Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2264/2024 03.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixli AŞ/AZ-22/12 saylı, xx.xx.2022-ci il tarixli AŞ/AZ-22/18 saylı, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli müqavilələr üzrə ƏDV daxil olmaqla 624.721,37 (altı yüz iyirmi dörd min yeddi yüz iyirmi bir manat 37 qəpik) manat məbləğində borcun və ödənilmiş 920 (doqquz yüz iyirmi manat) məbləğində dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında xx.xx.2021-ci il tarixli 2979 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 45 nömrəli sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyində olan "xxxx" MMC Cavabdeh ASC-yə çevrilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" MMC-nin bütün hüquq və öhdəlikləri onun hüquqi varisi olan Cavabdeh ASC-yə keçmişdir. İddiaçı MMC ilə Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixli, QŞ/AC-21/06 saylı (kalsiləşdirilmiş soda), xx.xx.2022ci il tarixli AŞ/AZ-22/12 saylı (kalsiləşdirilmiş soda),xx.xx.2022-ci il tarixli AŞ/AZ-22/27 saylı (natrium sulfat) və xx.xx.2022-ci il tarixli, AŞ/AZ-22/18 saylı (kalsiləşdirilmiş soda) alqı-satqı müqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə müvafiq malların təhvil verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən müqavilələr üzrə malların təhvil verilməsinə baxmayaraq bugünədək malların dəyəri qismən ödənilmiş və hər 4 (dörd) müqavilə üzrə borc məbləği qalmışdır. Cavabdeh müəssisəyə çoxsaylı müraciətlər (şifahi və yazılı) edilməsinə baxmayaraq öhdəliyin tam şəkildə icra edilməməsi və ya nə zaman icra edilməsinə dair hər hansı bir məlumat verilməmişdir. 07 yanvar 2024-cü il tarixə cavabdeh tərəfindən ödənilməyən qalıq borc məbləği 624.721,37 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixli, QŞ/AC-21/06 saylı (kalsiləşdirilmiş soda), xx.xx.2022-ci il tarixli AŞ/AZ-22/12 saylı (kalsiləşdirilmiş soda), xx.xx.2022-ci il tarixli AŞ/AZ-22/27 saylı (natrium sulfat) və xx.xx.2022-ci il tarixli, AŞ/AZ- 22/18 saylı (kalsiləşdirilmiş soda) alqı-satqı müqavilələri və müqavilələrə əlavələr, qiymət razılaşdırma protokolları imzalanmışdır.
10. Müqavilələr hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
11. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
12. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür.
13. İş materiallarına əlavə olunmuş, hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh ASC İddiaçı MMCyə xx.xx.2024-cü il tarixə ƏDV daxil 624.721,37 manat məbləğində borcunun olduğunu etiraf etmişdir.
14. Göründüyü kimi, Cavabdeh ASC-nin direktoru Əliyev İsgəndər üzləşmə aktını imza və möhürü ilə təsdiq etməklə qeyd edilmiş dəyərdə malların verildiyini və həmçinin də, verilmiş olan mallara görə qeyd edilmiş məbləğdə borcunun olduğunu qəbul etmişdir.
15. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab olaraq iddia ərizəsində qeyd edilən dəyərdə malların verildiyini, qeyd edilən məbləğdə borcun qaldığını, lakin cavabdehin maliyyə imkanları zəif olduğundan pulu ödəyə bilmədiklərini bildirmişdir.
16. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 624.721,37 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 920 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
18. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 920 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
19. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunun əvəzi olaraq 920 manat ödəsə də, 624.721,37 manat məbləğində iddia tələbi üçün 914,72 manat məbləğində pul ödənilməli idi.
20. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 914,72 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən ƏDV daxil 624.721 (altı yüz iyirmi dörd min yeddi yüz iyirmi bir) manat, 37 (otuz yeddi) qəpik məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 914 (doqquz yüz on dörd) manat, 72 (yetmiş iki) qəpik məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov