Məhkəmə qərarları › İş №e-2-2(113)-2269/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2269/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2269/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “İri Şəhərlərin X1 Xidməti” X2 əsassız hesablanmış pulun silinməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkilli Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "İri Şəhərlərin X1 Xidməti" X2 əsassız hesablanmış pulun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İri Şəhərlərin X1 Xidmətniin Sumqayıt Su-Kanal İdarəsi tərəfindən əsassız hesablanmış 2196 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi ilə İddiaçı MMC (VÖEN **********) arasında Sumqayıt şəhəri Metallurq küçəsində yerləşən qeyri-yaşayış sahəsinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 150981 nömrəli xx.xx.2006-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsində 2015-ci ilədək sudan istifadə edilmiş və dəyəri ödənilmişdir. 2015ci ildən sonra sudan istifadə edilməmişdir. 2024-cü ilin aprel ayında Sumqayıt Su-Kanal idarəsinə su təchizatının bərpa edilməsi ilə bağlı şifahi müraciət etdikdə Sumqayıt Su- Kanal idarəsi müraciətə cavab olaraq sudan istifadəyə görə 2344,15 manat borc olduğunu bildirdilər. Qeyd olunan borc məbləğinin araşdırarkən müəyyən olundu ki, hesabda xx.xx.2017-ci il tarixədək 148,15 manat borc hesablanmış, 2017-ci ildə 1098 manat və 2018-ci ildə 1098 manat borclar hesablanmışdır. Borcların yaranma səbəbini araşdırdıqda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları sudan qanunsuz istifadə edildiyi üçün xx.xx.2018-ci il tarixdə 07843 nömrəli aktı tərtib edildiyini, bu səbəbdən də cərimə hesablandığını bildirdilər və qeyd olunan aktın surətini iddiaçıya verdilər. Təqdim olunan aktda qeyri-yaşayış obyektində d-15 mm-lik boru vasitəsilə sayğacdan keçmədən sudan qanunsuz istifadə edildiyi qeyd olunmuşdur. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində 2015-ci ilədək sudan istifadə edilmiş və dəyəri ödənilmişdir. 2015-ci ildən sonra sudan istifadə edilməmişdir. Akt tərtib olunarkən məlumatları olmadıqları və iştirakları təmin edilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş aktlara əsasən ümumilikdə 2196 manat cərimə hesablanmışdır. İddiaçı həmin borcu qəbul etmədiyini və pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyini bildirdikdə cavabdehin nümayəndələri qeyri-yaşayış sahəsinin su təchizatını bərpa etməkdən imtina etmişdir. “Sumqayıt Sukanal” İdarəsi aktı tərtib etməklə D-15 mm borudan sudan istifadə edilməsi ilə əlaqədar hesablamalar aparmışdır. Belə bir qoşulma halı var idisə, bu halda cavabdeh təşkilat bununla əlaqədar hər-hansı bir araşdırma aparmalı idi. Lakin, göründüyü kimi heç bir araşdırma aparmadan, ümumiyyətlə, heç bir qoşulma olmadan yuxarıda göstərilmiş aktı qeyri-qanuni tərtib etmişlər və heç bir əsas olmadan cərimə hesablamışlar. Əgər həqiqətən sudan qanunsuz istifadə edilmişsə onda cavabdeh təşkilat bu barədə hüquq-mühafizə orqanlarına müraciət edə bilərdi. Cavabdeh tərəfindən isə belə müraciət edilməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün iddiaçı tərəfindən cavabdehlə dəfələrlə danışıq aparılmış, rəsmi qaydada pretenziya göndərilmişdir. Lakin heç bir nəticəsi olmamış, cavabdeh su təminatının bərpası ilə bağlı heç bir tədbir görməmişdir. Bundan əlavə cavabdeh tərəfindən müəssisədə aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, yoxlamanın keçirilməsi ilə əlaqədar iddiaçıya heç bir bildiriş verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinda qeyd olunanları müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, borcların yaranması ilə bağlı ancaq 2018-ci il aktı var, 2017-ci ilə aid aktla bağlı dəfələrlə müraciət etsələr də, heç bir akt təqdim edilməmişdir. İddia tələbinizdə qeyd edilən məbləğ 2017-2018-ci illərdə tərtib olunan aktlar üzrə hesablanan ümumi borc məbləğidir, abonent saldosundan da göründüyü kimi iddiaçı tərəfindən 2015-ci ildən sonra sudan istifadə edilməmişdir. Onlar da hər iki akt üzrə olan tələb olunan pul məbləğinin silinməsini tələb edirlər. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxıb qətnamə çıxarmasın məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materillarında olan: “Abonent” İddiaçı MMC ilə “Müəssisə” "xxxx" ASC (indiki “İri Şəhərlərin X1 Xidməti” PHŞ) arasında bağlanmış 01 yanvar 2006-cı il tarixli “Su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə” dair müqavilədə qeyd edilmişdir ki, Bu müqavilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82-saylı Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Həmçinin sudan istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 0,54 manat və qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0,54 manat müəyyən edilmişdir. “İri Şəhərlərin X1 Xidməti” PHŞ-nin 26 mart 2018-ci il tarixli № MXD 07843 saylı İnventar Aktına əsasən, Metallurq bağı ünvanında yerləşən (İddiaçı MMC) obyekt su sayğacından kənar d=15mm-lik boru vasitəsi ilə sudan qeyri qanuni istifadə edir. Abonent haqqında Məlumatdan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-nin (VÖEN:**********) xx.xx.2017-ci il tarixədək 148,15 manat borcu olmuş, 2017-ci ildə 1098 manat və 2018-ci ildə 1098 manat borc hesablanmış, 2015-ci ildən 2024-cü ilə qədər satış olmamış, xx.xx.2025-ci il tarixinə cəmi 2344,15 manat borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 24-cü maddənin 1-ci bəndinə əsasən su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını rəsmi qaydada tələb edə bilər. 67-ci maddəsinin 1-cü bəninə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7-ci bəndə əsasən reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 3.1.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi su təchizatı və tullantı sularının axıdılması sistemlərindən qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququna malikdir. 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. 9.11.3-cü bəndinə əsasən STKM təsərrüfat-məişət kanalizasiya sisteminə qanunsuz qoşulmalar aşkar edildikdə yazılı xəbərdarlıq etdikdən sonra və akt tərtib edərək onun bir nüsxəsini istehlakçıya vermək şərtilə istehlakçını təsərrüfat-məişət kanalizasiya şəbəkəsindən ayırmaq hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 6.3-cü bəndinə əsasən İri Şəhərlərin X1 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsi su təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlamalar (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus abonent kodu olan obyektdə sayğacdan kənar qoşulma ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır və heç bir hüquqi nəticəsi yoxdur. Cavabdeh sübutları (borcun yazılmasına əsas olmuş sənədləri) özündə saxlayıb təqdim etmədiyindən, məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halı, yəni borcun əsassız hesablanmasını müəyyən olunmuş hesab edir. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq İddiaçı MMCyə 2196 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, hesablanmış 2196 manat borc silinməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 41,96 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı MMC-yə məxsus ona məxsus qeyri-yaşayış sahəsinə dair 150981 nömrəli abonent kodu üzrə hesablanmış 2196 (iki min yüz doxsan altı) manat məbləğində borc silinsin. Cavabdeh “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsindən ödənilmiş 41 (qırx bir) manat, 96 (doxsan altı) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar