Məhkəmə qərarları › İş №e-2-2(113)-2273/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2273/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2273/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X3 Cavabdehnə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X6 Cavabdehnə (Cavabdeh İB) qarşı cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində iddiaçıya dəyən 508439,66 manat (beş yüz səkkiz min dörd yüz otuz doqquz manat altmış altı qəpik) həcmində maddi ziyan, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat (otuz manat qırx qəpik), vəkilə ödənilmiş 2085 (iki min səksən beş) manat xidmət haqqı, mənəvi ziyan kimi 10000 (on min) manat, ekspertiza xərci üçün 5000 (beş min manat) manat olmaqla, cəmi 525555,06 manat (beş yüz iyirmi beş min beş yüz əlli beş manat altı qəpik) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Təzə sahə ünvanında ümumi sahəsi 9 ha, əkinə yararlı 7.4 ha sahədə yerləşən istilikxana kompleksinin maye qazla təchiz edilməsi üçün Cavabdeh ilə 02.10.2017-ci il tarixli, 2947-10-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusunun istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalamışdır. Daha sonra Cavabdeh İB tərəfindən artıq hesablanmış borcun silinməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Həmin işə baxılarkən iddianı təmin tədbiri barədə ərizə ilə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtarana qədər ona məxsus olmaqla, abonent kodu (**********00000) olan istilikxanaya təbii qazın verilməsinin dayandırılmasının və mübahisə predmeti üzrə 213380,80 manat məbləğində borcun ondan tələb edilməsinin Cavabdeh İB-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin 24.09.2020-ci il tarixli, e-2- 2(113)-1127/2020 nömrəli qərardadı ilə ərizə təmin edilərək, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istilikxanaya 213380,80 manat borcun ödənilməməsinə görə qaz təchizatnın dayandırılması Cavabdeh İB-yə qadağan edilmişdir. Cavabdeh İB həmin qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10.11.2020-ci il tarixli, 2-2(103)-626/2020 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd edilən məhkəmə çəkişməsi zamanı iddiaçı ilə Cavabdeh Bakı X9 Departamenti arasında 18.11.2020-ci il tarixində barışıq sazişi imzalanmış, həmin sazişə əsasən yaranmış borc hissə-hissə ödənilməli idi. Lakin həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməmiş və iş üzrə icraat başa çatmamışdır. Hazırda da məhkəmə çəkişməsi davam etməkdədir. Buna səbəb isə Cavabdeh İB tərəfindən öz öhdəliklərinin yerinə yetirilməməsi olmuşdur. Belə ki, həmin barışıq sazisinə əsasən hər növbəti ayın 20-dək ayda 32676,16 manat pul vəsaitinin ödənilməsi öhdəliyini iddiaçı öz üzərinə götürmüşdür. 2020-ci ilin dekabr ayı bazar gününə düşdüyündən həmin vəsaiti bazar günü ödəyə bilməmişdir. Cavabdeh İB-nin Bakı X9 Departamenti tərəfindən istilikxanaya təbii qazın verilməsi 22.12.2020-ci il tarixdə səhər saatlarında heç bir xəbərdarlıq edilmədən və hər hansı akt tərtib edilmədən dayandırılmışdır. Yalnız həmin gün qeyd edilən 32676,16 manat vəsaitin ödənilməsindən sonra istilikxanaya təbii qazın verilməsi günortadan sonra axşam saatlarında bərpa edilmişdir. Halbuki iş üzrə məhkəmə mübahisəsi davam etdiyi müddətdə istilikxanaya qazın verilməsinin dayandırılması məhkəmə qərardadı ilə Cavabdeh İB-yə qadağan edilmişdir. Qeyd edilən barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmədiyi və iş üzrə icraata xitam verilmədiyi üçün hüquqi əhəmiyyət kəsb etməmişdir. Daha sonra 2020-ci ilin noyabr ayı üzrə 84446 manat (səksən dörd min dörd yüz qırx altı manat) məbləğində qazdan istifadəyə görə “Azərqaz” İB tərəfindən 16.12.2020-ci il tarixdə EBAT seriyalı 970091 nömrəli elektron qaimə təqdim edilmiş, 17.12.2020-ci il tarixdə isə günorta saatlarında Cavabdeh İB-nin Bakı X9 Departamentinin əməkdaşı tərəfindən 2020-ci ilin noyabr ayı üzrə 84446 (səksən dörd min dörd yüz qırx altı) manat məbləğində qazdan istifadəyə görə 11.12.2020-ci il tarixli 150 nömrəli hesab faktura istilikxanaya gətirilərək təqdim edilmiş və 25.12.2020-ci il tarixdə isilikxanaya qazın verilməsi heç bir xəbərdarlıq edilmədən və qazın verilməsinin dayandırılması ilə bağlı hər hansı akt tərtib edilmədən əsassız və qanunsuz olaraq dayandırılmışdır. 25.12.2020-ci il tarixdə istilikxanaya qazın verilməsi dayandırıldığı üçün Cavabdeh İB-yə və Bakı X9 Departamentinə dəfələrlə zəng edərək qazın verilməsinin dayandırlmasının səbəbini öyrənməyə çalışsa da, bir nəticə əldə edə bilmədiyindən 28.12.2020-ci il tarixdə Cavabdeh İB-yə və Cavabdeh İB-nin Bakı X9 Departamentinə rəsmi ərizə ilə müraciət edərək istilikxanaya qazın verilməsinin dərhal bərpa edilməsini tələb etmiş və eyni zamanda qazın verilməsinin bərpa edilməyəcəyi təqdirdə iddiaçıya dəyəcək zərərin onlardan tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyini bildirmişdir. Qeyd edilən müraciətə Cavabdeh İB-nin Bakı X9 Departamentinin rəisi Zamin Mehrəliyevin imzası ilə verilmiş 06.01.2021-ci il tarixli Socar **********30560046X00067 saylı cavab məktubunda istilikxanaya təbii qazın verilməsinin dayandırılması səbəbi kimi barışıq sazişinin şərtlərinə əməl edilməməsini göstərmişdir. Cavabdeh İB-nin Bakı X9 Departamenti həmin cavab məktubu ilə öz qanunsuz və əsassız hərəkətlərinə don geyindirməyə çalışmışdır. Belə ki, dekabr ayının 20-si bazar gününə təsadüf etdiyindən həmin vəsaitin ödənilməsi 21.12.2020-ci il tarixədək ödənilməli idi. İkincisi, həmin departament tərəfindən təbii qazın verilməsi 22.12.2020-ci il tarixdə səhər saatlarında dayandırılmış, tərəflərindən həmin gün qeyd edilən məbləğ ödənildikdən sonra qazın verilməsi bərpa edilmiş, 25.12.2020-ci il tarixdə yenidən qazın verilməsi dayandırılmışdır. Üçüncüsü, məhkəmə qərardadı ilə iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək qeyd edilən mübahisəli məbləğin iddiaçıdan tələb edilməsi və həmin borca görə təbii qazın verilməsinin dayandırılması ümumiyyətlə Cavabdeh İB-yə qadağan edilmişdir. Hazırda da qeyd edilən iş üzrə məhkəmə mübahisəsi davametdiyindən, qeyd edilən barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilmədiyindən hüquqi qüvvəsi yoxdur. Dördüncüsü, əgər barışıq sazişinin şərtlərinə əməl edilməmişdirsə, o zaman hansı səbəbdən 22.12.2020-ci il tarixdə qazın verilməsi dayandırıldığı halda pul vəsaitini ödədikdən sonra bərpa edilməsi sual altındadır. Aralarında bağlanmış maye qazın alqısatqısına dair yuxarıda qeyd etdiyi həmin müqavilənin tələblərinə görə hesab-faktura istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən 1 (bir) ay sonra bank və ya poçt şöbələri tərəfindən qazın dəyəri tam ödənilməlidir. Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X7”na əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam ödənilməlidir. Həmin qaydaların tələbinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən sonra bir ay müddətinə tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməli olması qaz paylayıcısının vəzifəsi kimi qeyd edilmiş, həmçinin qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən sonra 1 (bir) ay müddətində tam ödənilmədikdə, qazın verilməsinin dayandırıla biləcəyi qeyd edilmiş, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməsi və aktın bir nüsxəsinin istehlakçıya təqdim edilməli olması göstərilmişdir. Qeyd edilən bu normalar iddiaçı ilə Cavabdeh arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilədə də nəzərdə tutulmuşdur. Göründüyü kimi, istilikxana kompleksinə qazın verilməsinin 11.01.2021-ci il tarixindən (əslində isə 16.01.2021-ci il tarixdən tez ola bilməzdi, çünki elektron qaimə 16.12.2020-ci il tarixdə, 11.12.2020-ci tarixli faktura isə faktiki olaraq 17.12.2020-ci ildə təqdim edilmişdir.) tez dayandırılması qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasıdır. Bundan başqa, Cavabdeh İB yuxarıda istinad etdiyi qərarın da tələblərini kobud surətdə pozmaqla iddiaçıya maddi ziyan vurmuşdur. Qazın verilməsinin özbaşına qanunsuz və əsassız dayandırılması istilikxananın fəaliyyətini çıxılmaz duruma salmışdır. Belə ki, fəaliyyət göstərdiyi ərazidə yerləşən 1 saylı istilikxanadan 15 yanvara qədər 31000 kq, 2 nömrəli istilikxanadan 37000 kq, 3 nömrəli istilikxanadan 30000 kq, 4 nömrəli istilikxandan isə iyul ayına qədər 500000 kq pomidor məhsulu əldə edilməsi üçün xərc çəkilmiş, həmin pomidor məhsulunun yetişdirilməsi üçün istilikxanalarda işləmək üçün işçilər cəlb edilərək, əmək haqları ödənilmiş və digər zəruri xərclər çəkilmişdir. Həmin vəziyyətdə qış fəslinin olması, hava şəraitinin soyuq olması istilikxanada pomidor məhsulunun yetişdirilməsinin qazsız həyata keçirilməsini mümkünsüz etmişdir. Hazırkı situasiyada qazın verilməsi dayandırıldığı üçün istilikxana kompleksində becərilən bütün məhsullar zay olmuş və iddiaçıya külli miqdarda ziyan vurulmuşdur. Həmçinin qeyd etmək istərdi ki, məhkəmə çəkişməsi gedişində Cavabdeh İB ilə aralarında imzalanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmədiyi üçün qüvvəyə minməmişdir. Cavabdeh İB məhkəmənin qərardadla tətbiq etdiyi müvəqqəti xarakterli müdafiə tədbirinə əməl etməmiş və qazı kəsməklə iddiaçının məhsullarının məhv olmasına səbəb olmuşdur. Bildirmək istəyir ki, müvəqqəti xarakterli müdafiə tədbiri məhkəmə prosesinin sonuna qədər qüvvədədir və məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra ləğv edilir. Məhkəmə prosesi hələ bitmədiyi üçün bugünün özündə də həmin müvəqqəti xarakterli müdafiə tədbiri öz qüvvəsini saxlayır. Cavabdehin iddiaçıya göndərdiyi cavab məktubunda qüvvəyə minməmiş barışıq sazişinin şərtlərinə istinad etmişdir, lakin o, məhkəmə tərəfindən təsdiq edilmədiyi və qərardadla icraata xitam verilmədiyi üçün qüvvədə deyil və ona istinad etmək hüquqi əhəmiyyət kəsb etmir. Nəticədə cavabdehin qanunvericilik sahəsində nəzəri biliklərinin kasadlığı ucbatından bizə maddi zərər vurulmuşdur. Qeyd edilənlərdən də görünür ki, Cavabdeh İB-nin Bakı X9 Departamenti tərəfindən istilikxanaya qazın verilməsi qanunsuz və əsassız kəsilməsəydi, həmin istilikxanada yetişdirilmiş məhsulları xarab olmayacaqdı və digər şəxs qarşısında götürdükləri öhdəliyə riayət edərək məhsulların həmin şəxslərə satılmasından gəlir əldə edəcəkdilər. Qazın qanunsuz və əsassız kəsilməsi iddiaçının “xxxx” MMC qarşısında götürdükləri öhdəliyin icra edilməməsinə də səbəb olmuşdur. Belə ki, qeyd edilən müəssisə ilə 01.10.2020-ci il tarixdə 12 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 31 iyul 2021-ci il tarixədək 860587,37 manat dəyərində pomidor məhsulunu alıcıya təhvil verməli idi. Həmin müqavilənin icrası ilə əlaqədar olaraq 2020-ci ilin oktaybr ayında 71820 manat dəyərində 54000 kq pomidor məhsulu, 2020-ci ilin noyabr ayı ərzində isə 118419,7 manat dəyərində 70910 kq olmaqla, ümumilikdə 190239,7 manat dəyərində 124910 kq pomidor məhsulu satılmışdır. İstilikxanaya verilən qaz qanunsuz kəsilməsəydi, həmin müəssisəyə öhdəlikləri üzrə 31 iyul 2021-ci il tarixədək əlavə 670347,67 manat dəyərində əlavə pomidor məhsulu təhvil verməli idi. İş materiallarına əlavə edilmiş Müstəqil Məhkəmə Ekspertizasının 19.03.2021-ci il tarixli, 78 saylı ekspert rəyi ilə sübut olunur ki, 25.12.2020-ci il tarixdə qaz nəqlinin dayandırılması nəticəsində iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə tərəvəzçilik və südçülük sovxozu ərazisində yerləşən istilikxana kompleksinin 1, 2, 3 və 4 saylı, cəmi 71793,6 faydalı sahələrində “Coco Peat” sistemi ilə əkilmiş 195500 ədəd pomidor şitilindən alınması ehtimal edilən 309195,85 kq məhsulun itirilməsi nəticəsində cavabdehin iddiaçıya vurduğu ümumi maddi zərərin məbləği 508439,66 manat (beş yüz səkkiz min dörd yüz otuz doqquz manat altmış altı qəpik) həcmində qiymətləndirilir. Qeyd etmək istərdi ki, cavabdehin törətdiyi hüquqpozma nəticəsində iddiaçıya həm də mənəvi ziyan vurulmuşdur. Belə ki, min bir əziyyətlə becərdikləri məhsul cavabdehin qazı qanunsuz kəsməsi nəticəsində məhv olub getmişdir. Bu da onların dərin sarsıntı keçirməyi ilə nəticələnmişdir. İddiaçı ona vurulan mənəvi ziyanın həcmini 10000 (on min) manat həcmində qiymətləndirir və məhkəmə tərəfindən təmin edilməsini istəyir. Bununla yanaşı, iddia tələbinin məhkəməyə göndərilməsi üçün 30,40 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu ödənilmiş və həmin məbləğin də cavabdehdən tutulmasını tələb edir. Eyni zamanda iddia ərizəsinin hazırlanması, iddiaçının məhkəmədə təmsil etməsi və hüquqlarının müdafiəsi ilə bağlı vəkilə ödədiyi 2085 (iki min səksən beş) manat məbləğin də cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməmişdir. İddiaçıya qazın verilməsinin cavabdeh tərəfindən dayandırılması nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia əsassızdır. Çünki iddiaçıya məxsus məhsulların xarab olmasının cavabdehin təqsiri üzündən baş verdiyini təsdiq edən hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh “paylayıcı” ilə “istehlakçı” X6 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 02.10.2017-ci il tarixli, AKX 2947-10-17 nömrəli müqaviləyə əsasən sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində, Təzə sahə ünvanında yerləşən istilikxana kompleksi maye qazla təchiz edilmiş və həmin ünvana **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. - “İstehlakçı” - X3 adına olan **********00000 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, abonent X3 2020-ci ilin dekabr ayına olan borcu 260838,80 manat təşkil edir. Saldodan görünür ki, iddiaçı 2020-ci ilin oktyabr ayı ərzində 27518,80 manat məbləğində qaz sərf etmiş, ödəniş etməmişdir, noyabr ayı ərzində 84444 manat məbləğində qaz sərf etmiş, 50000 manat ödəniş etmişdir, dekabr ayı ərzində 45688 manat məbləğində qaz sərf etmiş, 60194,8 manat ödəniş etmişdir. - 228 nömrəli hesab fakturadan görünür ki, X3 31.10.2020-ci il tarixinə borcu 240899,60 manat təşkil edir. - 238 nömrəli hesab fakturadan görünür ki, X3 31.12.2020-ci il tarixinə borcu 260838,80 manat təşkil edir. - 150 nömrəli hesab-fakturadan görünür ki, X3 təbii qazdan istifadəyə görə noyabr ayına olan borcu 84446 manat, ümumilikdə 30.11.2020-ci il tarixə borcu 275345 manat təşkil etmişdir. - Cavabdeh İB tərəfindən 11.01.2020-ci il tarixli, EBAV seriyalı, 977464 saylı elektron qaimə tərtib edilərək X2 45688 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 11.11.2020-ci il tarixli, EBAS seriyalı, 439487 saylı elektron qaimə tərtib edilərək X2 27518,80 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 16.12.2020-ci il tarixli, EBAT seriyalı, 970091 saylı elektron qaimə tərtib edilərək X2 84446 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh ilə X6 arasında bağlanmış 18.11.2020-ci il tarixli Barışıq Sazişində qeyd olunmuşdur ki, 1) ilkin iddia üzrə “iddiaçı" qarşılıqlı iddia üzrə “cavabdeh X6 Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1127/2020 saylı iş üzrə üzrə iddia tələbindən tam olaraq imtina edir, eyni zamanda qarşılıqlı iddia tələbinin qəbul edərək təbii qazdan istifadəyə görə yaranmış 213380,80 (iki yüz on uç min üç yüz səksən manat səksən qəpik) manat məbləğində borcunu etiraf edir həmin borcun 50000 (əlli min) manat hissəsini Saziş imzalanadək, 163380,80 (yüz altmış üç min üç yüz səksən manat səksən qəpik) manat hissəsini isə 5 (beş) ay müddətinə, hər növbəti ayın 20 dək, ayda 32676,16 (otuz iki min altı yüz yetmiş altı manat on altı qəpik) manat olmaqla ödəməyi öhdəsinə götürür, 2) hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “X7"nın 5.5ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək, 3) cavabdeh Sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir, 4) tərəflərə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 1912 və 261.0.5-ci maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəsi qəbul edirlər, 5) bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir, 6) tərəflər arasında xoş məramlı niyyətin təzahürü kimi sazişdə göstərilən şərtlərin yerinə yetiriləcəyini nəzərə alaraq məhkəmədən sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər və 7) bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncüsü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Bu saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir. - Azərbaycan Respublikası Müstəqil Ekspertizası Mərkəzinin 19.02.2021-ci il tarixli, 78 saylı ekspert rəyində qeyd olunur ki, hazırki ekspertiza tədqiqatı ilə istixanalarda pomidor məhsulu yetişdirilməsinin mövcud aqrotexniki qaydalarına, eləcə də internet saytlarında qeyd edilən məlumatlara müvafiq aparılmış şərti və nəzəri hesablama yolu ilə 25.12.2020-ci il tarixdə qaz nəqlinin dayandırlması nəticəsində Abşeron rayonu, Zirə tərəvəzçilik və südçlük sovxozu ərazisində yerləşən istixana kompleksinin 1, 2, 3 və 4 Ⅶ-li cəmi 71793,6 faydalı sahələrində “Coco Peat” sistemi ilə əkilmiş 195000 ədəd pomidor şitilindən alınması ehtimal edilən 309195,85 kq məhsulun itirilməsindən, yəni əldən çıxmış faydadan dəymiş ziyanın məbləği təxminən 508439,66 manat müəyyən edilir. Qeyd: Abşeron rayonu ərazisində yerləşən “Coco Peat” üsulu ilə əkilən pomidor istixanalarında mövcud olan şitillərin sıxlığından, məhsuldarlıqdan aqrotexniki qulluğun səviyyəsindən, toxumun növündən, ixrac və respublikadaxili bazarlarda mövcud olan qiymətlərdən, respublikadan kənar pomidor ixracının məhdudlaşmasından, pomidorun ixrac qiymətlərindən və sair qiymətə təsir edən amillərdən asılı olaraq müəyyən edilmiş nəticədə qismən dəyişiklik olması istisna edilmir. - “X5” MMC tərəfindən 19.03.2021-ci il tarixli, EBAZ seriyalı, 028303 saylı elektron qaimə tərtib edilərək X2 5000 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - 12.02.2021-ci il tarixli, **********/192766161 nömrəli ödəniş tapşırığından görünür ki, X6 tərəfindən “xxxx” ASC-nin Sahil filialında “X5” MMC-nin AZ64AİİB400900C**********208 nömrəli hesabına 2500 manat məbləğində ödəniş edilmişdir. - 19.03.2021-ci il tarixli, **********/206264826 nömrəli ödəniş tapşırığından görünür ki, X6 tərəfindən “xxxx” ASC-nin Sahil filialında “X5” MMC-nin AZ64AİİB400900C**********208 nömrəli hesabına 2500 manat məbləğində ödəniş edilmişdir. - X6 tərəfindən 29.03.2021-ci il tarixdə 1664 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh İB-yə müraciət edilərək dəymiş zərərin ödənilməsi xahiş edilmiş, eyni zamanda zərər ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Cavabdeh İB tərəfindən X4 ünvanlanmış müraciətə baxılmasının nəticəsi haqqında məktubda qeyd olunmuşdur ki, Bakı X9 Departamenti ilə aranızda məhkəmə mübahisəsinin məhkəmədən kənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədi ilə 18.11.2020-ci il tarixdə Barışıq sazişi imzalanmışdır. Sazişin şərtlərinə əsasən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1127/2020 saylı iş üzrə iddia tələbindən tam olaraq imtina edir, eyni zamanda qarşılıqlı iddia tələbini qəbul edərək Xəzər rayonu Zirə qəsəbəsində yerləşən istixanada (istehlakçı hesabı **********00000) təbii qazdan istifadəyə görə yaranmış 213380,80 manat məlbəğində borcunu etiraf edir. Həmin borcun 50000 manat hissəsini saziş imzalanadək qalan 163380,80 manat hissəsini isə 5 ay müddətinə hər ayın 20-dək ayda 32676,16 manat olmaqla ödəməyi öhdəsinə götürür. Sözügedən sazişin 3-cü bəndinin tələbi (cavabdeh sazişin şərtlərinə və qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir) pozulmuş, 32676,16 manat ödəniş 20.12.2020-ci il tarixədək ödənilməmişdir. Bununla əlaqədar istixananın təbii qaz təchizatı dayandırılmışdır. - 02.12.2021-ci il tarixli, 102OPXO203370399 nömrəli ödəniş tapşırığından görünür ki, X6 tərəfindən Cavabdeh İB-nin AZ17AİİB******************** nömrəli hesabına 23321,02 manat məbləğində ödəniş edilmişdir. - 02.12.2021-ci il tarixli, 102FTRQ203370857 nömrəli ödəniş tapşırığından görünür ki, X6 tərəfindən Cavabdeh İB-nin AZ48CTRE******************** nömrəli hesabına 4197,78 manat məbləğində ödəniş edilmişdir. - 22.12.2021-ci il tarixli, 96 nömrəli ödəniş tapşırığından görünür ki, X6 tərəfindən Bakı X9 Departamentinin AZ17AİİB******************** nömrəli hesabına 2000 manat məbləğində ödəniş edilmişdir. - 22.12.2021-ci il tarixli, 102OPXO203570476 nömrəli ödəniş tapşırığından görünür ki, X6 tərəfindən Cavabdeh İB-nin AZ48CTRE******************** nömrəli hesabına 4984,47 manat məbləğində ödəniş edilmişdir. - 22.12.2021-ci il tarixli, 102FTRQ203570870 nömrəli ödəniş tapşırığından görünür ki, X6 tərəfindən Cavabdeh İB-nin AZ17AİİB******************** nömrəli hesabına 25691,53 manat məbləğində ödəniş edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin 24.09.2020-ci il tarixli, 2-2(113)-1127/2020 saylı qərardadı ilə İddiaçı Rahim oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Təzə sahə ünvanında yerləşən istixanaya (abonent kodu6 **********00000) 213380,80 manat borcun ödənilməməsinə görə qaz təchizatının dayandırılması Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. - İddiaçı tərəfindən “Azərqaz” İB-yə ünvanlanmış 28 dekabr 2020-ci il tarixli 28122020/1 nömrəli ərizədə qeyd olunmuşdur ki, İddiaçı fərdi sahibkar kimi Abşeron rayonu, Zirə qəsəbəsində 7.4 hektar sahədə istixana şəraitində pomidor yetişdirilməsi və satışı fəaliyyəti ilə məşğuldur. Həmin istixananın qazla təmin edilməsi məqsədi ilə onunla Cavabdeh arasında 02.10.2017-ci il tarixli 2947-10-17 saylı "Qaz paylayicisi ilə sənaye qaz qurğusunun istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasan istifadə edilmiş qazın dəyərinin ödnilməsi barədə məhkəmə mübahisəsi yaranmış, lakin onunla "Cavabdeh" İB-nin Bakı X9 Departamenti arasında 18.11.2020-ci il tarixdə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən qazdan istifadəyə görə yaranmış 213380,80 (iki yüz on üç min üç yüz səksən manat səksən qəpik) borc məbləğinin 50000 (əlli min) manatı saziş imzalanadək, 163380,80 (yüz altmış üç min üç yüz səksən manat səksən qəpik) manat hissəsi isə beş ay müddətinə hər növbəti ayın 20-dək, ayda 32676,16 (otıız, iki min altı yüz yetmiş altı manat on altı qəpik) manat olmaqla ödəməyi öhdələrinə götürmüş və öhdəliklərini vaxtlı vaxtında yerinə yetirirdilər. 11.12.2020-ci il tarixdə "Cavabdeh" İB-nin Bakı X9 Departamenti tərəfindən 2020-ci ilin noyabr ayı üzrə 84446 (səksən dörd min dörd yüz qırx altı) manat qazdan istifadəyə görə 150 nömrəli hesab faktura, "Cavabdeh" İB tərəfindən isə 16.12.2020-ci il tarixdə EBAY seriyalı 970091 nömrəli elektron qaimə təqdim edilmiş və 25.12.2020-ci il tarixdə istixanaya qazın verilməsi heç bir xəbərdarlıq və hər hansı akt tərtib edilmədən əsassız və qanunsuz olaraq dayandırılmışdır. 02.10.2017-ci il tarixli 2947-10-17 saylı "Qaz pavlayıcısi ilə sənaye qaz qurğusunun istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 3.4cü bəndində hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) bir ay sonra bank və ya poçt şöbələri tərəfindən tam ödənilməsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "X7"nın 5.5-ci bəndində də qaz paylayıcısınm istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməli olması göstərilmişdir. Qeyd edilən qaydaların 3.1.5-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli olması qaz paylayıcısının vəzifəsi kimi qeyd edilmiş, 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qazın verilməsinin dayandıra biləcəyi, qeyd edilmiş, 6.7-ci bəndində isə qazın verilməsinin dayandırılınası və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməsi və aktın bir nüsxəsinin istehlakçıya təqdim edilməli olması göstərilmişdir. Yuxarıda qeyd etdiyi “X7”nın müvafiq müddəaları onunla Cavabdeh İB arasında bağlanmış 02.10.2017-ci il tarixli 2947-10-17 saylı "Qaz paylayıcısı ilə sənaye qaz qurğusunun istifadəçisi arasında qazın alqı satqısı barədə müqavilə"nin 2.1.13-cü, 2.2.6.4-cü, 3.4-cü bəndlərində də qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərdən də görünür ki, ona, yəni X4 məxsus istixanaya qazın verilməsi 2021-ci ilin yanvar ayının 11-dən tez dayandırılması qanunsuz və əsassızdır. Bundan başqa istixanaya qazın verilməsinin qanunsuz və əsassız dayandırılması onun fəaliyyətinə mənfi təsir etməklə yanaşı ona böyük məbləğdə zərər vuracaqdır. Belə ki, ona məxsus 7,4 ha ərazidə yerləşən istixanalarda hazırda 600000 kq-dan artıq pomidor məhsulu əldə edilməsi üçün xərc çəkilmiş, isitilikxanalarda işləmək üçün işçilər cəlb edilələrək əmək haqları ödənilmiş və digər zəruri xərclər çəkilmişdir. Hazırkı vəziyyətdə qış fəslinin olması, hava şəraitinin soyuq olması istixanda pomidor məhsulunun yetişdirilməsinin qazsız həyata keçirhnəsinin mümkünsüz edir. Qeyd edilən istixanaya qazın verilməsi dərhal verilməsi bərpa edilmədiyi halda onun istixanada yetişdirdiyi məhsullar zay olacaq və mənə real zərər dəyməklə yanaşı istixanadan yetişdirəcəyi malın satışından əldə edəcəyi gəlirdən də məhrum olacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədəiənməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Odur ki, ona, yəni X4 məxsus Abşeron rayonu Zirə qəsəbəsində yerləşən 7,4 hektar ərazidə yerləşən istixanaya qazın verilməsinin dərhal bərpa edilməsini Cavabdeh İB-dən tələb edir. Əks halda qazın verilməsinin bərpa edilməməsi nəticəsində ona dəymiş real zərər və əldən çıxmış fayda qanunvericiliyə əsasən hesablanaraq Cavabdeh İB-dən tələb ediləcəkdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia tələbini Cavabdeh qanunsuz və əsassız hərəkətləri nəticəsində iddiaçıya dəyən 508439,66 manat həcmində maddi ziyanın, vəkilə ödənilmiş 2085 manat xidmət haqqının, mənəvi ziyan kimi 10000 manat həcmində pul vəsaitinin, ekspertiza xərci üçün 5000 manat pul vəsaitinin, cəmi 525524,66 manat ziyanın vurulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Müstəqil Ekspertizası Mərkəzinin 19.02.2021-ci il tarixli, 78 saylı ekspert rəyinə istinad etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, sözügedən ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin rəy, eləcə də məhkəməyə təqdim olunan baxış aktları birtərəfli qaydada, Cavabdeh iştirakı təmin edilmədən tərtib edilmişdir. Bundan başqa, əgər ziyan dəyibsə, həmin ziyanla Cavabdeh hərəkətləri arasında səbəbli əlaqənin olması, məhsulun itirilmə səbəbləri barədə məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır (müvafiq qurumların rəyi). Bundan başqa, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında “xxxx” MMC ilə X6 arasında bağlanmış müqavilələr, tərtib edilmiş təhvil-təslim aktları, “xxxx” MMC-yə göndərilən e-qaimələr da iddia tələbinin əsaslılığını təsdiq edən sübut deyil. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar