Məhkəmə qərarları › İş №e-2-2(113)-2282/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2282/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2282/2023 11.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh3, Cavabdeh2 qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 26 avqust 2020-ci il tarixli, № 163 saylı alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 9351 (doqquz min üç yüzəlli bir) manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 579,76 (beş yüz yetmiş doqquz manat yetmiş altı qəpik) manat məbləğində dəbbə pulunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 119,30 (bir yüz on doqquz manat otuz qəpik) manat məbləğində pulun müştərək qaydada tulularaq iddiaçı “X1” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X1” MMC ilə Cavabdeh3 arasında 26 avqust 2020-ci il tarixdə, 163 №-li alqı-satqı müqaviləsi (bundan sonra – “müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokollarında əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malı qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, cavabdeh 2000 manat ilkin ödəniş, 16 ay müddətinə isə hər ay 750 manat olmaqla, ümumilikdə 14000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək müqavilə üzrə ödənilməli məbləğdən yalnız 4649 manat ödənilmiş, cavabdehin iddiaçıya 9351 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, cavabdeh öhdəliyinin icrasından yayınmış, satın aldığı malların əvəzini ödəməmişdir. Bundan əlavə iddiaçı ilə Cavabdeh2 arasında 26 avqust 2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “satıcı” Cavabdeh3 “alıcı” olmaqla imzalanmış 26 avqust 2020 tarixli 163 nömrəli alqı-satqı müqaviləsinə əsasən “satıcı” sifariş əsasında ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan ilkin razıalşdırılma protokolunda əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödəməklə “alıcı”ya satmağı, alıcı isə malı qəbul edib qaimə fakturalarda əks olunan qiymətini “satıcı”ya ödəməyi öhdəsinə götürür. 1.4 bəndə əsasən satılan malın dəyərindən 2.000 manat məbləğini-ilkin olaraq əvvəlcədən yerdə qalan məbləği isə 16 ay ərzində kredit cədvəlinə müvafiq olaraq ödəniş tarixindən gec olmamaq şərti ilə hissə-hissə nağd ödəməyi “alıcı” öz üzərinə götürür. 2.2.4 bəndə əsasən “alıcı” satılan malın dəyərinin ilkin ödəniş edildikdən sonra qalıq məbləğin 26 dekabr 2021 tarixindən gec olmayaraq “satıcı”ya ödəyir. 4.2-bəndə əsasən “alıcı” malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində “satıcı”ya ödəyir. 26 avqust 2020-ci il tarixli ödəniş cədvəlində aylıq 750 manat ödəniş olmaqla 26 dekabr 2021 tarixinədək ödəniş qeyd edilmişdir. Ödəniş cədvəli İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş, “alıcı” olaraq Cavabdeh3 qeyd edilmiş, imzalanmışdır. 26 avqust 2020-ci il tarixli təhvil-təslim aktında müxtəlif çeşiddə malların təhvil verilməsi qeyd edilmişdir. Akt İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş, alıcı Cavabdeh3 qeyd edilmiş, imzalanmışdır. İddiaçı MMC və Cavabdeh2 arasında imzalanmış 26 avqust 2020 tarixli zaminlik müqaviləsində qeyd edilmişdir ki, zamin kreditor və borclu arasında bağlanılmış 26 avqust 2020 tarixli 162 nömrəli müqaviləyə əsasən borclu tərəfindən öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İV. İşin müəyyən edilən halı: İşin müəyyən edilən halı ondan ibarətdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə əsasında müxtəlif çeşiddə mallar cavabdehlərə təhvil verilmişdir. Tərəflər arasında alğı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğin hissəhissə ödənilməsi nəzərdə tutulsa da Cavabdeh3 borcunu tam olaraq ödəməmişdir. Eyni zamanda Cavabdeh3 ilə imzalanmış müqavilənin təmin üsulu olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi də imzalanmışdır. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. AR Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 1.4 bəndində razılaşdırılmışdır ki, malın dəyərindən 2.000 manat məbləğ ilkin olaraq əvvəlcədən, yerdə qalan məbləği isə 16 ay ərzində kredit cədvəlinə müvafiq olaraq ödəniş tarixindən gec olmamağı şərti ilə hissə-hissə ödənilməlidir. Hazırda iddiaçı iddia tələbində cavabdeh tərəfindən ümumilikdə 4.649 manatın ödənildiyini qeyd etmişdir. Məhkəmə qeyd edilən halı nəzərə alaraq hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində təmin edilməli və 9.351 manat Cavabdeh3 tutulmalıdır. Eyni zamanda iddiaçı öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 579,76 manat dəbbə pulu da tələb etmişdir. Məkəmə qeyd edir ki, cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi öz təsdiqini tapdığından və tərəflər arasında imzalanmış müqavilədə cərimə məbləğinin ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən cərimə də tutulmalıdır. Məhkəmə cavabdehdən tutulacaq cərimənin məbləğinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ əsas borca münasibətdə daha çoxdur. Bu baxımdan həmin məbləğ azaldılmalı və 280,53 manat cavabdehdən tutulmalıdır. Bundan başqa tərəflər arasında öhdəliklərin icrasını təmin edilməsi üçün zaminlik müqaviləsi də bağlanmışdır. Məhkəmə iddia tələbinin zaminə- Cavabdeh2 münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin ödəniş cədvəlində sonuncu ödəniş tarixi olaraq 26 dekabr 2021-ci il tarixi göstərilmişdir. İddiaçı isə xx.xx.2023 tarixində məhkəməyə müraciət edərək əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminlərə qarşı tələbin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin müqavilə üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. Vİ. Məhkəmə xərcləri: MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 107 manat mediasiya xərci və 12,3 manar ödənilmiş dövlət rüsumu olmaqla cəmi 119,3 manat Cavabdeh3 tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 26 avqust 2020-ci il tarixli 163 saylı alğı-satqı müqaviləsi üzrə 9.351 manat , 280,53 manat dəbbə pulu, 107 manat mediasiya xərci, 12,3 manar ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar