Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-227/2024 17.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh Cavabdeh1 ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, sığorta hadisəsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh1 ASC-nin nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2nə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1700 manat pul vəsaitinin və 60 manat mediasiya xərci məbləğinin, ümumilikdə 1760 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı Maraqlı şəxs MMC-nin razı olması və iddiaçı tərəfindən ona BB seriyalı 599277 nömrəli, xx.xx.2021-ci il tarixli sığorta şəhadətnaməsi blankının verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən, Maraqlı şəxs MMC-nin istifadəsində olan çap evinə subasma hadisəsi nəticəsində 1900 manat məbləğində real zərər dəymişdir. CFİ- 0202/2021-AKT1151/22 saylı sığorta aktına və BB seriyalı 599277 nömrəli sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 200 manat azadolma məbləği çıxıldıqdan sonra 1700 manat məbləğində sığorta ödənişi sığortalı Maraqlı şəxs MMCnin hüquq təmsilçisi Nümayəndə2 bank hesabına köçürülmüşdür. Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli, 345s saylı sərəncamına əsasən Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyatı dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh1 ASC-nin balansındadır. 48 saylı MKİS-in xx.xx.2021-ci il tarixli arayışında bildirilmişdir ki, ünvan 1 ünvanının yarımzirzəmisində yerləşən Nümayəndə2 məxsus qeyri-yaşayış sahəsinə binanın həyətində olan ümumi kanalizasiya xəttinin tutulması nəticəsində çirkab suları torpağa axmış və əmlakın daxilinə sular yığılmışdır. Bu səbəbdən istinad divarına, divar örtüklərinə, döşəmə üzərində olan laminat örtüklərə maddi ziyan dəymişdir və istismara yararsız hala düşmüşdür. Cavabdeh1 ASC-nin Nizamnaməsinin 3.2-ci bəndinə əsasən cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Hesab edir ki, ödənilmiş 1700 manat məbləğ qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
3. Cavabdeh1 ASC iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində ünvan daxilində baş vermiş su basma hadisəsi ilə bağlı sığorta ödənişlərini cavabdeh "xxxx" ASC-dən tələb etmişdir. Qeyd olunan su basma hadisəsi ilə bağlı ümumi məlumat versə də, həmin hadisələrin "xxxx" ASC ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. Qeyd olunan su basma hadisəsi sözügedən ünvanın daxilində baş verdiyindən həmin su xətləri istehlakçınm balans mənsubiyyətinə aid edilir. Bu səbəbdən Cəmiyyət istehlakçının mülkiyyətində yerləşən su xətlərin baş vermiş hər hansı su basma hadisəsinə görə məsuliyyət daşımır. "xxxx" ASC yalnız balansında olan su təchizatı və kanalizasiya qurğularına xidmət göstərir və onlara görə məsuliyyət daşıyır. Ona görə də hesab edirik ki, istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə QaydalarT'mn 2.1, 2.1,1-ci maddələrinə əsasən: 2.1 STKM-in vəzifələri aşağıdakılardır: 2.1.1 balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək."Sudan istifadə Qaydaları"nın 4.1, 4.1.4-cü maddələrinə əsasən istehlakçı balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır."Sudan istifadə QaydalarT'mn 5.3-cü maddəsinə əsasən Tərəflər müqavilədə nəzərdə tutulmuş öhdəliklərin hər bir pozuntusu üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci, 443.5-ci və 448.2-ci maddələrinə uyğun qarşılıqlı məsuliyyət daşıyırlar. İddia tamamilə əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir.
5. Cavabdeh Bakı şəhəri Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi bu işdə cavabdeh qismində cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən və su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə gurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh1 balansına verilsin”. Sərəncam imzalandığı gündən qüvvəyə minmişdir. Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mənzil Məcələsinin 29.1 -ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Beləliklə, su sayğacına qədər su axıdılması hadisəsi baş veribsə Cavabdeh1 ASC cavabdehdir, su sayğacından sonra su axıdılması hadisəsi baş veribsə mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisi cavabdehdir. Həmçinin bildiririk ki, Rayon İcra Hakimiyyətinin balansında yaşayış sahəsi və digər təyinatlı tikililər yoxdur. Azərbaycan Respublikasının Prezdentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh2 və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair cavabdehlər sırasından çıxarılması məqsədə müvafiqdir.
7. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iş üzrə yalnız Cavabdeh1 ASC-dən 1700 manat pul vəsaitinin və 60 manat mediasiya xərci məbləğinin, ümumilikdə 1760 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Həsənov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın yalnız Cavabdeh1 ASC-yə aid olan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi E.İsgəndərov iddia tələbinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsini xahiş etdi.
10. Üçüncü şəxs Maraqlı şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
11. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən iddiaçı ilə sığortalı Maraqlı şəxs MMC arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığorta müqaviləsi bağlanmışdır.
14. 09.03.2022-ci il tarixli sığorta aktına əsasən Nümayəndə2 (Maraqlı şəxs MMC) sığorta hadisəsi – su basma nəticəsində dəymiş zərərin məbləği 1900 manat müəyyən edilmişdir.
15. İddiaçı tərəfindən tərtib edilmiş dəymiş zərərin hesabatına əsasən Maraqlı şəxs MMC-yə sığorta hadisəsi – su basma nəticəsində dəymiş zərərin məbləği 1900 manat müəyyən edilmişdir.
16. 28.03.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Nümayəndə2 1700 manat məbləğində pul ödənilmişdir.
17. Hadisə barədə məlumata əsasən xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs MMC-yə məxsus çap mərkəzində subasma hadisəsi baş vermiş, kanalizasiya borusunun tutulması nəticəsində obyektə ziyan dəymişdir.
18. Bakı şəhər Nəsimi RİH 48 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən Ə.Quliyev küçəsi, ev 133 ünvanının yarımzirzəmisində yerləşən Nümayəndə2 məxsus qeyri-yaşayış sahəsinə binanın həyətində olan ümumi kanalizasiya xəttinin tutulması nəticəsində çirkab suları torpağa axmış və əmlakın daxilində sular yığılmışdır. Bu səbəbdən istinad divara, divar örtüklərinə, döşəmə üzərində olan laminat örtüklərə maddi ziyan dəymişdir.
19. DƏDRX çıxarışa əsasən Bakı şəhəri, Məsimi rayonu, Ə.Quliyev 133 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Nümayəndə2 mülkiyyətindədir.
20. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bak şəhəri, Nəsimi rayonu. Ə.Quliyev küçəsi,133 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır.
21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 12 mart 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Nümayəndə2 Araz oğlunun mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki olaraq təmirli vəziyyətdə olduğunu nəzərə alaraq xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi (subasma) nəticəsində zərərin dəyib-dəyməməsini müəyyən etmək mümkün deyil. Mülki iş materiallarda olan smetaya əsasən (i.v.28) göstərilən tikinti materiallarının və görülməli olan işlərin 2021-ci il üçün bazar qiymətlərinə uyğun olaraq dəyəri 1900 manat təşkil etdiyi müəyyən edilmişdir.
22. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
26. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
27. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
28. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
31. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
32. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
33. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
34. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
35. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
36. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
37. Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb əsaslı olduğundan təmin edilməlidir.
38. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Maraqlı şəxs MMC arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığorta müqaviləsi bağlanmış, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi (su basma) baş vermiş, hadisə nəticəsində sığortalıya 1900 manat zərər dəymiş, həmin zərərə görə iddiaçı tərəfindən sığorta müqaviləsinin şərtlərinə əsasən 200 manat azadolma məbləği çıxılmaqla, ümumilikdə 1700 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə icraatı dövründə keçirilmiş ekspertizanın nəticəsinə əsasən dəymiş zərərin məbləğinin 1900 manat olması müəyyən edilmişdir.
39. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamına əsasən “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh1 balansına verilmişdir.
40. Sudan istifadə qaydalarının 2.1-ci maddəsinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək cavabdehin vəzifəsidir.
41. Məhkəmə hesab edir ki, binanın həyətində olan ümumi kanalizasiya xətti cavabdehin balansında olduğundan, habelə həmin xətlərin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə cavabdeh məsuliyyət daşıdığından baş vermiş hadisəyə görə dəymiş zərərin cavabdehdən tələb edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.
44. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
48.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 ASC-dən 1700 manat məbləğində pul, 60 manat mediasiyaya dair xərc, ümumilikdə 1760 (bir min yeddi yüz altmış) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh1 ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova