Məhkəmə qərarları › İş №e-2-2(113)-2279/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2279/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2279/2024 15.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X5 qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: pul tələbi, vəkil xərci, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh X5 qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə X6 arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducuların dəyərinin iki misli həcmində, yəni 1600 ABŞ Dolları, 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) və 60 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X6 arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq, dəyəri 800 ABŞ dolları olan 1 ədəd SDVC markalı soyuducu İddiaçı MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə cavabdeh X4 əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyə verən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. “İstifadəçi” soyuducunuun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində “İstifadəyə verənə” cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən cavabdeh X2 müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq cavabdeh X4 pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2021ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər cavabdeh X6 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və İddiaçı MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq İddiaçı MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə verərək, İddiaçı MMC ilə X6 arasında imzalanmış xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducuların dəyərinin iki misli həcmində, yəni 1600 ABŞ Dolları ,120 manat vəkil xidmət haqqı və 60 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. "xxxx" MMC ilə X7 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 21366 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən:

10. 1. Müqavilənin predmeti

11. Müqavilənin 1.1-ci bəndinə əsasən istifadəyəverən özünün istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli alkoqolsuz spirtsiz işkilərin və çayların istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndinə göstərilmiş istifadəçəyiə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyəverənin tələbi ilə müqavilənin 2.1.1-ci bəndinə göstərilmiş avadanlıqları işlək vəziyyətdə geri qaytarmağı öhdəsinə götürür.

12. 2.Tərəflərin hüquq və cavabdehliyi

13. Müqavilənin 2.1-ci bəndinə əsasən “İstifadəyəverən”

14. 2.1.1. “İstifadəyəverən” müqavilə şərtlərinə əsasən onun mülkiyyəti olan, reklam xarakterli soyuducunu istifadəçiyə verir. İstifadəyə verilmiş soyuducu üçün heç bir formada istifadə haqqı tələb etmir.

15. 2.1.2. İstifadəyə verilən soyuducu üçün yararlı, əmtəə görkəmli, heç bir xəsarəti olmayan əmlak olaraq “İstifadəçi”yə əlavə 1-də göstərilən təhvil-təslim aktı vasitəsi ilə təhvil verir.

16. Müqavilənin 2.2-ci bəndinə əsasən “İstifadəçi”

17. 2.2.1. İstifadəyə verəndən soyuducunu qəbul etməyi və qəbul etdiyi gündən etibarən həmin soyuducunu müqavilədə göstərilən məqsəd üzrə istifadə etməyi öhdəsinə götürür.

18. Müqavilənin 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir.

19. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Göründüyü kimi iddiaçı soyuducuların əvəzsiz istifadə verilməsinə dair müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulması səbəbi ilə 1 ədəd SDVC markalı soyuducu markalı soyuducunun dəyərinin iki misli həcmində olmaqla cəmi 1600 ABŞ dolları məbləğində borcun ödənilməsini cavabdehdən tələb etmişdir.

23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında əmlakın əvəzsiz istifadəyə verilməsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən əmlakı cavabdehin əvəzsiz istifadəsinə versə də, cavabdeh əvəzsiz istifadəyə verilmiş əmlakı vaxtında qaytarmamış, bununla da müqavilə öhdəliklərini pozmuşdur.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.

26. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.

27. 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.

28. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir.

29. Beləliklə, cavabdehin iddiaçıya həmin əmlakın 2 misli dəyərində ödəniş etmə öhdəliyi yaranmışdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

32. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. İddiaçı tərəfindən cavabdehdən müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamış və müqavilə üzrə üzərinə götürüldüyü öhdəliyi pozmuşdur.

34. Məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.

35. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 120 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh X3 xx.xx.2021-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə üzrə 1 ədəd SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində olmaqla cəmi 1600 (bir min altı yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti, vəkil xərcinin əvəzi olaraq 120 (yüz iyirmi) manat və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar