Məhkəmə qərarları › İş №e-2-2(113)-2278/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2278/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2278/2025 07.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim etdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sifarişlərin çatdırılmaması məsələsi ilə bağlı qanun pozuntusuna Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində tədbir görülməsi, cavabdeh tərəfindən ümumilikdə dəyəri 150 ABŞ dolları olan paltar ləvazimatının, 114,91 ABŞ dolları dəyərində olan şəxsi istifadə üçün qida əlavələri və vitaminləri, o cümlədən şirkətin işgüzar fəaliyyətinə dəymiş 2500 manat məbləğində pulun maddi ziyan olaraq, habelə 2500 manat məbləğində pulun 2024ci ilin sentyabr ayından cari ilin fevral ayına qədər itirilmiş zamana görə, həmçinin şirkətin imicinə dəymiş ziyana görə mənəvi ziyan olaraq cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2036/2025 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, yol verilən nöqsanlar iddiaçının diqqətinə çatdırılmışdır. Lakin iddiaçı nöqsanları tam aradan qaldırmadan və yeni nöqsana yol verməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 112.1 və 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Məhkəmə qeyd edir ki, sadələşdirilmiş icraat qaydasında yalnız qiymətləndirilən iddia tələbləri irəli sürülə bilər. Halbuki iddiaçı qiymətləndirilən və qiymətləndirilməyən iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, iddia tələbi mülki məhkəmə icraatı çərçivəsində çəkişmə və dispozitivlik prinsiplərinə müvafiq olaraq iddiaçı tərəfindən müəyyən edilir. Bu zaman iddia tələbinin qeyri-dəqiq ifadə edilməsi və ya iddia tələbinin müəyyən edilməsini məhkəməyə həvalə etmək yolverilməzdir. Bu mənada iddiaçının cavabdeh tərəfindən sifarişlərin çatdırılmaması məsələsi ilə bağlı qanun pozuntusuna Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində tədbir görülməsi tələbi qeyri-müəyyəndir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qiymətinə (5450,35 manat) uyğun dövlət rüsumunun məbləği 74,5 manat təşkil etdiyi halda, iddiaçı tərəfindən ********** nömrəli qəbz əsasında 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən ərizənin həmin Məcəllənin 284-3.1ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məzmunla bağlı tələblər pozulmaqla verildiyindən, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar