Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2267/2024 03.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədə nəzərdə tutulmuş öhdəliyini icra etməyən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməyən 11.804,38 manat və gecikdirilən hər bir günə görə nəzərdə tutulmuş ümumi məbləğin 1% cəriməsinə uyğun olaraq (12 iyun 2022-ci il tarixindən bu günə kimi) 102.840.48 manat, dövlət rüsumuna görə ödənilmiş 404 manat və vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1200 manat ümumilikdə 116.248,86 manat məbləğində vəsaitin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli, AZ/22/2207 nömrəli “Malların alqı-satqısına dair” müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən müəssisə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı qəbul edib dəyəri ödəməyi öz öhdəsinə götürmüşdür. Müvafiq müqaviləyə 1 nömrəli əlavə razılaşmaya uyğun olaraq, müqavilə tərəfləri aşağıdakı məhsullar barədə razılaşmaya gəlmişdilər: 1) 1 ədəd dekorativ rəf (Qiyməti 3942 manat) 2) 10 ədəd təkərlimasa (Birinin qiyməti 330 manat olmaqla, ümumilikdə 3300 manat) 3) 3 ədəd zibil qutusu (Birinin qiyməti 960 manat olmaqla, ümumilikdə 2860 manat) 4) 1 dəst detalların yenilənməsi (Qiyməti 284 manat) 5) 13 m qəlyan masasının üzlənməsi (Qiymət 3835 manat) Cəmi məbləğ (2563,38 manat ƏDV daxil olmaqla) 16804,38 manat. Daha sonra, 2 iyun 2022-ci il tarixində tərtib edilmiş və cavabdeh müəssisə tərəfindən möhürlənmiş təhvil-təslim aktına əsasən, yuxarıda qeyd olunan məhsular streclə bükülmüş və nöqsansız vəziyyətdə təhvil verilmişdir. "xxxx" MMC-yə elektron qaimə yazılmışdır və bu qaimə cavabdeh tərəfindən imzalı, möhürlü formada təsdiq olunmuşdur. Həmin elektron qaiməyə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 5.000 (beş min) manat ödəmiş, yerdə qalan məbləğdə öhdəliyini icra etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli, AZ/22/2207 nömrəli müqavilə və müqaviləyə 01 nömrəli Əlavə razılaşma imzalanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı qəbul edib dəyəri ödəməyi öz öhdəsinə götürmüşdür.
12. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCA seriyalı, 427861 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 16.804,38 manat olan elektron qaimə göndərilmişdir.
16. Bundan başqa, iş materiallarında olan, hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, elektron qaimədə qeyd olunmuş sayda və adda mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək verilmiş mallar üzrə cavabdeh tərəfindən cəmi 5.000 manat ödəniş edildiyini bildirmiş, qalıq 11.804,38 manat məbləğində borcun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə qeyd edir ki, göründüyü kimi, 16.804,38 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də həmin məbləğdən 5.000 manat məbləğində ödəniş etmişdir.
19. Cavabdeh tərəf də, məhkəmə iclasına gəlməməklə yanaşı iddiaya etiraz etməmiş və verilmiş olan mallara görə pulun ödənilməsi barədə hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir.
20. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 11.804,38 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Məhkəmə 102.840,48 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
22. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 3.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı malı təhvil aldığı tarixdən etibarən 10 təqvim günü ərzində malların hesablanmış məbləğin 100%-ni satıcıya ödəməlidir. Əks təqdirdə, hər gecikən gün üçün ümumi məbləğin 1% dəyərində cərimə hesablanır.
23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
24. Hazırki işin hallarından görünür ki, cavabdehin 11.804,38 manat əsas borcuna münasibətdə 600 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
25. Məhkəmə hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 1.200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
26. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 1200 manat məbləğində pul iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənmişdir.
27. Lakin, məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 1000 manat məbləğində pul daha ağlabatandır və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 404 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
29. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 404 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
30. Lakin məhkəmə, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 127,21 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 11.804 (on bir min səkkiz yüz dörd) manat, 38 (otuz səkkiz) qəpik, cərimə borcu üzrə 600 (altı yüz) manat olmaqla, cəmi 12.404 (on iki min dörd yüz dörd) manat, 38 (otuz səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat, 21 (iyirmi bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov