərəflərindən əldə olunmuş 17 mart 2022-ci il tarixli, №MŞB/2-00412 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan da görünür ki, 17 mart 2022-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. Belə ki, ilkin mediasiya zamanı mübahisənin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü qənaətinə gəlindiyi üçün hazırda tərəflərindən məhkəməyə müraciət olunması zərurəti vardır. İddiaçı həmçinin xüsusi qərardadın çıxarılmasına dair yazılı vəsatət vermiş və vəsatətini onunla əsaslandırmışdır ki, 20 yanvar 2022-ci il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında, tərəflərin əvvəlcədən müəyyən etmiş olduğu malların alqı-satqı şərtlərini əks etdirən №İNT-23/2022 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, icraçı malları sifarişçiyə təhvil verməyi, sifarişçi isə tərəflər arasında razılaşdırılmış məbləği icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, "xxxx" MMC-nin adından "xxxx" ASC tərəfindən ödənişin həyata keçirilməsinə dair №67 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı təqdim edilmiş və həmin məbləğin İddiaçı QSC-nin bank hesabına köçürülməsinə dair məlumat verilmişdir. Lakin İddiaçı QSC-nin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı, həmin məbləğin İddiaçı QSC-nin bank hesabına faktiki olaraq köçürülmədiyi və tərtib olunmuş ödəniş tapşırığının saxta olduğu müəyyən olunmuşdur. "xxxx" MMC ödəniş tapşırığında İddiaçı QSC-nin VÖEN–i səhv yazılmışdır. Ödəniş tapşırığında hər hansı bir səhv olanda ödəyən müştərinin bankından alan şəxsin bankına daxil olur. Əgər ödəniş tapşırığında səhv varsa pul alan müştərinin bankında tranzit hesabda 5 iş gün ərzində qalır. Bu müddət ərzində alan müştərinin bankı ödəyən müştərinin bankından və ödəyən müştəriyə məlumat verməklə səhvin aradan qaldırılmasını tələb edir. Səhv aradan qalxmadığı təqdirdə isə pul yenidən ödəyən müştərinin bankına geri qaytarılır. №67 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığında səhvə yol verildiyi üçün İddiaçı QSC "xxxx" ASCyə sorğu ilə müraciət edərək 2 ədəd arayış almışdır. Həmin arayışların məzmunundan görünür ki, №67 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bankı olan "xxxx" ASC-dən İddiaçı QSC-nin bankı olan "xxxx" ASC-yə nəinki İddiaçı QSC-nin bankda olan hesablarına, hətta "xxxx" ASC-nin tranzit hesablarına belə pul vəsaiti daxil olmayıb. Yəni bu onu sübut edir ki, №67 saylı, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı üzrə hər hansı ödəniş edilməyib, bu fakt ödəniş tapşırığının saxta olmasını təsdiq edir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, №PB/VB-OUT-00788-2022 saylı arayış "xxxx" MMC tərəfindən İddiaçı QSC-nin bank hesabına hər hansı ödənişin həyata keçirilmədiyi, №PB/PBL-OUT-00758-2022 saylı, xx.xx.2022 tarixli arayış isə ödənişin nəinki İnteqral” QSC-nin bank hesabına, hətta Paşa Bankı tranzit hesablarına daxil olmama faktını təsdiq edir. Odur ki, iş üzrə cavabdeh "xxxx" MMC №286 saylı, xx.xx.2022- ci il tarixli malların təhvil-qəbul aktına əsasən, İddiaçı QSCyə ödəməli olduğu 5077 manat məbləğin ödənilməsinə dair saxta ödəniş tapşırığı tərtib edərək ödəniş imitasiyası edərək mallara ələ keçirmiş və əməlində cinayət tərkibinə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, “Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Bu səbəbdən cavabdeh "xxxx" MMC-nin İddiaçı QSC-yə ödəniş etməsinə dair saxta sənədin tərtib olunması və bu yolla İddiaçı QSC-yə məxsus olan malları aldatma yolu ilə qanunsuz ələ keçirmə əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı QSC (icraçı) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış 20 yanvar 2022-ci il tarixli İNT 23/2022 saylı müqavilədən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə bu müqaviləyə əsasən qiymət razılaşma protokolunda nəzərdə tutulmuş məhsulları, həmçinin böyük və kiçik məişət texnikasını bu müqavilədə göstərilmiş qaydada təhvil verilməsini öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən sifarişçi malın qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən malın dəyəri və təhvil-təslim şərtləri satın-alma anında tərtib edilən və məsul şəxsin imzası ilə təsdiq olunmuş müqaviləyə əlavə olan malların spesifikasiyası ilə müəyyən edilir. 1.4-cü bəndinə əsasən malların spesifikasiyası bu müqavilənin ayrılmaz tərkib hissəsidir. 3.2-ci bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malın (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən icraçıya 100% qabaqcadan sifariş olunmuş malların dəyərini ödədikdən sonra icraçı dəyəri ödənilmiş malları sifarişçinin tələbi ilə 3 gün ərzində təqdim edir. 7.2-ci bəndinə əsasən sifarişçi ödənişin həyata keçirilməsi üzrə öhdəliklərini müəyyən edilmiş müddət ərzində yerinə yetirmədiyi halda icraçı ötürülmüş müddətin hər günü üçün müqavilənin ümumi məbləğinin 0,1%-i həcmində (lakin müqavilənin qiymətinin 10%-dən artıq olmamaq şərti ilə) dəbbə pulu ödənilməsini sifarişçidən tələb edə bilər. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 23/2022 saylı müqavilənin spesifikasiyasından (Əlavə № 1) görünür ki, ümumilikdə 3 ədəd elektronika mallarının 18% ƏDV daxil ümumi dəyəri 5077 manat təşkil edir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli, 67 nömrəli ödəniş tapşırığından görünür ki, emitent (ödəyən) bank Azər-Türk Bank ASC, benefisiar (alan) bank Paşa Bank ASC olmaqla "xxxx" MMC tərəfindən vəsaiti alan İddiaçı QSC-nin AZ14PAHA40060AZNHC********** nömrəli hesabına (VÖEN **********1) 5077 manat ödəniş edilmişdir. İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə ƏDV daxil 5077 manat dəyərində göstərilmiş xidmətə görə EBBP seriyalı, 926803 nömrəli, 21 yanvar 2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, ƏDV daxil cəmi 5077 manat dəyərində olan mallar İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. "xxxx" ASC-nin “Landmark” şöbəsinin PB/VB-OUT-00788-2022 nömrəli, xx.xx.2022ci il tarixli məktubundan görünür ki, İddiaçı QSC-nin (VÖEN: **********) "xxxx" ASC-də olan hesablarına xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi "xxxx" şirkəti tərəfindən vəsait daxil olmamışdır. xx.xx.2022-ci il tarixli 840 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixinə olan borc məbləği 5077 manat təşkil edir. "xxxx" ASC-nin “Landmark” şöbəsinin PB/PBL-OUT-00758-2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli 5077 manat məbləğli "xxxx" MMC adından ödəniş İddiaçı QSC-nin "xxxx" ASC-də olan hesablarına və "xxxx" ASC-nin hər hansı bir tranzit hesablarına daxil olmamışdır. İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun ödənilməsi xahiş edilmiş və əks təqdirdə hüquqi mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə cavabdeh "xxxx" MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda cəmi 5077 manat dəyərində olan malları cavabdehə təqdim etmişdir. İddiaçı tərəfindən sözügedən malların cavabdehə təqdim edilməsi malların təhvil-qəbul aktı və elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimə ilə təsdiq edilir. Təqdim edilmiş malların müqabilində iddiaçı tərəfindən ödəniş edilməsi isə iş materiallarına əsasən müəyyən edilmir. Belə ki, iş materiallarında olan №67 saylı, xx.xx.2022-c il tarixli ödəniş tapşırığında cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı QSC-yə 5077 manat məbləğində ödəniş edildiyi öz əksini tapsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin “Landmark” şöbəsinin PB/VB-OUT-00788-2022 nömrəli, xx.xx.2022-ci il tarixli və PB/PBL-OUT-00758-2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktublarına əsasən müəyyən edlir ki, müvafiq olaraq İddiaçı QSC-nin (VÖEN: **********) "xxxx" ASC-də olan hesablarına xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi "xxxx" şirkəti tərəfindən vəsait daxil olmamış və xx.xx.2022-ci il tarixli 5077 manat məbləğli "xxxx" MMC adından ödəniş İddiaçı QSC-nin "xxxx" ASC-də olan hesablarına və "xxxx" ASC-nin hər hansı bir tranzit hesablarına daxil olmamışdır. Bundan başqa xx.xx.2022-ci il tarixli, 67 nömrəli ödəniş tapşırığına diqqət yetirdikdə "xxxx" MMC-nin ödədiyi 5077 manat məbləğində vəsaiti alan İddiaçı QSC-nin VÖEN-i **********1 olaraq qeyd edilmiş, halbuki İddiaçı QSC-nin VÖEN-i **********-dır. Göstərilən hal isə sözügedən ödəniş tapşırığına əsasən sözügedən məbləğin İddiaçı QSC-nin bank hesabına daxil edilməsini istisna edir. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, cavabdeh "xxxx" MMC alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş malların dəyərini İddiaçı QSC-yə ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə borcu 5077 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 5077 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 5077 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 5077 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 42 manat məbləğində faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdehin pul öhdəliyinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından İddiaçı QSC ödənilməsi gecikdirilmiş məbləğə MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 42 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə də haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 71,19 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın təmin edildiyini və nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 200 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Bununla yanaşı cavabdeh "xxxx" MMC-nin hərəkətlərindəki cinayət əlamətləri daşıyan əməllər barədə məhkəmənin xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə iddiaçının vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı tərəflərin və ya digər şəxslərin əməllərində cinayət əlamətlərinin olmasını təsdiq edən və iş üzrə xüsusi qərardadın qəbul edilməsi üçün yetərli olan hallar müəyyən edilmədiyindən həmin vəsatət rədd edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 5077 (beş min yetmiş yeddi) manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 42 (qırx iki) manat məbləğində faizlər, cəmi 5119 (beş min yüz on doqquz) manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) və vəkil xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2247/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2247/2022
15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver